aile davasi

Qadınlara qarşı şiddət hansı səviyyədə artıb?

Baxış sayı: 150

Xəbər verdiyimiz kimi, oktyabrın 20-də Bakının Nizami küçəsində, “Torqovı” adlanan ərazidə bir qrup feminist qadın aksiya keçirib. Aksiya iştirakçıları qadınlara qarşı zorakılıq edilməsini və qadınların qətlə yetirilməsini pisləyib, “Şiddətə susma!”, “Şiddətə dözmə!” şüarları səsləndiriblər.     

Onlar Azərbaycanın məişət zorakılığına qarşı mübarizəni nəzərdə tutan İstanbul konvensiyasına qoşulmasını tələb ediblər. Polis icazəsiz aksiyanın qarşısını alıb.

Qeyd edək ki, son zamanlar cəmiyyətdə qadınlara qarşı zorakılıqların, amansız qətllərin artdığı müşahidə olunur. Mətbuatda yayılan informasiyaları araşdıranda da məlum olmuşdu ki, son bir ayda ölkədə 13 qətl hadisəsi baş verib ki, həmin hadisələrdə ölənlərin 9-u qadınlardır. Ekspertlər də qeyd edir ki, məişət zəminində qadına qarşı zorakılığın forması ildən-ilə daha da qəddarlaşır. Hətta artıq bunu normal hal kimi qarşılayanlar da az deyil.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı mövzu ilə bağlı aşağıdakıları dedi: “Qadına qarşı zorakılıq da, ayrı seçkilik də var, hətta ailədə və işdə də zorakılıqla üzləşir. Ümumiyyətlə bu məsələ geniş məfhumdur və hər zaman mövcud olub. Xüsusən də mərkəzdən kənarda, regionlarda qadına qarşı zorakılıqları tez-tez müşahidə olunur. Bunun da kökündə bir çox amillər var. Məsələn, ailə tərbiyəsi, oğlan uşaqlarının ailədə qadına qarşı zorakılıq hallarını görüb, götürməsi, yaxud anaların qız uşaqlarına qarşı sərt mövqeyi, “ərə getdinsə, oradan ölümün çıxması” kimi ifadələr işlədilməsi, qaynananın gəlinlərə qarşı neqativ mövqeyi sonda bu cür nəticələrə gətirib çıxarır.

Məlum olduğu kimi oktyabrın 20-də qadınlar qadınlara qarşı şiddətə son qoyulması ilə bağlı aksiya keçirdilər. Düşünürəm ki, qadınlar həmin aksiyanı küçədə deyil, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin binasının önündə keçirməli idilər. Çünki bu məsələlərin kökündə adı çəkilən komitənin fəaliyyətsizliyi dayanır. Bu günlərdə həmin komitəyə döyülən qadın göndərmişdim. Qadını komitədə hüquqşünas icra hakimiyyətinə yönləndirmişdi. Bundan sonra nə baş verəcəyini isə hər kəs bilir. Təbii ki, qadın yenə də evdə şiddət görəcək.

Digər məsələ isə QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı idi. Ölkədə qadın hüquqları və zorakılıqlar, həmçinin gender məsələləri ilə bağlı çoxlu sayda təşkilatlar var. Hansı ki, həmin təşkilatlar qadın hüquqlarının bərpası ilə bağlı kifayət qədər işlər görə bilirdi. Məsələn, “Qadın Krizis Mərkəzi” zamanında təqdirə layiq işlər görürdü. Mərkəzin rəhbəri Mətanət Əzizova döyülən qadınla birgə polis idarəsinə gedirdi”.

Картинки по запросу Mirvari Qəhrəmanlı

Mirvari Qəhrəmanlı Türkiyədə qadın zorakılığına qarşı qəbul edilən İstanbul Konvesniyasından da söz açdı: “Azərbaycanın da bu konvensiyaya qoşulması gözəl nəticələrə səbəb ola bilərdi. Buna görə artıq bir ildir ki, danışıqlar aparılır”.

 

Hüquq müdafiəçisi Səadət Bənənyarlı da son zamanlar qadınlara qarşı şiddət hallarının statistikasının artdığını vurğulayır. Hüquq müdafiəçisi İstanbul Konvensiyasına ölkəmizin də qoşulmasını dəstəklədiyini dedi: “İstanbul Konvensiyası ilə bağlı müxtəlif QHT-lər, qadın hüquqları sahəsində çalışan fəallar da bu məsələnin tərəfdarıdır. Artıq bununla bağlı ciddi addımlar atılır, məsələlər qaldırılır. Bəli, bu, doğrudur ki, son zamanlar cəmiyyətimizdə qadınlara qarşı şiddət halları artıb. Biz bunu yayılan informasiyalarda da müşahidə edirik. Bu problemin artmasının kökündə ailə daxili münasibətlər, ailə tərbiyəsi dayanır. Ailədə qadına münasibət necədirsə, oğul, uşaq göz açanda necə görürsə, sonrakı həyatında məhz onu təkrarlayır. Bu cür elə ailələrdə böyümüş uşaqlar məişət zorakılığına meylli olur. O, göz açanda anasına, bacısına və yaxud ailənin böyüklərinə, atasına hansı münasibəti görürsə, o münasibəti də həyatında tətbiq edir. Çünki oğul üçün, övlad üçün ən dəyərli olan insanlardan bir anadır və yaxud bacıdır. Bu məsələni öncə nəslin böyüklərinin həll etməsi vacibdir. Erkən nikahların da bu məsələdə fəsadları  var. Beləliklə aidiyyəti qurumlar, həm də cəmiyyət bu problemin həlli yolunda işlər aparmalıdır. Bu problem milli adət-ənənələrimizdən irəli gələn məsələ deyil. Dinimiz də ailədə qadının rolu yüksək qiymətləndirilir. Həmçinin bu kimi halların yaşanmaması üçün ilk növbədə məktəblərdə və ali təhsil ocaqlarında təbliğat-təşviqat işləri gücləndirilməlidir”.

Hüquq müdafiəçisi qadın zorakılığı ilə bağlı keçirilən aksiya barəsində də danışdı: “Düşünürəm ki, hər bir aksiya qanun çərçivəsində olmalıdır. Problemin bu cür həlli mümkün deyil. Qeyd etdiyim kimi həm cəmiyyət, həm də aidiyyəti qurumlar ciddi iş aparmaqla problemin həllinə nail ola bilər”.

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir