zorakiliq

Qadınlar zorakılığa niyə haqq qazandırır?

Baxış sayı: 881

“Apardığımız təhlillər zamanı kişilərin 41 faizi, qadınların 34,7 faizi bildirib ki, qadın öz ailəsini qoruyub saxlamaq üçün zorakılığa dözməlidir. Həmçinin qadınların 20,9 faizi, kişilərin 37,4 faizi isə qeyd edib ki, bəzi zamanlar qadın döyülməyə layiqdir”.

Xəbər verdiyimiz kimi, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Qadınlara və qızlara qarşı zorakılığa son” kampaniyasına həsr olunan dəyirmi masada deyib.

hicran.jpg (41 KB)

Onun sözlərinə görə, bütün bunlar bir daha onu göstərir ki, zorakılığa münasibət bir çox hallarda patriarxal mədəniyyətin, dünyagörüşünün nəticəsində formalaşır: “Bu yanaşmanı aradan qaldırmaq uzun bir prosesdir. Vaxtında bu ailələrə profilaktik iş aparmaq lazımdır. Profilaktik işin güclü olduğu yerlərdə zorakılıq halları baş vermir. Qadınlara qarşı zorakılıq yalnız ailə məsələsi deyil. Bu zorakılığı törədənlərin 70 faizi eyni təcavüzü uşaqlara qarşı törədir. Bu baxımdan qadına qarşı əl qaldıran kişinin eyni hərəkəti öz uşağına qarşı da təkrar edilə bilər. Ona görə də qadın və uşaq hüquqlarının müdafiəsi Azərbaycan dövlətində hər zaman prioritet məsələlərdən biri olub”.

Dövlət Komitəsinin sədri bildirib ki, qadınlara qarşı zorakılığın halları müasir dövrün problemlərindəndir: “Araşdırmalar nəticəsində məlum olub ki, dünyada hər 3 qadından biri nə vaxtsa zorakılığa məruz qalır, hər 3 dəqiqədə bir qadın isə zorakılığın qurbanı olur”.

Musavat.com yazır ki, aparılan təhlillərin nəticəsi, bu barədə səslənən fikirlər kifayət qədər mübahisə doğurub. Təhlillərin hansı kəsim və neçə nəfər arasında aparılması, zorakılığa haqq qazandıran qadınların mənsub olduğu sosisal kəsim, eləcə də sorğu zamanı sualın qoyuluşu dəqiqləşdirilməsi lazım olan məqamlardandır. Tutaq ki, “xəyanət edən qadın cəzalandırılmalıdırmı?” sualına mütləq əksəriyyət müsbət cavab verəcəyi halda, bu da zorakılığa haqq qazandırmaq kimi qiymətləndirilə və sorğu nəticələrinə o cür qeyd oluna bilər. Ümumiyyətlə, qadınların zorakılığa haqq qazandırması inandırıcı görünürmü? “Qadının qadından başqa düşməni yoxdur” tezisi qüvvəyə minir, yoxsa…?

Əməkdaşımız bu sorğu ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirmək üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb. Komitədən ona bildirilib ki, medianın yönləndirdiyi suallar 24 saat ərzində cavablandırılır.

qulami.jpg (60 KB)

Ümid Partiyası sədrinin müavini Tamilla Qulami hesab edir ki, sözügedən komitənin bu cür sorğu nəticələri açıqlaması anlaşılandır. Onun sözlərinə görə, əgər bu günə qədər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi cəmiyyət arasında, bölgələrdə, kifayət qədər maarfiləndirmə aparmayıbsa, bunun nəticəsində ailədaxili şiddət geni yayılıbsa, nəticə gözləniləndir: “Son zamanlar bu sayaq zorakılıq halları olduqca geniş yayılıb. Bunu məhz həmin komitə ictimai qınağa çevirməlidir. Qadına qarşı zorakılıq get-gedə daha da çoxalır. Komitə bu işin üzərinə getməli, maarifləndirmə aparmalıdır. Əksinə, indiki halda qadınların adından onlara qarşı bu cür zorakılığı dəstəkləyən hesabatların yayılması zərərli tendensiyadır. Bu, ictimai şüura da onu yeritməkdir ki, günah döyüləndədir. Sağlam, demokratik dəyərlərə sahib cəmiyyətlər üçün bu, olduqca ciddi problemdir. İndi açıqladıqları sorğu üçün cəmiyyət üçün həyəcan siqnalıdır”.

guler.jpg (7 KB)

Psixoloq Gülər Məmmədova isə hesab edir ki, ümumiyyətlə, verilən cavablar hər kəsin individual olaraq qadın zorakılığa qarşı münasibətidir. Onun fikrincə, hər kəs böyüdüyü ailədə aldığı, gördüyü tərbiyə metodunu özünün qurduğu ailədə tətbiq edir. Müsahibimiz hesab edir ki, bu sorğunun nəticələrini ciddi şəkildə tələb edib, daha sonra təhlil etmək lazımdır: “Zorakılıq təkcə fiziki şiddət deyil ki. Burada sosial, psixoloji və fiziki zorakılıqdan da söhbət gedir. Hər bir qadın özünü inkişaf etdirə bilməyibsə, özünü dəyərləndirə bilmirsə, bu, o demək deyil ki, zorakılığa məruz qalmalıdır. Cahillikdən danışa bilərik. Daha çox cahil təfəkkürü qadınlar elə düşünür ki, qadın döyülər də. Sözlə fikri ifadə etmək olmazmı? Sözlə fikri izah etmək, qarşılıqlı anlaşmaq mümkün deyilmi? Bu qadınlar da evdə qadın zorakılığı edəcək kişiləri tərbiyə edirlər. Gələcəyin kişilərini bu ruhda tərbiyə etdikləri üçün bu, dəyişməyəcək”.

Müsahibimiz hesab edir ki, fiziki təzyiqlə yanaşı psixoloji təzyiqi də yaddan çıxarmaq olmaz – bu, qadağaların tətbiqidir. Onun fikrincə, buna tabe olan qadınlar da zamanında elə despot ailələrdə boya-başa çatdıqları, o cür tərbiyə olunduqları üçün həmin münasibəti qəbul edirlər: “Bu həddi keçdisə, ictimaiyyət də bunu qınamalıdır. Halbuki doğrui bildikləri yanlışlıqlar öz qüvvəsində qalır, daha da güclənir. Onların fərqli metodları da bu şəkildə inkişaf edir. Oxuyan, işləyən, cəfakeş, çətinliklərdən çıxan bir qadın heç vaxt bu sözləri deməz ki, qadının zorakılığa məruz qalması anlaşılandır”.

G.Məmmədova onu da bildirdi ki, insan sıxıldığı, təzyiqə məruz qaldığı qədər də zəncirlərini qırmağa çalışır. Onun sözlərinə görə, insanların bir-birinə olmazlar qoyması nəticədə qeyri-sağlam cəmiyyətin yaranmasına səbəb olur: “Bunlar nevrotik pozuntulara gətirib çıxarır. İnsanlar bir-birinə əsassız qadağalar qoyub. İstək və arzuların boğulması, insanın içindəki azad ruhu basdırır və olduqları kimi ola bilmirlər deyə, qadınlar bir çox hallarda atası anasına bu cür münasibət göstərdiyi üçün öz ailəsində də bunu davam etdirir. Dəyərlər sistemini qorumaq, dəyərləri ülviləşdirmək, əsəbləri normal şəkildə ifadə etmək yolu ilə münasibətlər tarazlaşdırılmalıdır. Mən hesab edirəm ki, insanlar ailə qurmazdan əvvəl psixoloji diaqnostikadan keçməlidilər. Halbuki bizdə evlilikdən əvvəl tibbi müayinə olduğu halda psixoloji müayinə yoxdur”.
Təmiz Dünya Mərkəzinin rəhbəri Mehriban Zeynalova isə bildirib ki, Azərbaycanda, habelə dünyada məişət zorakılığı latent cinayətdir: “Əgər sözlə ifadə edilən hədələr olmasa, heç kim başqasının ağlında tutduğu məqsədi bilə bilməz. Məgər bizə pislik edənlərin biz niyyətini bilirikmi? Təbii ki yox…Biz ifadə edilən hədələrə görə dərhal reaksiya veririk. amma bəzən bu hədələrin özü belə sadəcə qorxu altında saxlamaq və idarə etmək məqsədi daşıya bilir. Belə olan halda, riski qiymətləndirmə meyarlarına istinad edərək qərar qəbul edirik. Və təhlükəsizlik tədbirləri görürük”.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir