Qadınlar evdən niyə qaçırlar?

Baxış sayı: 1. 680

Arvadı atıb qaçan kişi özünü asdı”, “Gənc ana 3 uşağını qoyub evdən getdi”, “Evli qadın başqasına qoşulub qaçdı” kimi xəbərlərlə, demək olar, hər gün rastlaşırıq. Ailəsini tərk edən qadınların hər biri də addımına müxtəlif səbəblər göstərir. Bəs əslində baş verənlərin kökündə nə dayanır?

Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, qadın çox səbrli, dözümlü və güzəştə getməyi bacaran bir varlıq olsa da, bəzən vəziyyət elə bir həddə çatır ki, o, evdən qaçmağa məcbur olur. Bəzən qaçıb ölümdəm canını qutarır, bəzən yaşadığı həyatdan. “Qadının evdən qaçması səbrinin bitməsi deməkdir. Bir parça çörəyi, danlaqsız həyatı olan qadın heç bir zaman olduğu şəraitdən qaçmaz”.

Ümumiyyətlə, qadın psixologiyası çox möhkəm olur. Tez-tez depressiv vəziyyətlərə düşsə də, qadın çox zaman çalışır ki, sınmasın. Bu isə müəyyən bir həddə qədər davam edir. Arzuları həyata keçməyən, xəyalları yarımçıq qalan, sevilməyən, döyülən, söyülən, rahat həyat üzünə həsrət qalan qadınlar məcbur olurlar ki, olduqları yerdən uzaqlaşsınlar.

Psixoloq bildirir ki, evdən getmə qadının xarakterindən çox asılıdır. Bəzi qadınlar var ki, həddən artıq dözümlüdürlər. Nə baş versə də, geri addım atmır, uşaqlarının, ailəsinin yanında olurlar. Bəzi qadınlar isə çox həssas olur və onları yaşadıqları hər hadisə təsirləndirir, müəyyən bir müddətdən sonra, o, məcbur olaraq ailədən, evdən uzaqlaşır.

Həmsöhbətimizin sözlərinə görə, bəzi regionlarda qadınlar çox sıxılır, dəyərsiz hesab edilir, incidilir və son nəticədə evdən qaçır. “Müasir dövrdə yaşayırıq. Qadın telefon da işlədə bilər, sosial şəbəkədə də ola bilər. Onun da rəfiqələri olmalıdır. Amma bəzi ailələrdə gəlinə qul kimi baxır, qul kimi davranırlar. Bu davranış da yorur, bezdirir. Mən evdən qaçan gəlinlərdə günah görmürəm. Günah onları buna məcbur edən insanlardadır. Bu, qayınata, qayınana, baldız, həyat yoldaşı da ola bilər”.

A.Əlibəyli bildirir ki, qadının evdən getməsinin mütləq bir səbəbi var. “Heç kim əminliklə deyə bilməz ki, evdən qaçıb atasının, qardaşının evinə gedən qadınlar normal qarşılanırlar. Elə qardaş, elə ata var ki, həmin qadını döyüb-söyüb yenidən ər evinə qaytarır. Və qadının artıq başqa çıxış yolu olmur. Sonda həmin qadın bezib intihar edir. Məncə, intihar edincə qaçıb başqa şəhərə getməsi daha məqsədəuyğundur. Qadın zorakılığa məruz qalmadığı, bezdirilmədiyi və ya başqa halların baş vermədiyi təqdirdə heç vaxt öz isti yuvasını tərk etməz. Səbəblər isə olduqca çoxdur”.

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, birliyin sığınacağına evdən qaçan beş qadın sığınıb. Müsahibimiz bildirir ki, qaçan gəlinlər həyatlarının təhlükə qarşısında olduğunu düşündükləri üçün evlərini tərk ediblər. “Evdən qaçan qadınlara qarşı böyük ictimai qınaq var. Amma heç kim onların evdən niyə qaçdığını düşünmür. Heç kimi maraqlandırmır ki, buna səbəb nədir. Təbii ki, səbəbsiz heç kim öz isti ocağını qoyub qaçmaz”.

M.Zeynalovanın bildirdiyinə görə, qadınların bəzisi ailədaxili zorakılıq səbəbi ilə, bəzisi isə həyatlarına təhlükə olduğu üçün evdən qaçırlar. “Onları da başa düşmək lazımdır. Qınamaq asandır”.

Zeynalova onu da qeyd edir ki, qadınların evdən qaçmasına səbəb onların yaşadıqları mühitdə qarşılaşdıqları problemlərdir. “Qadınlara qarşı ailələrində normal davranış göstərilmir. Döyülüb, söyülüb təhqir edilirlər. O da məcbur olur, canını götürüb qaçsın”.

Bu il ərzində “Təmiz Dünya” İctimai Biliyinə ailədaxili zorakılığa məruz qalan 200 qadın müraciət edib. Bu qadınlardan təxminən 150-si məhz ailə zorakılığı ucbatından evdən qaçıblar”. Bunu isə “lent.az”a birliyin hüquqşünası Məlahət Mədiyeva bildirib. Hazırda birliyə sığınan 5 qadından 2-nin hər birinin 2 azyaşlı uşağı olduğunu deyən M.Mədiyeva onların əsasən ya orta təhsilli, ya da təhsilsiz olduğunu da bildirib.

Ailə zorakılığı nəticəsində evdən qaçan qadınların böyük əksəriyyəti Gəncədəndir. Bununla yanaşı, Bərdədən də zorakılığa məruz qalan qadınlar birliyə müraciət edib.

Hazırda Azərbaycan ailələrində münaqişələrin daha çox qayınana, baldız kimi kənar müdaxilələrin ucbatından yaşandığını deyən Mədiyevanın sözlərinə görə, gəlinlər bu müdaxilələrdən bezərək evdən qaçırlar: “Qayınana, baldız yazıq gəlini bezdirir. Gəlin də sonda dözməyib uşaqlarını da qoyub gedir. Uşağa da “anan pisdir” deyə psixoloji təsir edərək məhkəmədə atası ilə qalmasına nail olurlar. Birliyə müraciət edən qadınlardan üzərlərində siqaret söndürülən, bıçaq batırılan qadınlar da var. Hətta elə qadınlar olub ki, əri ilə barışmasına nail olmuşuq. Ancaq 2-3 ay sonra eyni pis vəziyyətdə yenə birliyə qayıdıb”.

M.Mədiyeva ailə zorakılığına məruz qalan qadınların çoxunun “azad yaşamaq” istəyinə görə əri tərəfindən döyüldüyünü də xüsusi qeyd edib. Ümumilikdə bu il ərzində 276 nəfərə birlik tərəfindən pulsuz psixoloji yardım edilib, 1000 nəfərə hüquqi məsləhət verilib.

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir