Qadınlar niyə atalarına bənzər kişiləri sevir? – SƏBƏB

Baxış sayı: 1. 591

Ataları ilə münasibətlərinin necə olduğundan asılı olmayaraq, qızlar partnyor seçərkən öz gördükləri ata modelini əsas götürürlər. Hələ çağa dövründən ata ilə qızın münasibəti fərqli şəkildə inkişaf etməyə başlayır. Bu mərhələdə körpə qız öz atası ilə emosional bağlılıq yaradır, onu dərin məhəbbətlə sevməyə başlayır və illər ərzində atasını izləyərək onun davranışlarını mənimsəyir. Atanın davranış forması və qızı ilə münasibətləri qızın gələcəkdə oğlanlarla əlaqəsinin necə olacağını müəyyənləşdirir. Buna görə də qızlar  münasibətə başladıqda, atalarına oxşar tiplər seçirlər. Hətta bəzən qızlar “atama bənzər kişi ilə heç vaxt ailə qurmaram”, – desələr belə, ən azından atalarının müəyyən xüsusiyyətlərini daşıyan qarşı cins nümayəndələri ilə əlaqə qurmuş olurlar. Oğlanlarda isə bu, əksinə, yəni analarına bənzəyən qızlara üstünlük vermək kimi özünü göstərir.

İnsan həyatının uşaqlıq mərhələsi, yəni 3-6 yaş arasındakı dövr uşağın gələcəkdə necə biri olacağını müəyyənləşdirdiyi üçün çox önəmli keçid mərhələsidir. Bu mərhələdə ailəsi tərəfindən sevildiyini anlayan və dəstəkləyici ailə mühitində yetişən uşaqlar özgüvənləri yüksək, ünsiyyətə meylli və komplekssiz olurlar. Bu dövr ata-qız münasibətləri üçün də çox vacibdir. Qız uşağı dünyaya gözünü açdığında ilk gördüyü kişi atasıdır və atası ilə mehriban, səmimi münasibət quraraq, kişilərlə davranış qaydasını ondan öyrənir. Atanın xarakter və xüsusiyyətləri qız tərəfindən tədricən öyrənilir və gördüyü ilk kişi atası olduğu üçün onun obrazı uşağın təhtəlşüuruna həkk olunur. Bu səbəbdən qızlar evlənmə yaşına çatdıqda ya atalarına bənzər kişiləri sevir, ya da atası ilə tam əks tipdə olan partnyorlar seçirlər. Məsələn, əgər ata spirtli içki aludəçisidirsə və ya çox sərt xarakterə malik insandırsa, qız ya bu göstəriciləri olan partnyor seçir, ya da bunların tam əksi olan, yəni heç içməyən və ya mülayim xarakterdə olan kişi ilə sevgili olur. Məşhur psixoloq Carl Gustav Yunq ata-qız münasibətlərini ifadə etmək üçün yunan mifologiyasında atasına aşiq olan Elektra əsatirindən ilhamlanaraq, qızın atasını ideallaşdırmasını Elektra kompleksi kimi ifadə etmişdir. Elektra kompleksinə görə, qız uşağının atasına olan heyranlığı və sevgisi uşağın ananı qısqanmasına səbəb olur.

Mövzu ilə bağlı Aile.lent.az-a danışan psixoloq Rövşən Hümbətov bildirir ki, atasız böyüyən qızlarda bu vəziyyət bir az fərqli şəkildə özünü göstərir. Bu ailələrdə olan qızlar emosional olaraq ata sevgisindən uzaq böyüyürlər. Buna görə də yaxınlardan, qohumlardan, qonşulardan ata obrazına ən çox uyğun gələn və uşağa qayğı göstərən kim varsa, qız həmin adamı rol model kimi qəbul edir və gələcəkdə qızın həyat yoldaşı seçimində həmin adamla münasibətləri meyar rolunu oynayır. Bu kimi xanımlar gələcəkdə ailə həyatı qurduqda və ya qarşı cinslə münasibətə girdikdə bəzən necə davranacaqlarını və nə etməli olduqlarını sərbəst şəkildə müəyyən edə bilmirlər: “Bu tip ailədə böyüyən qızlarda iki növ davranış xüsusiyyəti özünü göstərir. Birinci tipdəki qızlar gələcəkdə özlərini ikili münasibətlərdə insanlara, həmçinin kişilərə güvənməyən, hər kəsdən qaçan, melanxolik təbiətli, introvert – içinə qapanıq xarakterdə formalaşırlar. Bu tip xarakter özünü qarşı cinslə münasibətlərdə belə, özünü göstərir. Çünki qız evdə ata-ana münasibətinin necə olduğunu görməyib və buna görə də onun beynində bu kimi mühitdə necə davranmalı olduğuna dair rol modeli yoxdur. İkinci tip qızlar isə kişi və qadın arasındakı sərhədin nə olduğunu dəqiqləşdirə bilmirlər və qız rəfiqələri ilə olan münasibətlərini başqa oğlanlara da tətbiq edirlər. Münasibətə girdiyində belə, harada durmaq lazım olduğunu bilməyən qızlar da çox zaman bu tip qrupuna aid olurlar”.

Bir anlıq həyatınıza, sevdiyiniz kişilərə nəzər yetirin.  Həyatınızda olmuş insanları düşünün. Onlarda mütləq atanızı tapacaqsınız. Ya gülüşü, ya davranışı, ya xarici görkəmi, ya da hər hansı cizgisində atanızdan bir parçanı hiss edəcəksiniz. Bəzən deyirik ki, “mən əsmər sevirəm” və ya “sarışınları bəyənirəm”. Qadınlar atalarına bənzəyən kişiləri sevir. Ata əsmərdisə, qadının arzuladığı kişi əsmər, ata sarışındırsa, qadının xəyalı ilə yaşadığı kişi sarışın olur. Bunu ətrafınızdakı insanlara baxaraq da görə bilərsiniz…

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir