Qalxanvari vəzini hansı yollarla sağlam saxlamaq olar?

Baxış sayı: 1. 774

Qalxanvari vəzi orqanizmin, demək olar, bütün funksiyalarına təsir edir.

Məhz bu səbəbdən qalxanvari vəzdə pozulmalar yarandıqda orqanizmin bir çox orqan və sistemləri əziyyət çəkir.

Həkimlərin fikirinə görə, qalxanvari vəzi xəstəliklərinin qarşısını almaq çox da çətin deyil. Bunun üçün sadəcə həkimlərin çox sadə tövsiyələrinə əməl etmək lazımdır.

– Qalxanvari vəzinin xəstəliklərinin əsas səbəbi yodun çatışmazlığıdır. Bu problemi həll etmək üçün dünyanın bir çox ölkələrində yodlaşdırılmış duzdan istifadə olunur. Araşdırmalar nəticəsində məlum olub ki, yodlaşdırılmış duzdan istifadə edən ölkələrdə qalxanvari vəzi xəstəliklərinin sayı xeyli azalıb.

Bu səbəbdən dünya endokrinoloqların ilk tövsiyəsi – yodlaşdırılmış duzdan istifadə etməkdir.

Lakin onu da nəzərə almaq lazımdır ki, tireotiksikoz (qalxanvari vəzinin fəaliyyətinin artması), qalxanvari vəzi xərçəngi və bəzi digər xəstəliklər zamanı yodlaşdırılmış duzdan istifadə etmək olmaz.

– Qalxanvari vəzi gün şüalarının həddən artıq təsirini sevmir. Bu bizim əhalimiz üçün çox aktualdır. Alimlər çoxdan sübut ediblər ki, gün şüalarının həddən artıq təsiri orqanizmdə bir çox pozulmalara yol açır. Bu pozulmaların arasında qalxanvari vəzi xəstəlikləridir.

Bu səbəbdən “zaqar”dan süi-istifadə etmək çox təhlükəlidir. Bunu xüsusilə yaxın qohumlar arasında qalxanvari vəzi xəstəlikləri olan insanlar nəzərə almalıdır.

– Həkimlərin müşahidələrinə görə, siqaret çəkmək qalxanvari vəzi xəstəliklərinin inkişafına təkan verə bilər. Bu səbəbdən siqaret çəkməkdən imtina qalxanvari vəzinin sağlamlığı üçün çox önəmlidir.

– Natamam qidalanma, balanslaşdırmamış pəhrizlər, aclıq nəticəsində orqanizmdə  hipovitaminoz və avitaminoz (vitaminlərin və mineralların çatışmazlığı) inkişaf edir. Bu isə sağlamlıq üçün çox ziyanlıdır. Qalxanvari vəzinin normal fəaliyyəti üçün ona yoddan əlavə bir çox digər maddələr lazımdır – marqans, mis, sink, dəmir, kobalt və s. Bu maddələrin çatışmazlığı qalxanvari vəzinin sağlamlığına mənfi təsir edir.

İnsanın qidalanması çeşidli olmalıdır, qidalanmada bütün əsas qida məhsulları qrupları (meyvə-tərəvəz, ət və süd məhsulları, paxlalılar, bənli bitkilər, bitki yağları və s.) yer almalıdır. Yalnız bu halda insan öz orqanizmini onun normal fəaliyyəti üçün lazım olan bütün maddələrlə təmin edəcək.

– Güclü stress qalxanvari vəzi xəstəliklərinin inkişafına təkan verə bilər. Bu səbəbdən həkimlər stress vəziyyətlərdən mümkün qədər uzaq olmaq, çox güclü, xroniki stress zamanı isə mütəxəssislərin köməyinə müraciət etmək tövsiyə edirlər.

– Tez-tez təkrarlanan infeksion və virus xəstəlikləri qalxanvari vəzinin sağlamlığı üçün çox ziyanlıdır. LOR orqanlarında (qulaq, burun, boğaz) olan xroniki iltihablar xüsusilə təhlükəlidir. Bu səbəbdən belə iltihabları vaxtında müalicə etmək çox vacibdir.

– Həkimlərin müşahidələrinə görə, artıq bədən çəkisi də qalxanvari vəzidə pozulmalara səbəb ola bilər.

– İmmun sisteminin daim möhkəmləndirilməsi bütün orqanların və, o cümlədən, qalxanvari vəzinin sağlamlığı üçün olduqca vacibdir. Düzgün qidalanma, fiziki aktivlik, açıq havada gəzintilər, kifayət qədər yuxu və istirahət insanın immun sisteminin sağlamlığını təmin edən əsas amillərdəndir.

– Profilaktik müayinələr çox vacibdir. Bu müayinələr insanda olan pozulmaları ilkin mərhələlərdə aşkar etməyə imkan verir. Bu isə istənilən xəstəliyin daha tez və asan müalicə etməsini təmin edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir