kişi-qadın

Qadınlar daha savadlıdır, yoxsa kişilər?

Baxış sayı: 1. 384

Qadınlar yarandığı ilk gündən etibarən məhdudiyətlə üzləşib. Kişilərin bu qadağası keçmişdə “odu qoru”, “mağarada qal” və “uşağa bax” idisə, müasir dövrdə “yemək bişir”, “evdə otur” və “uşağa bax” kimi  böyük bir “təkamül” keçib. Buna görə də, əsasən, ağıl və güc tələb edilən işləri həmişə kişilər görüb.

Tarixə baxsaq görərik ki, ixtiralar, sənət əsərlərinin demək olar çoxu kişilər tərəfindən hazırlanıb. Bəlkə də, qadına şərait yaradılsaydı bu ixtiralar qadın incəliyi ilə hazırlanıb, daha kreativ alına bilərdi. Kişilər isə bu barədə belə fikirləşir ki, “Qadına qalsaydı yəqin ki, hələ də daş dövründə yaşayardıq”.

Çarles Darvin qadınların anlama qabiliyyətinin aşağı olduğunu və kifayət qədər inkişaf etmədiyini deyib. Bu əslində qadınların özlərinin fərqində olduğu bir həqiqətdir. Elm adamları  sübut etsələr də, qadınlar heç vaxt bu fikrin doğru olduğunu qəbul etmək istəmir. Kişilərə nisbətdə 10 qat çox çalışsalar da, geridə qalırlar. Geridə qalmağın əlbəttə səbəbləri var. Qadınlar bir istiqamətdə fəaliyyət göstərə bilmirlər. Daha doğrusu imkan yaranmır. Onlar iş, ailə, uşaq, hamısını idarə etmək məcburiyyətindədir. İşin içinə bir də sevgi daxil olarsa, vay o qadının halına…

Kişilərin isə ailə problemi yoxdur. Qadın var, o həll edəcək. Bütün fikirlərini işə, elmə yönəldirlər. Onların fikirləşməyə daha çox vaxtı var. Ona görə qadınlara nisbətdə daha savadlı olduqları deyilir.

Hər uğur qazanan kişinin arxasında mütləq ağıllı bir qadın olur. Kişilər çox vaxt bu həqiqqəti qəbul etmir, uğur əldə etdikdən sonra həmin qadını bəyənmir, hətta tərk edirlər. Bəzi kişilər isə o ağıllı qadının anaları olduğunu söyləyir. Yəni biz nə etsək də, onlara layiq ola bimirik.

Kişilərin bəzilərinin fikrincə isə, qadınlar çox zəif məxluqlardır. Onlar daim bir kişinin kölgəsinə ehtiyac duyur. Qadınlar incə, fiziki cəhətdən zəif ola bilər, amma ağıl baxımından müqayisə aparılması düzgün deyil. Qadınlar həyatlarında daim özlərindən güclü kişinin olmasını istərlər, onları idarə edən biri deyil.

Ağılca üstün kişilər də var, qadınlar da. Bunu ümumiləşdirmək olmaz. Bir şeyi bilmək lazımdır ki, ağıllı kişiləri də qadın dünyaya gətirir, ağılsızları da. Onları özünüzdən aşağı bilib, əmr etmək, alçaldmaq nəyə lazım? Siz bunu özünüzə yaraşdırırsınız? Əgər kişilərin qadınlardan savadlı olduğu həqiqəti varsa, İQ testi tədbiq edin. Mənim fikrimcə isə, savadlılıq cinsiyyət ayrımına görə deyil də, şəxsə görə fərqlənir.

 

Xəyalə Məmmədova

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir