bosanma

Qadınlar niyə tək qalırlar?

Baxış sayı: 140

İnsanlar müxtəlif səbəblərdən boşanır. Bəziləri xasiyyətin uyğunsuzluğundan, bəziləri maddi vəziyyətin yetərsizliyindən, valideynlərin müdaxiləsi və ilaxır… Dünyanın hər yerində insanların ailə qurmaq, bu ailəni dağıtmaq, yenidən ailə qurmaq hüququ var. Azərbaycan insanı da bu hüquqa malikdir. Amma…

Məsələnin əmması bir az böyükdür. Azərbaycanda boşanmış kişi boşanmış qadın qədər problem yaşamır. Ayrıldıqdan 2-3 ay sonra özünə yenidən həyat qurub evlənə bilir. Çox zaman heç ona deyən də olmur ki, “ay bala, niyə boşanmısan?”. Azərbaycan kişisi bu baxımdan şanslıdır. Məşədi İbad demişkən “o olmasın, bu olsun” deyib həyatına davam edə bilir. Düzünü desək, ikinci ailəsinə birincidən də yaxşı baxır, daha diqqətli olur. Boşandığı qadını isə unudub nəinki həyatından, yaddaşından belə, silə bilir. Nadir hallarda olur ki, kişi birinci qadınını unutmasın, amma çoxu yaddan çıxarır.

Azərbaycan qadını isə bu baxımdan bəxtsizdir.  Çünki “boşanmış qadın” əksər kişilərin gözündə  seksual obyektə, ən yaxşı halda “ikinci qadın”a çevrilir.  Azərbaycan qadını boşandıqdan sonra ikinci dəfə ailə sahibi ola bilmir. Hamı ona “başqa gözlə” baxır. Hamı elə düşünür ki, qadın boşanıbsa, ya əxlaqsızdır, ya da əxlaqsız olmalıdır. Boşanmış qadın bir addım irəli atanda, özü üçün yeni bir həyat düşünməyə başlayanda hamı deyir ki, “Allah bilir kim saxlayır bunu”. Boşanmış qadının daşı da özü kimi ağır olub düşür ətrafında olan bir çox insanların başına.

“Boşanıb, bakirə deyil, ondan ev qadını olmaz”, “boşanıb Allah bilir, hansı oyunlardan çıxıb ondan ailə qadını olmaz”, “Kim bilir bəlkə də əxlaqsız olub, deyə boşayıblar onu”…. hamı deyir, deyinir, danışır. Kimsə boşanmış qadının hansı hissləri keçirdiyini düşünmür.

Demirəm bütün boşanan qadınlar “ilahi məxluq”dular. Xeyr. Sadəcə, çox zaman “qurunun oduna yaş da yanır”.

Daşlaşmış, qəlibləşmiş stereotiplər, “Duvaqla girib, kəfənlə çıxmalısan” fikri Azərbaycan qadınının xoşbəxtliyinin üzərindən iri qara xətt çəkir. Boşanmış qadının ikinci şansı olmur. O ya övladını təkbaşına böyütməlidir, ya kiminsə müvəqqəti sevgilisi olmalı, ən yaxşı halda isə kiminsə “ikinci qadın”ı olmalıdır.

Axı niyə cəmiyyət boşanmış qadınları başa düşmək istəmir. Kim istəyər ki, ailəsi dağılsın, ortada qalsın, kiməsə möhtac olsun. Bütün qadınlar çalışırlar ki, ailəsi, onların sevən həyat yoldaşları olsun. Amma həyatdır, gətirməyəndə gətirmir. Bunun üçün niyə qadını günahlandırırıq? Birinin həyat yoldaşı narkomandırsa, birinin əri ona fikir verməyib evinə gəlmirsə, birininki içib qadını döyüb, söyürsə, qadın bütün bunlara niyə dözməlidir? Hər zaman demirsiniz ki, qadın incə məxluqdur? Bu incə məxluqun əzaba dözmə həddi var, bıçaq sümüyə dirənəndə qadın cəmiyyəti, stereotipləri deyil, yalnız özünü düşünmək məcburiyyətində qalır.

Bir neçə gün öncə Günay Məmmədova da Azərbaycanın qəlibləşmiş stereotiplərinin qurbanı oldu. “Boşanmısansa sənin xoşbəxt olmaq haqqın yoxdur”, “Boanmısansa ikinci ailə haqqında xəyallar qurma”, “Boşanmısansa kiminsə sevgilsi olmalısan”….

Əxlaqlısınız, əxlaqdan danışırsınız, bakirə olmayan, ailə qurub boşanmış qadını gəlin kimi görmək istəmirsiniz. Bəs məzarda görmək necə? Ürəkləriniz rahat oldumu? Vicdanınız necə?

Günay Məmmədova  bəlkə də ən rahatı seçdi, iyrənc düşüncəli insanların arasından getdi. Amma bunu etməyənlər, edə bilməyənlər çoxdur. Bu gün boşanmış Azərbaycan qadınları Nərimanov parkında, Tbilisi prospektində, Səməd Vurğun bağında, Türkiyədə, Dubayda sizin əxlaq dəyərlərinizi zirvələrə ucaldırlar. Fəxr edin əməllərinizlə! Günahkar sizsiniz! Bax elə sən!
Nə qədər ki, bu köhnədən qalma fikirləri, axmaq stereotipləri əldə bayraq kimi gəzdirəcəksiniz,  boşanmış Azərbaycan qadınları ya məzarda olacaq, ya da  adınızı hər yerdə ucaldacaqlar…

 

 

İradə CƏLİL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir