dogus

Qadınlar təbii doğuşdan niyə qorxur?

Baxış sayı: 2. 162
Deyirlər ki, qədim dövrlərdə köçəri həyat yaşayan xalqların qadınları öz övladlarını dünyaya at belində, oturaq həyat sürənlər isə tarlada, bostanda əkin-biçin edərkən gətirərmişlər. Hətta sovet dövrünə qədər analar uşağın dünyaya gəldiyi vaxtı bəzən dəqiq bilmədiyindən, bir çoxlarının sənədlərində doğum tarixi dəqiq qeyd olunmurdu. Lakin zaman keçdikcə hər şey dəyişir, dünya inkişaf edir. Elə bu məsələ də artıq çoxdan o dövrdəki kimi deyil.
İndi qadınların bir çoxu öz övladını nəinki xəstəxanada təbii yolla, hələ üstəlik, qeysəriyyə əməliyyatı ilə dünyaya gətirməyə üstünlük verir. Düzdür, həkimlər xəstələrini yalnız vacib hallarda əməliyyata yönəltsələr də, indi bu artıq kütləvi hal almağa başlayıb. Bəs görəsən bunun əsas səbəbi nədir? Qadınlar niyə təbii doğuşdan qorxurlar: təhlükəli olduğu üçünmü, çox əziyyət çəkmək istəmədiklərinə görə, yoxsa həqiqətən də həkim icazə vermir? Təbii doğuş təhlükəlidirmi? Bu sahədə vəziyyət nə yerdədir?
 
Statistika…
Ümumdünya Səhiyyə Təşkilatı bildirir  ki, son illərdə qeysəriyyə yolu ilə doğum hallarının sayı əhəmiyyətli dərəcədə çoxalıb. Bu sahədə ən yüksək göstərici 56 faizlə Braziliyaya məxsusdur. Latın Amerikasının bu ölkəsində vəziyyət o həddə çatıb ki, artıq hökumət əhalini ehtiyac olmadan “qeysəriyyə epidemiyası”ndan çəkindirmək barədə xüsusi tədbirlərə əl atıb. Bu yolla uşaq dünyaya gətirmək istəyən hər bir qadından rəsmi razılıq alınmaqla yanaşı, tibbi prosedurların əhəmiyyətini təsdiqləyən sənəd tələb olunacaq. Ekspertlərin məlumatına görə, hazırda dünyada qeysəriyyə yolu ilə doğumların sayı 15 faiz təşkil etməsinə baxmayaraq, ana və körpə ölümü riski azalmır. Qeysəriyyə yolu ilə uşaq dünyaya gətirilməsinə görə Misir (51,8 faiz) ikinci, Türkiyə (47,5 faiz) üçüncü, İtaliya isə (38,1 faiz) dördüncü yeri tutur. Çin, Meksika, qonşu İran və ABŞ-da da vəziyyət ürəkaçan deyil.
Azərbaycandakı vəziyyət…
Azərbaycanda qeysəriyyə əməliyyatlarının sayı bir il ərzində 50,33 faiz artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2014-cü illə (168 889 doğuş) müqayisədə 2015-ci ildə Azərbaycanda doğuşların sayı 164 614-ə ensə də, qeysəriyyə əməliyyatları artıb. 2014-cü ildə Azərbaycanda 30 561 qeysəriyyə əməliyyatı olduğu halda, 2015-ci ildə bu rəqəm 50,33 faiz yüksələrək 45 942-yə çatıb. Ötənilki doğuşların 111 599-u təbii yolla olub.  Keçən il ölkədə hər 100 doğuşa düşən qeysəriyyə əməliyyatlarının sayı 27,9-a (2014-cü ildə 18,1) yüksəlib. Ümumilikdə son illər ərzində qeysəriyyə əməliyyatlarının sayı artmaqdadır.  2005-ci ildə ölkədə 7 491, 2010-cu ildə 22 746, 2011-ci ildə 25 960, 2012-ci ildə 30 794, 2013-cü ildə 28 954, 2014-cü ildə 30 561, 2015-ci ildə 45 942 qeysəriyyə əməliyyatı olub. Qeyd edək ki, Dövlət Statistika Komitəsindən cari ilin 10 ayı ərzində qeysəriyyə əmiliyyatı ilə həyata keçirilən doğuş göstəricisini öyrənmək istəsək də, bu mümkün olmadı. Komitədən bildirildi ki, nəticələr ilin sonunda açıqlanır.
Maarifəndirmə işləri aparılmaldır
Uzman cərrah-ginekoloq Nərmin Qəribova deyir ki, son dövrlərdə qeysəriyyə əməliyyatının sayının bu qədər artmasının əsas səbəblərindən biri də maarifləndirmənin düzgün və yetərli qədər aparılmamasıdır. Belə ki, hamilə qadınlar həkimdən məlumat almaq əvəzinə, öz yaxınlarından, qohumlarından eşitdiklərini əsas götürərək təbii doğuşun ziyanlı olduğunu fikirləşirlər: “Ətrafındakılardan kiminsə doğuş prosesi çətin olduğu üçün onlar da elə hesab edirlər ki, bütün doğuş prosesləri çətin olur. Əslində bu heç də belə deyil. Əsas səbəblərdən biri də xəstəliklərin sayının artması, hamiləliyin çətinləşməsidir. Bundan başqa, səbəblərdən biri də odur ki, hamilə qadınların çoxu daha asan və  daha ağrısız olana üstünlük verirlər. Əslində qeysəriyyə əməliyyatı da ağrısız başa gəlmir. Əməliyyatdan sonra adətən ağrılar olur. Əməliyyatların sayının artmasının digər bir səbəbi isə xəstələri yönləndirən həkim faktoru ilə bağlı ola bilər. Təbii doğuş zamanı həm ana, həm də uşaq üçün yarana biləcək problemlərdən yayınmaq üçün qeysəriyyə əməliyyatına üstünlük verilir. Əslində təbii doğuş heç də təhlükəli deyil”.
Təbii doğuşun faydaları
Uzman ginekoloq normal doğuşun faydalarından da söz açdı: “Əlbəttə, təbii doğuşun orqanizmə faydası çox böyükdür. Amma bu o demək deyil ki, hər kəs övladını təbii doğuşla dünyaya gətirməlidir. Elə göstəricilər var ki, həm ana, həm də döl tərəfdən qeysəriyyəyə doğru tibbi göstərişdir. Əgər hər şey qaydasındadırsa, ana və döl üçün təbii doğuşun heç bir fəsadı yoxdur və təhlükəli deyil. Təbii doğuş fizioloji bir prosesdir. Bir şeyi də qeyd etmək lazımdır ki, normal doğuşdan sonra ana dərhal öz əvvəlki həyat şəraitinə davam edə bilir. Bu zaman uşağa baxmaq, özünə qulluq kimi proseslər normal şəkildə həyata keçirilir. Qeysəriyyə əməliyyatı sonrası isə xəstənin bir neçə gün  mütləq  yataq şəraitində qalması şərtdir. Bu da qan dövranında durğunluq yaradır və laxtalanma ilə bağlı riskləri artırır. Qadınları təbii doğuşa yönləndirmək üçün ilk növbədə maarifləndirmə işləri aparılmalıdır. Burada ən önəmli faktorlardan biri də doğuş prosesinin necə olması barəsində xəstənin məlumatlı olması və həkimin doğuşu düzgün idarəetməsidir. Bununla yanaşı, xəstənin özü də doğuş həkiminə köməklik etməlidir. Xəstə doğuşun hansı mərhələsində nə etməli olduğu, doğuşa necə hazırlaşmalı, onu hansı situasiyaların gözlədiyi barəsində maarifləndirilməlidir. Bunun üçün xüsusi mühazirələr və kursların təşkil edilməsi daha yaxşı olardı. Həmçinin hamilələr üçün nəzərdə tutulan kitablardan da bu haqda məlumat öyrənmələri onlar üçün faydalı ola bilər”.
Təbii yolla doğulan uşaqlar psixoloji və fizioloji baxımdan daha güclü olur
Psixoloq Narınc Rüstəmova deyir ki, bəzən qadınlar heç bir həkim göstərişi olmadan öz övladlarını qeysəriyyə əməliyyatı ilə dünyaya gətirmək istəyirlər: “Fikrimcə, burada ilk təbliğat həkimdən başlamalıdır. Çünki dünyaya uşaq gətirməyə hazırlaşan hər bir qadının həyatında onun ginekoloqu böyük rol oynayır. Bəzən həkimlər də elə xəstələrin özü kimi daha rahat olan qeysəriyyəyə üstünlük verirlər. Burada, həmçinin maddi maraqlar da böyük rol oynayır. Çünki təbii doğuşa nisbətən qeysəriyyə əməliyyatının qiyməti xeyli bahadır. Həkim ilk növbədə öz xəstəsini təbii doğuşa yönləndirməlidir. Təbii doğuşla doğulan uşaqla qeysəriyyə əməliyyatı ilə doğulan uşaqlar arasında böyük fərq var. İlk növbədə təbii doğuşla dünyaya gələn uşaqlarda qorxu hissi daha az olur. Çünki onlar ana bətnindən çıxan zaman ilk həyat mübarizəsini yaşayırlar. Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn uşaqlarda tez-tez qorxular özünü büruzə verir. Həmin uşaqlar psixoloji cəhətdən daha möhkəm və sağlıqlı olur. Aparılan araşdırmalar göstərir ki, fizioloji baxımdan da təbii doğuşla dünyaya gələn uşaqlar daha sağlam olurlar. Təbii doğuş ananın öz həyat fəaliyyətinə qayıtması baxımından da çox vacibdir. Həmçinin xanımlar düşünməməlidirlər ki, qeysəriyyə ağrısız başa gəlir. Onlar əməliyyatdan sonrakı ağrıları da mütləq nəzərə almalıdırlar. Xəstə əməliyyat sonrası özünü 2-3 ay ərzində qorumağa məcburdur”.
Hər kəs öz işini bilməlidir
Psixoloq deyir ki, yaxşı olardı, qadınlar hamiləlik zamanı xüsusi kurslara cəlb olunsunlar. O, bu kursların dünya təcrübəsində geniş yayıldığını da vurğuladı: “Kurslarda qadınlara doğuma aid bütün vacib məlumatlar mütəxəssislər tərəfindən  kompleks şəkildə öyrədilir. Kursun sonunda artıq hamilə qadın doğuş haqqında dolğun məlumata sahib olur. Bizdə belə bir yanlış düşüncə var ki, hamilə qadın yatmalı və az hərəkət etməlidir. Əslində hamilə qadın daha aktiv olmalıdır. Bu onun sağlam doğuşu üçün çox faydalıdır. Bu baxımdan maarifləndirmə işinin böyük rol oyandığını düşünürəm. Yaxşı olardı ki, bu kursların geniş təbliğatı aparılsın. Düzdür, Azərbaycanda da belə kurslar var. Amma onların  və  müraciət edənlərin sayı elə də çox deyil. Çünki bir çoxları hələ də bunu tam anlaya bilmir. Əslində doğuş bir əməkdaşlıqdır ki, burada hər kəs öz işini yaxşı bilməlidir”.
N.Rüstəmova sonda  qadınların təbii doğuşdan qorxmasının səbəblərindən də bəhs etdi: “Son dövrlərdə qadınlar arasında təbii doğuşa qarşı qorxu yaranıb. Bu mənada onları qınmaq olmaz. Çünki əgər şiddətinə görə ağrılar sırasında ilk yerdə diri-diri yanmaq gəlirsə, ikinci sırada doğuş ağrıları dayanır. Lakin hamiləlik zamanı  ətrafdakılar normal doğuşun daha qorxulu olması barəsində fikirlər formalaşdırır və yaxınları qadınlara fikirlərini mənfi şəkildə aşılayırlar. Hamilə qadınlar da həssas olduğu üçün bundan qorxurlar. Onlar fikirləşir ki, mən bu ağrını yaşaya bilmərəm. Yaxşı olardı ki, hamiləlik dövrdə qadınlar belə neqativ fikirlərdən uzaq dursunlar. Əksinə, onlara doğuşun müsbət tərəflərini və rahat həyata keçdiyini izah etmək lazımdır. Həmçinin doğuşun təbii, ya qeysəriyyə ilə olması qərarına son anda gəlmək olmaz. Yaxşı olardı ki, bu haqda əvvəlcədən qərara gəlib psixoloji olaraq özünü buna hazırlayasan. Təbii ki, vicdanlı həkim də burada böyük rol oynayır. Çünki xəstəsinə istiqaməti o verir. Təbii doğuş zamanı orqanizm yenidən təzələnir. Qeysəriyyə əməliyyatının olmasına göstərişi isə həkim sosial faktorlara, yaxud qadının həyat tərzinə görə yox, orqanizmin quruluşuna əsasən verir”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir