ferqane mehmanqizi

Qadınlar nə qədər azaddır? – PSİXOLOQ YANAŞMASI

Baxış sayı: 597

Ölkəmizdə gender bərabərliyinin mövcudluğundan danışır. Amma bu bərabərlik harada və necə göstərilir? Azərbaycan qadınının hüquqları harada və necə qorunur? Biz ailədaxili aqressiyanı və bu kimi halları kənara qoysaq, ümumiyyətlə 90-cı ildən bu günə qədər vəzifədə olan qadınların siyahısına nəzər yetirsən görərik ki, onlar yüksək vəzifələrdə az təmsil olunublar. Yaxın keçmişdəkilərə nəzər salaq: Ali Məhkəmənin sədri Südabə Həsənova, Azərbaycan Respublikası Ali Sovetinin ilk sədri Elmira Qafarova, Ali Arbitraj Məhkəməsinin sədri Flora Əhmədova, Naxçıvan MR-in Ali Məclisinin sədri Sona Əliyeva, Təhsil naziri Lidiya Rəsulova, Lənkəranın icra başçısı Dilrubə Camalova, 1993-94-cü illərdə Azərbaycanın dövlət katibi olan Lalə Şövkət Hacıyeva və s. Hazırda isə Bahar Muradova, Məleykə Abbaszadə, Sahibə Qafarova və s. yüksək vəzifələrdə təmsil olunurlar. Milli Məclisdə 125 deputatdan 22 nəfəri, yəni 30 faizi qadındır. Ancaq Naxçıvan MR-də qadınlar daha çox vəzifələrdə təmsil olunular. Bəs nə üçün idarəetmədə qadınlar çox təmsil olunmurlar? Üzdə olan qadınlarımız azdırsa, biz hansı şəkildə əksər xanımlarımız yüksək vəzifələrdə təmsil olunurlar deyə bilərik? 

Bu sözləri psixoloq, psixoterapevt, mediator Fərqanə Mehmanqızı deyir.

Psixoloq bildirir ki, təhsil ocaqlarında, səhiyyə müəssisələrində, ictimai həyatda, QHT-lərdə daha çox qadınlarımız vəzifə tuturlar. Bu isə kişilər nöqteyi-nəzərdən gender bərabərliyinin pozulmasıdır: “Kişi müəllimlərimiz təhsil sistemində azdır, bu da gender bərabərliyinin pozulmasıdır. Fransada bu yaxınlarda  “açar aksiyası” keçirildi. Fransa kimi inkişaf etmiş ölkədə qadınların əllərində açar tutub aksiya keçirməsi göstərdi ki, orda da ailədə və evdə zorakılıq halları var. Halbuki biz Avropa ölkələrini gender bərabərliyi və tolerantlıqda nümunə göstəririk. İspaniyada 17 nazirdən 11-i xanımdır. Danimarkada da bu yaxınlarda baş nazir istefa verdi ki, bu posta qadın namizəd gəlsin və gender bərabərliyi qorunsun. Ancaq bu istisnalarla yanaşı, nəinki Azrbaycanda, dünyanın əksər ölkəsində qadın hüquqları pozulur. Bu gün Fransadakı “açar aksiyası” göstərdi ki, qadınlara ailədən başlayan əziklik, onlara qarşı şiddət, hüquqlarının pozulması hətta Avropanın ən inkişaf etmiş ölkəsində var və bu, kiçik dövlət hesab etdiyimiz ailədən başlayır. Böyük dövlətlərdə isə görürük ki, rəhbərlikdə qadınlar barmaqla sayılacaq qədərdir. Bu gün yüksək vəzifələrdə qadınlar azlıq təşkil edirsə, ailədaxili münaqişələrdə qadınların hüquqların qorunmasından necə danışa bilərik?

Sovet dövrünə nəzər salsaq görərik ki, o dövrdə də bir çox rayon katibləri, deputatlar qadınlar olub. Bəs bu tendensiya niyə dayandı? Bu gün kişilər niyə vəzifələrdə çoxluq təşkil edir?

Psixoloqun sözlərinə görə, təkcə dünya qadını üsyan edə bilmir, tarixə nəzər salsaq görərik ki, Azərbaycan qadını da üsyan edə və ayağa qalxıb sözünü deyə bilir: “Azərbaycanda 1916-cı il fevralın 14-də aclıqdan təngə gələn çadarlı qadınların üsyanı olmuşdu. O üsyanın qarşısını ala bilmirdilər. Qadınlarımız hansısa haqsızlığa, əzikliyə qarşı üsyan edərkən mədəni şəkildə ediblər. Azərbaycan qadını üsyan edə və ayağa qalxıb sözünü deyə bilir. 1916-cı ildə ildə qadınlarımız mədəni, əxlaqlı formada, övladlarının sağlam yaşaması, qidalanması üçün üsyan etdi. Azərbaycan qadınının üsyanını soyunması kimi qələmə vermək olmaz. 8 Mart isə qadına qarşı olan hörmət, sərbəstlikdir. Azadlıq sözünü çox zaman yanlış anlayırlar. Azadlıq gecə saat 1-də evə gəlmək, ətəyinin, geyiminin açıq-saçıq olması deyil. Azadlıq düşüncədə olmalıdır, sərbəst şəkildə peşə seçməkdə olmalıdır. Azadlıq həm də Milli Məclisdə sayca bərabər olaraq kişilərlə çiyin-çiyinə təmsil oluna bilməkdir, sərbəst şəkildə istədiyi kitabı oxumaqdır. Bu gün yeniyetmələrə mentaliteti aşılayanda deyirlər ki, qısa geyinməyin, mentalitetimizə uyğun deyil”.

F.Mehmanqızı hesab edir ki, əslində türk qadınının mentaliteti onun əxlaqi dəyərləri, özünü kişilərlə bərabərhüquqlu aparması, qəhrəmanlığı, ləyaqəti, dəyərləri, sağlam düşüncəsi uğrunda savaşmasıdır: “Azərbaycanda qadın dəyəri açıq-saçıq  geyimlər, gecə istədiyi saatda evə gəlməsi və s. deyil. Bu gün ölkəmizdə qadın azadlığı deyəndə “filankən istədiyi yerə gedir, istədiyi saatda evə gəlir, istədiyini edir, açıq-saçıq geyinir” deyirlər. Bu, azadlıq deyil, onun həyata baxışıdır. Azadlıq isə tam başqa bir şeydir. Azadlıq həm də istədiyi vəzifədə işləyə bilməkdir. Niyə bizdə polis rəisləri qadınlar deyil? Qadının baxışı ilə kişilərin baxışı arasında fərqlər var. Qadın daha seçici və xırdaçıdır. Bu gün müharibə olan ölkələrə baxsaq görərik ki, orada rəhbərliklərdə qadınların sayı çox azdır. Xoşbəxt ölkələrin idarəçilyində isə daha çox xanımlar təmsil olunurlar. Dünyada qadın müdafiə naziri demək olar ki, yoxdur, sayı olduqca azdır. Fransada qadınlar “açar aksiyası” keçirirsə, heç kəsin Azərbaycanda mentalitet, qadın azadlığı, gender bərabərliyi ilə bağlı mənfi nələrsə deməyini istəmirəm.

Tez-tez işimdə də qarşılaşıram, deyirlər ki, “mənə azadlıq vermirlər, açıq-saçıq geyinə bilmirəm”. Onlara başa sala bilmirəm ki, azadlıq seçdiyin peşədə, tutduğun vəzifədə, idarəçilikdə, arzularını reallaşdıra bilməyindədir. Valideynlər bunu mentalitetlə bağlayırlar. Ona görə də dəyərsizləşmə gedir, ailə institutlarımız dağılır, boşanmalar çoxalır. İnsanlar buna görə övladlarından imtina edirlər”.

Psixoloq vurğulayır ki, bir milləti millət edən onun dəyərləri və mentalitetidir: “Əgər bir xalqın kişiləri həyat yoldaşı ilə silahlanıb döyüşə gedirsə, mənim mentalitetim budur. “Qadın heç bir işə qarışa bilməz, qadının heç bir hüququ yoxdur” demək deyil. Çox vaxt deyirlər ki, qadın işləyəndə azaddır. Ancaq elə deyil. Qadının işləyib-işləməməsinin onun azadlığı ilə heç bir əlaqəsi yoxdur. Dində də, türklərdə də deyilir ki, qadın işləməsin. Bunu çox vaxt əllərində silah edirlər və başqa cür ifadə edirlər. Yəni evin xanımı puldan ötrü kiminsə qapısında işləməsin, söz götürməsin, qadın evində sosial problemlərini həll etsin deyirlər. Qadın evdə idarəçidir, ətrafda isə ictimai işlərlə, xeyriyyəçiliklə məşğul ola bilər. Onun maddi gəliri həyat yoldaşı tərəfindən ödənilməlidir. Türk qadını da həmişə işləyib, ancaq pul qazanmaq üçün yox. İctimai, yardım məqsədli işlərdə çalışıblar və ehtiyacı olan insanlara dəstək olublar. Ancaq işləməyən qadını bəzən hüquqları tapdanan, azadlığı əlindən alınan qadın kimi görürlər. Lakin bu, elə deyil”.  (“Publika.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir