Qadınla kişi dost ola bilərmi?

Baxış sayı: 1. 562

Kişi və qadın dostluğu cəmiyyətdə heç də hər zaman birmənalı qarşılanmır. Bir çoxları hətta iddia edirlər ki, əks cinsin nümayəndələri arasında dostluq münasibətləri ola bilməz. Çünki iki tərəfdən biri digərinə qarşı dostluqdan daha artıq hisslər bəsləyə, bu isə çox tez bir zamanda sevgiyə çevrilə bilər. Lakin bu fikrin qəti əleyhinə olan insanlar da var. Belə ki, onların fikrincə, bu, insanların fərdi xüsusiyyətləri ilə bağlı bir məsələdir. Qadın və kişi arasında olan dostluğu onlar daha sağlam və etibarlı təməl üzərində qurulmuş hesab edir və güvən hissinin burada daha artıq olduğunu vurğulayırlar.
Ölkəmizdə təhsil alan Qazaxıstanlı bir xanımın bu günlərdə “Kaspi”yə verdiyi müsahibədə bildirdiyinə görə, Azərbaycanda belə bir fikir formalaşıb ki, bir qadın əks cinsin nümayəndəsi ilə yaxın dostluq edirsə, deməli, həmin insandan xoşu gəlir. Bu, həm qarşı tərəfdə, həm də ətrafdakı insanlarda eyni assosiasiyanın yaranmasına səbəb olur. Bəs bizdə bu məsələyə necə yanaşırlar? Kişi və qadın arasında dostluğun real olub-olmaması ilə bağlı biz də araşdırma apardıq.

“İkitərəfli münasibətlərdə müəyyən olunmuş baryer olmalıdır”

Psixoloq Vəfa Rəşidovanın fikrincə, əks cinslər arasında dostluq münasibəti ola bilər. Lakin bir şərtlə ki, onlar öz münasibətlərini tənzimləməyi bacarsınlar. Həmsöhbətimiz qeyd etdi ki, insanlarda bu fikrin formalaşmasına əsas səbəb dostluq pərdəsi ilə əsl niyyətini və məramını gizlədən insanlar olub: “Düşünürəm ki, konkret olaraq hansısa ölkəni, yaxud da milləti bu məsələdə ittiham etmək o qədər də düzgün fikir deyil. Müxtəlif yerlərdə yaşamalarına baxmayaraq, əksər insanlarda psixologiya təxminən eynidir. Əlbəttə, bir sıra fərqli cəhətlərə rast gələ bilərik. Məsələn, Azərbaycan etnopsixologiyasının Avropa psixologiyasından bir sıra fərqli xüsusiyyətləri var. Buna isə bir neçə amil səbəb ola bilər. Məsələn, mentalitet dəyərlərindən tutmuş həyat tərzinə qədər bir çox fərqli məqamlar var ki, insanların yaşamına, düşüncə tərzinə ciddi təsir edir. Lakin insan psixologiyasında ümumi bir məqam var ki, burada konkret olaraq ölkə, yaxud da regional baxımdan ayrı- seçkilik etmək, hesab edirəm ki, düzgün deyil”.
Belə bir fikir də var ki, əks cinsin nümayəndələri bir-birinə daha çox etibar edir və güvənir. Bir çoxları düşünür ki, məsələn, kişilərin saxlaya bilməyəcəyi sirr mövzusunda qadınlar daha sadiqdirlər. Bunun da özlüyündə müxtəlif səbəbləri var. Həmsöhbətimiz bildirdi ki, buna səbəb kişilərin, yaxud da qadınların öz dostlarından, rəfiqələrindən ən azı bir dəfə xəyanətə uğramalarıdır: “Hər bir insan həyatı boyunca bircə dəfə olsa belə, öz yaxın dostundan travma alır. Etibarı sarsılmış istənilən insanda belə bir assosiasiya formalaşır ki, əks cinsin nümayəndələri daha etibarlıdır. Əslində hər şey insanın özündən və seçdiyi dostlardan asılıdır. Yalnız kişilərin, yaxud da yalnız qadınların etibarlı olacağı deyə bir şey yoxdur. Qeyd edim ki, belə mənfi hallar bəzi insanlarda bəzən hətta depressiyaya səbəb ola bilir. Odur ki, insan öz dostlarını seçərkən diqqətli olmalıdır”.
V.Rəşidovanın fikrinə görə, istənilən münasibətlərdə, o cümlədən kişi və qadın dostluğunda müəyyən məhdudiyyət saxlanılmalıdır: “Burada çox önəmli faktor iradədir. Eyni zamanda, ikitərəfli münasibətlərdə müəyyən olunmuş baryer olmalıdır. Əgər bu baryeri hər iki tərəf qoruyarsa, dostluq münasibətləri axıra qədər sağlam şəkildə davam edər. Qeyd etmək istərdim ki, burada ən çox məsuliyyət xanımların üzərinə düşür. Fikir, məqsəd və dürüstlük qorunub saxlanmalıdır. Hər şeydən əvvəl hər iki tərəf özlüyündə bəzi şeyləri müəyyən etməlidir ki, biz konkret olaraq dost, yaxud sevgili münasibətindəyik. Belə olmazsa, sonradan fikir ayrılığı yarana bilər. Əgər kişi ilə qadın hətta iş münasibətləri çərçivəsində olsa belə mütəmadi olaraq görüşürlərsə, hər iki tərəf öz şəxsi münasibətdə olduğu insana, həyat yoldaşına bunu əvvəlcədən bildirməlidir. Əks halda yanlış anlaşılma yersiz qısqanclığa səbəb ola bilər. Qısqanclıq isə sonradan həm şəxsi, həm də dostluq münasibətlərinə ciddi ziyan vura bilər”.

“Dostluğun təməli şəffaflıq üzərində qurulmalıdır”

Sosioloq Asif Barselli qəzetimizə açıqlamasında bildirdi ki, konkret olaraq ayrı-ayrı şəxslərin kişi və qadın dostluğu barəsində yürütdüyü fikir sırf subyektiv xarakter daşıyır və düzgün hesab oluna bilməz. Sosioloqun fikrincə, bu kimi iddialar heç də hər zaman gerçəkliyi əks etdirmir: “Azərbaycan reallığında bu fikri mütləqləşdirmək, düşünürəm ki, tamamilə yanlışdır. Qadın və kişi dostluğunun sonradan daha fərqli münasibətlərə yol açması təbii ki, mümkündür. Bunu hansısa xalqın mentalitetinə və dəyərlərinə bağlamaq, nöqsan kimi vurğulamaq doğru deyil. Çünki əks cins arasındakı ilk ünsiyyət qarşılıqlı dostluq münasibətləri ilə başlayır. Sonradan bu dostluğun fərqli fazaya keçməsi əslində tamamilə qanunauyğun bir haldır. Burada milliyyət və ölkə xüsusi bir əhəmiyyət daşımır. Dünyanın hər yerində bu proses eyni şəkildə baş verir. Dostluq böyük bir dəyərdir. Buradakı səmimiyyət bəzən ətrafdakılar tərəfindən yanlış anlaşıla bilər. Buna səbəb isə hər iki münasibətin əsasını qarşılıqlı fədakarlıq hissinin təşkil etməsidir. Digər tərəfdən, biz Şərq mədəniyyətinin daşıyıcısı olan bir xalq kimi, dostluğa bəzən sevgi qədər, hətta şəxsi münasibətdən artıq dəyər vermişik. Bu da başqa mədəniyyətin nümayəndələrində başqa fikirlərin yaranmasına gətirib çıxara bilir. Ona görə də Azərbaycanda uzun müddət olmayan birinin belə bir baxışını mən təbii hal kimi qəbul edirəm. Əks cinslər arasındakı münasibətin daha etibarlı və güvənli olması fikrini isə belə izah etmək olar ki, hər iki tərəf digərində özünün kişi, yaxud da qadın idealını yaratmağa çalışır. Qadınların, yaxud da kişilərin dostluğunda bu faktor mövcud olmur. Belə olan təqdirdə əks cinslər arasında olan münasibətə əlavə çalar qatılır”.
Həmsöhbətimiz bildirdi ki, bu münasibətlərdə ən önəmli mövzulardan biri də düzgünlük və şəffaflıqdır: “Qadın və kişi dostluğunun şəxsi münasibətlərə xələl gətirməməsi üçün bu dostluğun təməli şəffaflıq üzərində qurulmalıdır. Əgər çox kiçik olsa da şübhə toxumları, qaranlıq bir məqam olarsa, həmin yerdə inamsızlıq və etibarsızlıq şəxsi həyatı zədələyə bilər. Digər tərəfdən, qısqanclıq bioloji hissdir. Bu, anadangəlmə instinktdir. Sonradan formalaşan sosial duyğu deyil. Əgər fərdlərin hər hansısa birinin ailəsində qısqanclıq genini özündə daşıyan şəxs varsa, onun bu dostluq münasibətinə mənfi yanaşması tamamilə təbiidir. Bu baxımdan kişi və qadın dostluğu zamanı mənfi hallar yaşanmasın deyə, mütləq bir formul müəyyənləşdirmək lazımdır”.

Şəbnəm Mehdizadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir