zorakiliq

Qadınlara qarşı zorakılıq halları niyə artıb?

Baxış sayı: 837

Azərbaycanda qadınlara qarşı zorakılıq faktları getdikcə artır. Son bir ayda 14 qətl baş verib ki, onlardan doqquzunda öldürülən qadındır.

 

Bəs bunun qarşısını almaq üçün nə etmək lazımdır?

Psixoloq Sevinc Baxışova hesab edir ki, zorakılığın əsasını aqressiya təşkil edir. Qadına qarşı olan zorakılıq, xəsarət yetirmə və hətta öldürülmə səbəbi isə bizim bəzi adət- ənənələrimizin qadının irəli getməsinə mane olması, ailədə qadının əvvəlki kimi güzəştə getməməsi, ailəyə kənardan müdaxilələrin olması və sairədir:  “Televiziya proqramlarda da bəzən aqressiya təbliğ olunur. Cinayət verilişləri çox zaman hadisələri olduğu kimi cəmiyyətə çatdırır. Nəzərə alsaq ki, son illər cəmiyyətdə aqressivlik hökm sürür, bu da öz-özlüyündə zorakılığa təkan verən ən böyük amillərdəndir. İndi ailələrdə münasibətlər o qədər gərginləşib ki, ən kiçik hadisə əksər hallarda faciələrə səbəb olur. Cəmiyyəti uçuruma aparan bu kimi hadisələrin qarşısının alınması üçün ölkəmizdə qadın polislərimizin sayı artırılmalıdır. Cinayətə qədər gəlib çixan problemlərin sözsüz ki, başlanğıc nöqtəsi olmalıdır və belə xırda münaqişələrin həllində icra hakimmiyətinin məsul şəxsləri daha aktiv olmalıdırlar. Problemli ailələrlə söhbətlər aparmalıdırlar. Xırda münaqişələrin qarşısı vaxtında alınsa cinayətlərin və ən əsası isə qadın ölümlərinin sayı azalar”.

Digər psixoloq Zeynəb Əyyubova isə məsələyə zorakılıq tətbiq edən tərəfin nöqteyi – nəzərindən aydınlıq gətirərək münasibət bildirdi: “Zorakılığı edən niyə buna meyillidir? Psixoloqların birmənalı olaraq sözü budur- Həmin şəxs ya zorakılığa məruz qalıb, yada ki, zorakılığın şahidi olub. Araşdırdıqda isə, bunun mənbəyi əsasən uşaqlıq illərinə dayanır. Ailədə olan mühitdən çox şey asılıdır. Bu gün gələcəyin ya zorakısını ya da həyatsevər bir səxsiyyətini yetişdiririk. Xüsusən oğul böyüdən valideynlər bu məsələdə diqqətli olmalıdırlar. Əgər bu gün bir ailənin oğlu gəlini döymək, vurmaq kimi hərəkətlər edirsə mütləq şəkildə ailə böyükləri məsələyə qarışmalı və bunun qarşısını almalıdırlar. Yaxuda da qonşunuzda, küçədə olsa belə bu kimi hallarla rastlaşan zaman özümüzü kənara çəkməməliyik.”

 

Hüquqşünas Ramil Süleymanov isə hesab edir ki, aidiyyatı qurumlar öz öhdəliklərinə düşən vəzifələri yerinə yetirməlidirlər: ‘‘Ölkədə qadınlara qarşı belə şiddətlərin baş verməsi və onların zorakılıqlara məruz qalması həqiqətən ürəkağrıdan bir məsələdir və düşünürəm ki, aidiyyatı qurumlar məsələ ilə ciddi məşğul olmalıdırlar.  “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunu da qəbul olunub. Həmin qanunda zorakılığın formaları qeyd olunub. Belə ki, məişət zorakılığının fiziki, psixoloji  və müxtəlif məhdudiyyətlərin iqtisadi zəmində zorakılıq, cinsi zorakılıq kimi formaları var. Belə şiddət halları ilə qarşılaşan vətəndaş ilk növbədə 102 vasitəsi ilə polis bölməsinə müraciət etməlidir. Dərhal onun müraciəti əsasında araşdırılma aparılır və əgər qadının üzərində hansısa xəsarət izləri varsa, onun tibbi müayinədən keçməsi üçün məhkəmə tərəfindən tibbi ekspertə göndərilir və xəsarəti müəyyən olunur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, qəsdən sağlamlığa ağır zərər vurma 3 ildən 8 ilədək, qəsdən sağlamlığa az ağır zərər vurma 2 ilədək müddətə islah işləri, 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qəsdən sağlamlığa yüngül zərər vurmanın cəzası isə 1000 manatdan 1500 manatadək cərimə, yaxud 240 saatdan 360 saatadək ictimai işlər, 1 ilədək müddətə islah işləri, 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bundan başqa Azərbaycanda “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun var. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması, yəni məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə görə, 100 manatdan 300 manatadək cərimə nəzərdə tutulub.

Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixoloji təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə 300 manatdan 500 manatadək cərimə edilir.

Əgər ailədə döyülmə davamlı şəkildə baş verirsə, bu Cinayət Məcəlləsinin əzab vermə maddəsinə görə də cəzalana bilər.

Bu maddəyə görə, mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə 2 ilədək müddətə islah işləri, 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.’’

 

“Genlərimizdə kodlaşan zorakılığın kökünü tamamən kəsə bilmərik”.

Bu sözləri mövcud problemlə əlaqəli danışarkən, “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva dedi.

O, cəmiyyəti uçuruma aparan məişət zorakılığından da danışdı: “Əsrlərdir davam edən qadın kişi münasibətlərində bərabərlik deyilən bir anlayış olmayıb. Qadın daim kişidən bir pillə aşağıda olub və qadın hegemonluq edən kişinin əlinin altında bir alət olub. Bu bir növ genetik olaraq bizim genlərimizdə oturuşub. Kişi ağadır, kişi başəməzən tacıdır və son sözü də o deməlidir, kişi nə deyirsə o da olmalıdır. İllər keçir və zamanla qadınlara kişilərlə eyni hüquqa malik olduqları və gender bərabərliyinin olması aşılanır. Zaman nə qədər dəyişsə də, nə qədər müasirləşsək də kişilərin çoxu qadınların onlarla eyni hüquqlara malik olmasını qəbul etmək istəmir. Məişək zorakılıqlarının kökündə də qadının kişinin sözünə qarşı çıxması durur. İkinci bir tərəfdən isə, çox valideynin öz sözünü və istəklərini övladlarına şiddət göstərərək həyata keçirmələri məsələsi var. Təbii ki, gözünü  açıb, ağlı kəsəndən istər valideynlərinin bir-biri ilə, yaxud da ki uşağın özünə qarşı yeridilən şiddət sonda onun özünün də şiddətə meyilli olmasına gətirib çıxardan amillərdəndir.   Belə ailələrdə böyüyən uşaqlar şiddət görməyi və tədbiq etməyi adi hal sayırlar. Ailələrdə şiddətin tamamilə kökünü kəsə bilməsək də maarifləndirmə işləri apararaq ən azından ailə məişət zorakılıqlarının acı nəticələrinin qarşısını qismən almış olarıq. Ən əsası isə valideynlər özləri övladlarına yaxşı nümunə olmağı bacarmalıdırlar. İndiki valideynlər öz aqressiyalarını da uşaqlarda sındırırlar, buna görə isə təklif edərdim ki, evlənən cütlüklərin məcburi tibbi müayinədən keçdikləri kimi, çox yaxşı olardı ki, müəyyən psixoloji müayinələrdən də keçsinlər. Psixoloji durumları müəyyən edildikdən sonra evlənmələrinə icazə veerilsin. Çünki bizə boşanma üçün müraciyət edən cütlüklərlə söhbət edərkən, aydın olurki onların hər ikisində psixoloji narahatlıqlar var.  Ümumiyyətlə isə şiddətin əsasında kimin günahkar olduğunu axtarsaq, deyərdim hər iki tərəfdə günah olur. Kişilər isə qadınlara nisbətən daha dözümsüzdür aqressiyaya və buna hansısa zərbə ilə cavab vermiş olurlar. Bu da hər hansı bir cinayətə gətirib çıxartmış olur.  Cinayət tərkibli zorakılıqların artmasında yalnız kişiləri günahlandırmaq olmaz. Kişini aqressiv vəziyyətə bir çox amil gətirə bilər, belə vəziyyətdə də gücü qadına çatan kişininin əsəbini sakitləşdirmək əvəzinə, ona daha da aqressiv cavablar verən qadın təbii ki məişət zorakılığının qurbanı olacaq. Lakin mənim başa düşə bilmədiyim məsələ, boşandıqdan sonra qadına zor tədbiq edib, ona qarşı hər hansı bir cinayətkar əməllər tədbiq edilməsidir. Belə insanlara qarşı ictimai qınaq olmalıdır. Çox təəssüf ki, indi hamı yaxasını kənara çəkir.”

  1. Mustafayeva həmçinin qeyd edir ki, QHT olaraq dövlət qurumları ilə birgə işləyirlər: “Sumqayıt şəhər İcra Hakimiyyətinin İctimai – Siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri Ülviyyə Müzəffərova bu işlərdə bizə yaxından kömək edir və öz dəstəyini heç vaxt əsirgəmir. Sosial problemli ailələrlə danişiqlar aparıldıqdan sonra onların problemləri qiymətləndirilir. Daha sonra biz bu aiələləri İcra Hakimiyyətinə göndəririk və onların problemləri ilə Ülviyyə xanım məşğul olur. İşsizlik, təhsil və daha bunun kimi bir çox problemlərlərin həlli ilə bağlı yaxından maraqlanır”.

Mövcud problemin dini tərəflərindən danışarkən ilahiyyatçı Samid Quliyev bildirdi ki, İslamda ümumiyyətlə zorakılıq  anlayışı yoxdur: “İstər qadına qarşı, istərsə də kişiyə qarşı. Lakin mövzuya qadın mövqeyindən yanaşsaq, İslamda qadına qarşı heç vaxt şiddət olmayıb. Məsələn, İslamdan əvvəl Ərəbistan yarımadasında doğulan qız uşaqları diri-diri basdırılırdı. Amma İslamın gəlişi ilə bu ənənə demək olar ki, tam aradan qaldırıldı. Hətta peyğəmbərimizin bu barədə xütbəsi var. Qadınların haqlarına riayət edin və Allahdan qorxun. Qadınlar Allahın sizə olan əmanətidir. Ümumilikdə isə İslama görə əmanətə xəyanət etmək olmaz. Bir halda ki, həmin əmanətin sahibi də Yaradan özüdür. Son zamanlarda qadınlara qarşı olan şiddət gündəmi zəbt edib. Bu əslində İslam tərəfindən qınaq  obyektinə çevrilməlidir və bu məsələdə yalnız ziyalılar deyil, din xadimləri, ilahiyyatçılar da  öz mövqelərini bildirməlidirlər”. (“Xeberle.com”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir