kişi-qadın

Qadınlar, yoxsa kişilər daha empatikdir?

Baxış sayı: 1. 534

İnsanların tədricən real həyatdan uzaqlaşaraq virtual aləmdə yaşamaları, informasiya bolluğu, stress şəraiti sosium daxilində bir-birlərini anlamasında çətinlik törədir. Lakin empatiyanın formalaşması, lazımi səviyyədə mövcudluğu bu cür situasiyalarda insanlara kömək edir.

Empatiya sözü yunan dilindəki (empateya) “fiziki asılılıq”, “meyl” sözündəndir. İngilis dilində ilk dəfə Teodor Lippsin nəzəriyyəsində əsas anlayış olan alman dilində “Einfuhlung” (nüfuz etmə) sözünün qarşılığı kimi istifadə edilib. Empatiyanın əksi aleksitimiyadır.

Psixoloq Gülər Məmmədovanın sözlərinə görə, empatiya insanın başqasının hiss və həyəcanına keçirdiyi hisslərə emosional cavabdır: “Empatiya müxtəlif formalarda təzahür edir. Xüsusilə başqasının dərdinə, hiss və həyəcanına şərik olmaq, şəvqət göstərmək, halına acımaq, keçirdiyi hissləri başa düşməkdir. Empatiya halında olmaq emosional məna çalarlarını qoruyaraq başqasının daxili aləmini qəbul etməkdir. Elə bil ki, sən başqası olursan. Bu halda başqa insanın sevincini, kədərini, ağrısını, onları necə yaşadığını daha dərindən anlayırsan. Empatiya özümüzü qarşımızdakı bir və ya bir neçə insanın yerinə, mövqeyinə qoyub, onların keçirdikləri hisslərə və düşündükləri fikirlərə yaxınlaşmaq və özümüzlə müqayisə etməkdir”.

Empatiya həmçinin mimiki reaksiyaların, davranışların və jestlərin köməyi ilə başqasının emosional durumunu anlamaq bacarığıdır. Empatiyanın da həddi var. Artıq dərəcədə empatiya cəmiyyətdə, dünyada balansı poza və insanlar arasında çox daha fərqli vəziyyətlər yarada bilər.

İnsanların bir-biri ilə münasibətlərində empatiyanın rolu çox vacibdir. Belə ki, empatiya olmadıqda qadın və kişi bir-birlərini çətinliklə başa düşürlər. Psixoloq bildirib ki, qadınlar və kişilər arasındakı dünyanı dərketmə və hadisələrə yanaşma tərzi fərqlidir: “Bu fərqin də kökündə onların beyinlərinin sağ və sol yarımkürələrinin qarşılıqlı əlaqəsi durur. Psixoloji təcrübələrlə sübut olunub ki, qadınlar beyinlərində daha çox seçim yaradırlar. Kişilər hansısa məsələyə ya “hə”, ya da “yox” deyə yanaşırlar. Empatiya və qarşılıqlı ünsiyyət sayəsində qadın-kişi münasibətlərində də sağlamlıq təmin oluna bilər. Amma empatiyanın mövcudluğu heç də bütün problemlərin həlli demək deyil. Çünki bəzi insanların münasibətlərində dəyişiklik yaratmaq üçün gərək onların genləri dəyişdirilsin”.

Hesab olunur ki, qadınlar kişilərdən daha empatikdirlər. Ümumiyyətlə, kişilər empatik təsir bağışlamaq istəmirlər. Çünki bu, onların gender rollarına uyğun deyil. Qayğı, nəvaziş, kiminsə halına acımaq, dərdə şərik olmaq qadınların gender rollarına daxildir. Kişilər də başqalarının hisslərinə həmrəy, daxilən mütəəssir olurlar. Lakin onlar çalışır ki, ətrafdakılar bunu hiss etməsinlər. Çünki kişilər genderdə onlara ayrılan ənənəvi rollara qarşı çıxmağı özlərinə yaraşdırmırlar. Bu səbəbdən də kişilərin qadınlara nisbətən daha az empatik olmaları təəccüblü deyil. İlk növbədə sosiallaşma təcrübəsi kişilərdə öz hisslərini dəf etmək qabiliyyətini inkişaf etdirir.

Kişi və qadınlarda empatik hisslərin formalaşmasının kökü hələ uşaq ikən böyüyüb boya başa çatdığı ailə mühitində formalaşır. Qızlar üçün olan ənənəvi oyuncaqları müzakirə etsək, oyuncaqların empatiya ekspressiyasını aşıladığını aydın görərik. Məsələn, gəlincik, ilk tibbi yardım çantası, mətbəx üçün qab-qacaq dəsti və s. Oğlan oyuncaqları isə əksinə bu hissləri inkişaf etdirmir. Misal üçün, maşın, robot, əsgərlər, müxtəlif silahlar. Artıq uşaq ikən oğlanlara mübarizələrə, yarışlara qatılmaq, qarşıya çıxan maneəni qol gücünə olsa belə dəf edib məqsədə irəliləmək kimi keyfiyyətlər aşılanılır. Həm də oğlanlar hər zaman qüvvələrini, hakimiyyətlərini, müstəqilliklərini sübut etməli olduqları vəziyyətlərlə üzləşirlər. Psixoloqun sözlərinə görə, bu kimi keyfiyyətlər də empatiya hissləri ilə uzlaşa bilməz: “Valideynlər qız və oğlan övladlarının tərbiyə edilməsi zamanı çox fərqli davranırlar. Əksər hallarda qız övladlarını tərbiyə edərkən ona ətrafdakılarla yaxşı münasibətdə olmaq, onlara qayğı və nəvaziş göstərmək kimi xüsusiyyətlər tövsiyə edirlər. Oğul tərbiyəsində isə onlar müstəqil, emosiyalarına hakim ola bilən şəxs kimi olmağı daha üstün sayırlar. Bəlkə də kişilər buna görə də qadınlara nisbətən empatiya sahəsində daha az təcrübəyə malikdirlər. Nəticədə də başqalarının emosional narahatlığına lazımı reaksiya verə bilmirlər. Eləcə də uşağa baxmaq kimi qadın məşğuliyyətləri onlarda empatik hisslərin olmasını tələb edir”.

Həmsöhbətimizin dediyinə görə, təəssüf olsun ki, bu gün cəmiyyətimizdə baş verənləri müşahidə etdikdə empatiyanınn aşağı səviyyədə olduğu aydın şəkildə görünür: “Əsas o faktorlardan biri isə gənc nəsillə köhnə nəslin arasında olan anlaşılmazlıqlardı. Nəsillərarası münasibətlərdə empatiyanın rolu çox böyükdür. Cinslərarası, sağlam insanlarla sağlam olmayanlar arasındakı, sosial təbəqələrarası münasibətlərdə və s. empatiya olmalıdır. Empatiyanın əsas şərti isə bizim bir-birimizi maksimum dərəcədə obyektivlik çərçivəsində dinləməyimiz və fikrimizi çatdırmağımızdır. Yəni empatiya prosesinin sağlam formada reallaşması üçün bizim ünsiyyət qurmaq bacarıqlarımız doğru olmalıdır. Digər önəmli məqam isə stereotiplərdir. Stereotiplərdən azad olub dünyaya maskimum dərəcədə obyektiv prizmadan baxdıqda empatiya avtomatik refleks olaraq gerçəkləşir”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir