Qadina zorakiliq

Qadına qarşı zorakılığın ucuzlaşdırdığı insan taleyi

Baxış sayı: 727

Sumqayıtda qətl hadisəsi törədilib. Şəhər sakini 2000-ci il təvəllüdlü Cabbarova Mehriban Aydın qızı və anası 1978-ci il təvəllüdlü Cabbarova Xatun Eybatulla qızı bıçaqlanıb. Məlumata görə, hadisəni 20 yaşlı qızın nişanlısı törədib. Yaralıların hər ikisini xəstəxanaya çatdırmaq mümkün olsa da, M.Cabbarovanın həyatını xilas etmək mümkün olmayıb. X.Cabbarova isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Bundan başqa, Tərtər rayonu, Şıxarx kəndi ərazisində isə qadın keçmiş həyat yoldaşı tərəfindən qətlə yetirilib. Kənd sakini 1990-cı il təvəllüdlü Röyalə Tağıyevanın yaşadığı evdə meyiti tapılıb. 1984-cü il təvəllüdlü Səlim Əsədovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı Röyalə Tağıyevanı boğaraq qəsdən öldürdüyü müəyyən edilib.

TV kanallarda, qəzet və saytlarda qadının həyat yoldaşı tərəfindən öldürüldüyü barədə informasiyaya mütəmadi rast gəlirik. Bu informasiyalar o qədər adi hal alıb ki, bir çox hallarda diqqətdən kənarda qalır. Cəmiyyətdə dəhşətli fikir formalaşıb: axı burda nə var? Qadın döyülər də, söyülər də. Ölübsə, bir işdi də, olub. Yəni insan taleyi bu qədər ucuzlaşıb? Cəmiyyətin ağırlığını çiyinlərində daşıyan qadına zorakılıq niyə tətbiq edilir?

 rena mirzezade

“Gender və İnsan Hüququ” Araşdırma Birliyinin sədri Rəna Mirzəzadə bildirir ki, ailə münaqişəsi daha çox bu səbəblərdən baş verir: kişinin işsiz qalması, ailənin iqtisadi çətinlik çəkməsi, spirt və digər zərərli vərdişi olan kişinin qadın tərəfindən xəbərdar edilməsi.

Birlik sədri qeyd edib ki, maarifləndirmə ilə yanaşı, qadınların hüquqi savadı artırılmalıdır:

“Zorakılıq qurbanları çox vaxt müdafiə olunmaları ilə bağlı məlumatsız olur, hüquqlarını bilmirlər. Onlar döyülməni, hər cür şiddəti normal hesab edirlər. Tədbir görülməyəndə də zorakılığı törədən şəxs əməlində haqlı olduğunu düşünür. Hətta bu hal ölümlə nəticələnir. Belə faktlarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi mütləqdir”.

R.Mirzəzadə vurğulayır ki, zorakılıq törədən şəxsi məsuliyyətə cəlb etməklə iş bitmir:

“Polis həmin şəxslərlə söhbət etməli, nəzarətdə saxlamalı, ailə ilə görüşlər keçirməlidir. Həmin şəxslər polis tərəfindən psixoloqa yönləndirilə, zorakılığa məruz qalanların qorunması, gizlədilməsi də təmin edilə bilər. Lakin polislər bunun əvəzində cinayət törədiləndən sonra həmin adamı həbs etməklə kifayətlənirlər.

Profilaktik işlərin görülməməsi çox zaman hüquq-mühafizə orqanlarında çalışanların vəzifə borcundan çox, həmcinslərini dəstəkləmək istəklərindən irəli gəlir. Ailə zorakılığına məruz qalan qurban- bu, daha çox qadın olur.

Cəmiyyətimizdəki qadınların çoxu münaqişə zamanı ərləri və ya qanunsuz nikahda olduqları kişilər tərəfindən öldürülür. Cinayətlər bəzi hallarda uşaqların gözü qabağında baş verir”.

Birlik sədrinin fikrincə, qadına qarşı olan zorakılıq bəzən zorakılıq aktı kimi qəbul edilmir. Beləliklə cəzasızlıq kimi münbit şəraitdə kişilər üçün geniş meydan açılır:

“Ailə daxilində törədilən qətllər daim mövcud olub.Sadəcə, son vaxtlar bu qətllərin üstünün açılması daha kütəvi şəkil almağa başlayıb. Əvvəlki illərdən fərqli olaraq bu hadisələr mətbuatda və televiziyada daha çox işıqlandırılır.

Qadın mübarizə aparırsa, boşanmaq istəyirsə, polisə ərizə verirsə, deməli əxlaqsızdır. Qadını polisə müraciət etməyə, ondan kömək istəməyə vadar edən səbəblər haqda isə kimsə düşünmək istəmir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir