USAQLAR

Qanunsuz olaraq övladlığa götürməyə görə cəzaların sərtləşdirilməsinə ehtiyac yaradan səbəblər

Baxış sayı: 1. 583
Azərbaycanda qanunsuz olaraq övladlığa götürməyə görə cəza ağırlaşdırılır. Apa-nın məlumatına görə, bu, Cinayət Məcəlləsinin 174-cü (Qanunsuz olaraq övladlığa götürmə) maddəsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, maddənin sanksiya hissəsində “100 manatdan 300 manata qədər” cərimə “1500 manatdan 2000 manata qədər” cərimə ilə əvəzlənir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq. Qaydalar sərtləşdirilirsə, deməli, qanunsuz övladlığa götürmə faktı çoxdur. Problemi yaradan səbəb nədir? Ümumiyyətlə, qanunsuz övladlığa götürmə deyəndə nə nəzərdə tutulur? Cərimənin artırılması problemin həllinə kömək edə biləcəkmi?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov bildirdi ki, qanunsuz olaraq övladlığa götürmə deyəndə tamah məqsədilə insanların uşaqları övladlığa götürməsi nəzərdə tutulur: “Məcəllədə belə verilir ki, uşaqların övladlığa götürülməsi, qəyyumluğa və ya himayədar ailəyə tərbiyə olunmaq üçün verilməsi və bununla bağlı qanunsuz hərəkətlər tamah məqsədi ilə törədildikdə. Tamah məqsədi dedikdə övladlığa götürən şəxsin tanımadığı bir insanın uşağını övladlığa götürməsi kimi hallar nəzərdə tutulur. Burada hər hansı bir tamah məqsədi aşkar edilərsə, həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunması labüddür”.
S.Məmmədovun sözlərinə görə, Azərbaycanda hələ ki qanunsuz övladlığa götürmə faktı qeydə alınmayıb: “Qanunvericiliyə nəzər salsaq, statistik məlumatlara baxsaq, görərik ki, qanunsuz övladlığa götürmə ilə bağlı hələ ki fakt aşkarlanmayıb. Sadəcə ehtimallar var ki, belə hallar olur, bu kimi hallar insan alverinin yaranmasına səbəb ola bilər. Ona görə də dövlət bununla bağlı qabaqlayıcı tədbirlər görmək üçün cərimələrin miqdarını artırır”.
S.Məmmədov qeyd etdi ki, ölkədə övladlığa götürülmə ilk olaraq normativ hüquqi aktların, Ailə Məcəlləsi, Mülki Prosessual Məcəllə, Nazirlər Kabinetinin qərarı, beynəlxalq övladlığa götürmədə isə, beynəlxalq övladlığa götürmə konvesiya və buna bərabər tutulan digər normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan vətəndaşı tərəfindən Azərbaycan vətəndaşı olan uşağın övladlığa götürülməsi yerli icra hakimiyyətlərinin qəyyumluq və himayəçilik komissiyaları tərəfindən, beynəlxalq övladlığa götürmədə isə, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən tənzimlənir.
 
Hüquqşünas Ceyhun Cəfərli deyir ki, övladlığa götürmənin qanunvericilikdə nəzərdə tutulmuş şərtlərinin sərt olduğunu demək olmaz: “Ağır deyil, sadəcə olaraq bir şəxsiyyət kimi uşağın hüquq və mənafeyini dövlət əsas tutaraq, onun övladlığa götürülmə şərtlərini çox konkret şəkildə müəyyən edib. Onun sağlamlığından, maddi təminatından, mənəvi inkişafından tutmuş, mənzil şəraitinin mövcudluğuna qədər. Hər bir şərt də konkret uşağın hüquq və mənafeyinə uyğundur. Bu mənada qanunvericilik müxtəlif şərtlər irəli sürür. Hətta övladlığa götürənlə götürülən arasındakı yaş fərqinə qədər.
Hazırda maksimum yaş həddini praktiki olaraq nəzərdən keçirirlər ki, 70 yaşlı şəxs 5-10 yaşlı uşağı övladlığa götürə bilməsin. Çünki övladlığa götürülərkən bu halda sui-istifadə edirlər. Belə ki, uşağın sonradan pensiya təminatı üçün bu addımı atırlar. Əslində uşaq bioloji valideynlərinin yanında tərbiyə alır, böyüyür, sadəcə, rəsmi şəkildə nənə-babasının övladı kimi yazılır. Onlar da qısa müddət sonra həyatdan köçürlər, nəvələri də övlad kimi pensiyasını alır. Bu sui-istifadə halları olur deyə, övladlığa götürmə üçün yaş həddi də müəyyən edirlər. Minimum isə qanunda var”.
C.Cəfərlinin sözlərinə görə, qanunsuz övladlığa götürmə ondan irəli gəlir ki, insanlar həmin uşaqların öz ailələrində böyüməsindən sui-istifadə edərək müəyyən imtiyazlar əldə etmək istəyirlər. Ümumiləşmiş təcrübə onu deməyə əsas verir ki, bir sıra hallarda şəxslər həqiqi mənada övladlığa götürməni həyata keçirmirlər, bu pərdə arxasında başqa niyyətlərinə çatmaq məqsədi güdürlər: “Ona görə bu məsələdə cəzaların sərtləşdirilməsi nəzərdə tutulub. İstər maliyyə cəzasının sərtləşdirilməsi, istər ictimai qınaqların formalaşdırılması və digər tədbirlər görülə bilər. Uşaqların övladlığa götürülməsi ilə bağlı qanunvericilikdə heç bir süni əngəl yoxdur. Düzdür, sənədlər siyahısı var, iş məhkəmə qaydasında gedir. Amma bütün bunların hamısı uşağın hüquq və mənafeyinin qorunmasından irəli gələn zərurət kimi ortaya qoyulur. Azərbaycan Respublikasının Konstitutsiyasında qeyd olunur ki, hər bir uşağın hüququ dövlət tərəfindən qorunur. Dövlət azyaşlılar qarşısında konstitusion öhdəlik götürüb. O öhdəliklərin yerinə yetirilməsi üçün də əlbəttə, qanunvericilik qaydasında bir sıra şərtlər müəyyənləşib. Bu münasibətləri xüsusiə Ailə Məcəlləsi tənzimləyir”.
Hüquqşünas qeyd etdi ki, cəzaların sərtləşdirilməsinin əhəmiyyəti olur: “Tarixən bütün cəmiyyətlərdə, dövlətlərdə, dövrlərdə quruluşundan asılı olmayaraq, cəza çəkindirmə məqsədi daşıyır. İstər cinayət cəzası olsun, istər maliyyə sanksiyaları, istərsə də inzibati tənbeh növündə tədbirlər… Bunlar sosial çəkindirmə funksiyasını həyata keçirir. İnsanlar törədəcəkləri əməlin hüquqa, qanuna zidd olacağını bir daha nəzərlərindən keçirsinlər, bu barədə düşünsünlər. Hesab edirəm ki, bu olacaq. Bir neçə on illiklər öncə Bakıda, yaxud rayon mərkəzlərində, kəndlərdə ağac kəsilməsinə cəmiyyətdə heç bir reaksiya yoxuydu. Olsa da, lokal xarakter daşıyardı. Hansısa ağsaqqal öyüdü formasında ifadə olunurdu, deyirdi ki, ay bala, bu ağacı niyə kəsdin, kölgəsində otururduq. İndi isə hamı bilir ki, bu, ekoloji cinayətdir, bir ağacın qanunsuz kəsilməsinə hətta dövlət başçısı səviyyəsində reaksiya verilir. Məsələnin aktuallığı ondan irəli gəlir ki, bir ağacın kəsilməsi təqsirli şəxsin ciddi şəkildə maliyyə sanksiyası ilə üzləşməsinə səbəb olur. Artıq ona görə insanlar əlində balta istədiyi yerdə, istədiyi işi görə bilmir. Nəinki sıravi insanlar, hətta şirkətlər də zərurət yarandığında, lazımi yerlərə müraciət edib müvafiq icazələri alırlar, ondan sonra kəsirlər, yaxud ağacların köklü olaraq çıxarılıb başqa yerdə əkilməsini təmin edirlər. Bu nəyin nəticəsidir? İsanlar birdən-birə ağacları sevdilərmi? Xeyr. Fikrimcə, daha çox çəkindirici fuksiya öz işini gördü”. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir