facebook

Qadın və kişilərin facebookda özünəməxsus paylaşımları – bu özüntəsdiqdirmi?

Baxış sayı: 1. 521

İnternet, sosial şəbəkələr artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Azərbaycanda sosial şəbəkələr arasında daha çox facebook populyardır. Məlum olub ki, 2017-ci ildə ölkəmizdə 2,3 milyon insan bu sosial şəbəkənin istifadəçisidir. Beləliklə, facebook sosial şəbəkəsinin Azərbaycanda əhatəsi 91,55 faizə bərabərdir. Cəmiyyətimiz televiziya kanallarından daha çox facebookdan məlumat almağa çalışır. O cümlədən də xəbər agentliklərinin də “çörəyi facebookdan çıxır” desək yanılmarıq. Yəni hər kəs öz çevrəsinə uyğun bu sosial şəbəkədən istifadə etməyə çalışır. Araşdırma aparan zaman məlum olur ki, istər evdar, istərsə də işgüzar qadınlar daha çox evdə bişirdikləri yeməklərin, kişilər isə məşq etdikləri idman zallarından, ov zamanı çəkdiyi fotolarını paylaşmağı sevir. Cinsindən asılı olmayaraq insanlar istirahət və toyda olarkən də fotolar paylaşmağı sevirlər. Maraqlıdır, bu özünütəsdiqdir, yoxsa?
Psixoloq Azad İsazadə sualımıza bu cür cavab verdi:
“Cinsindən asılı olmayaraq, bu cür paylaşım etməyin cavabı belədir – nəyi yaxşı bacarıramsa, onu da nümayiş etdirmək istəyirəm. Araşdırsaq, aşpazlıq təcrübəsini bölüşən kişilər də kifayət qədərdir. Sadəcə, biz evdə yemək az bişiririk və qadağalardan başqa heç kəsə heç nəyi öyrədə bilmərik. Nəyi yaxşı bacarırıq, onu da nümayiş etdirməyə çalışırıq. İstər gündəlik həyatımızda, istərsə də toy-bayramda. Sosial şəbəkə, sadəcə, bizim imkanlarımızı daha geniş edir. Hansısa toyda-bayramda kimsə yaxşı tost deyir, kimisi isə danışmağı xoşlamır, amma yaxşı rəqs edir. Sosial şəbəkələr də bizə imkan verir ki, bacarıqlarımızı daha geniş nümayiş etdirək. Üstəlik, kişilər təkcə idman zallarından deyil, balıq tutmaqları, ovları, bağda əkib-becərdikləri ağacları ilə də bağlı fotolar paylaşırlar. Yəni kim nəyə sevinirsə, onu ətrafı ilə bölüşməyə çalışır və bu, normaldır. Biz küçəyə çıxanda daha yaxşı, səliqəli paltar geyinirik ki, özümüzü nümayiş etdirək. Sosial şəbəkə də sanki bir küçədir, nə bacarırıqsa onu göstərmək istəyirik. Və insanlar bu cür paylaşımlarından özlərini xoşbəxt hesab edirlər. Mən sosial şəbəkələrə az girirəm. Və girəndə də kimsə məndən nə haqqındasa soruşanda psixoloq kimi öz məsləhətlərimi bildirməyə çalışıram. Çünki mən bunu yaxşı bacarıram”.
Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir