qadin

Qadınlara qarşı zorakılıq halları niyə artır?

Baxış sayı: 1. 829

Bu il Azərbaycanda qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində qadınlara qarşı 422 cinayət faktı qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, nəticədə 361 qadının sağlamlığına yüngül zərər dəymiş, 8 qadın isə öldürülüb. Bundan başqa, 4 qadının sağlamlığına ağır, 25-nin sağlamlığına isə az ağır zərər vurulub.

Bu ilin ilk altı ayında 2 qadın intihar həddinə çatdırılmış, 6 qadını isə öldürməyə cəhd ediblər. Komitədən verilən məlumata görə, 4 qadına müxtəlif üsullarla işgəncə verilmiş, 12 qadın isə başqa zorakılıq vasitələrinə məruz qalıb.

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, qadına qarşı zorakılıq və qətllərə səbəb sıradan bir məsələ deyil, kompleks səbəblər mövcuddur: “Düşünülməmiş nikahlar, tərəflər arasında münasibətlərin uyğunsuzluğu, rolların bölünməsi, müdaxilələr ailədə qadın qətli ilə nəticələnir. Bu müdaxilələrdə idarə etmək və manipulyasiya etmək əsas amil kimi diqqəti cəlb edir. Biri digəri üzərində hakimiyyətini qorxu və vahimə çərçivəsində idarə etmək istəyir. Tərəflər arasında qarşılıqlı hörmət hissinin formalşmaması, zorakılığa məruz qalmış şəxslərin vaxtında yardıma müraciət etməməsi, bəzi hallarda bu sahədə məşğul olan məmurların streotiplərdən asılı olması və fərdi şəxslər kimi düşünməsi problemin kəskinləşməsinə təsir göstərir”.

Zeynalova hesab edir ki, keçmiş ailə modeli ilə indinin arasında mövcud olan ciddi tərs mütənasiblik, qadında öz hüquqları ilə bağlı doğru-dürüst təsəvvürlərinin olmaması da qadını sonda zərbə altında qoyur. Dediyinə görə, qadınların qətlə yetirilməsində qanunlardan xəbərsizlik, dini amillərin  təsiri də böyükdür.

Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, əvvəllər qadına qarşı cinayət baş verəndə bu, müxtəlif səbəblərlə izah edilirdi. Qadının ölüdürülməsinə namus məsələsi, qısqanclıq, ailə problemləri səbəb ola bilərdi. “Amma bu gün  demək olar ki, hər gün bir qadın qətli ilə qarşılaşırıq.  Qadınların qətlə yetirilməsi kütləviləşib. Əgər hər hansı bir toplumda cinayət halları artırsa, bu toplumun inkişafından söhbət gedə bilməz. Buna görə də daim cinayətkarlara qarşı mübarizə aparılmalıdır. Mübarizəni isə təkcə hüquq-mühafizə deyil, cəmiyyət də aparmalıdır”, – deyən müsahibimizin sözlərinə görə, təəssüf ki, cəmiyyət baş verən hadisələri sadəcə kənardan müşahidə edir.

Psixoloqun sözlərinə görə, baş verən qətl hadisələrinə diqqət yetirsək, hadisələrin çoxunun iqtisadi və sosial tərəfdən baxımsız, diqqətsiz olan ərazilərdə baş verdiyini görmüş olarıq. Həmsöhbətimiz hesab edir ki, baxımsızlıq cinayətlərin əsas səbəbi olmasa da, hadisələrin artmasında böyük əhəmiyyətə malikdir: “Cinayət baş verən ailələrin maddi durumuna nəzər yetirsək, maddi tərəfdən təmin olmuş ailələrdə bu kimi hadisələrin daha az baş verdiyini görmüş olarıq. Hadisələr daha çox cəmiyyətin nəzərindən uzaq olan, iqtisadi problemli ərazilərdə, problemlər içərisində yaşayan insanların ailəsində baş verir”.

Onun bildirdiyinə görə, hadisələrin bir qismi affekt halında baş verir. İnsanların psixoloji vəziyyətinin kritik olduğunu qeyd edən F.Mehmanqızı deyir ki, indi kiçik bir qıcıq, əsəb insanın affekt vəziyyətinə düşməsinə səbəb ola bilər. Affekt vəziyyət ruhi pozuntudur. Və bu pozuntu özünü kiçik əlamətlərlə büruzə verir: “Bunu xəstəlik kimi də qəbul etmək olar. Affekt hal insanın anidən özündən çıxması, özünü itirməsi, hadisələrə aqressiv reaksiya verməsidir. Bu hal 10 dəqiqədən bir saata qədər davam edə bilər. İnsan affekt halında özünə və qarşısındakı insanlara zərər verə, hətta öldürə bilər”.

Mehmanqızının dediyinə görə, hər bir qadın başa düşməlidir ki, evdə olan kiçik mübahisələr böyük zorakılıqla, ölümlə nəticələnə bilər. Azərbaycan qadını çox zaman kiçik mübahisələr, vurulma, döyülmə hadisələrini qəbul edir, buna dözür: “”Bizim qəribə bir məsəlimiz var: “Ər vuran yerdə gül bitər”. Qadınlarımız da bu məsəllərlə hadisələrə, döyülməyə, söyülməyə dözürlər. Qızın valideyinləri də qızlarının başından vurub “dözməlisən” deyirlər ki, bu da sonunda daha ağır fəsadlarla nəticələnir”.

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, qadınlara qarşı cinayət hadisələrinin artmasının səbəbi cəmiyyətdə zərif cinsə kölə baxışıdır. Yəni kişilərin çoxu qadınına qadın kimi deyil, qul, kölə kimi baxır. Cəmiyyətdə qadın qətllərinin qarşısını almaq ailədən başlayır: “Valideyn öz qızına təhsil verərsə, qızın işi olarsa, o, heç vaxt  qurbana çevrilə bilməz. Ölkəmizdə isə bu baxımdan bir az problemlər var. Valideynlər qızlarını ərə verərək sanki onlardan can qurtarmağa çalışırlar”.

Müsahibimiz bildirir ki, qadını təkcə vurmaq deyil, onu sözlə və ya müəyyən formada təzyiq altında saxlamaq da şiddətdir. Onun sözlərinə görə, adam öldürmə Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə tənzimlənir: “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə-
– yeddi ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 120.2.4-gü maddəsinə görə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

İradə CƏLİL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir