Qaqarin

Qaqarin necə öldürüldü?

Baxış sayı: 2. 606

1961-ci il aprelin 12-si… XX əsrə ilk kimi düşən hadisələrdən biri… Təyyarəçi Yuri Qaqarin Yer kürəsi ətrafında dövr edən ilk insan olub. Qaqarinin idarə etdiyi “Vostok-1” kosmik gəmisi Yerin ətrafında saatda 27 min kilometr sürətlə dövr edib. Bu  tarixi uçuş cəmi 108 dəqiqə davam edib. Uçuşun ən zirvə nöqtəsi Yerdən 327 kilometr yüksəklikdə olub. Bu uçuşda onun şifrli ləqəbi “Kedr” olmuşdu.

Sirlər…

Bir müddət əvvəl pilot-kosmonavt Aleksey Arxipoviç Leonov Yuri Qaqarinin həlak olması haqqında gizli sənədləri ortaya çıxarıb. 1968-ci il martın 27-də baş verən faciənin təfərrüatları bütün dünyaya gizli qalmışdı. Leonov isə bu faciənin son versiyasını səsləndirib. Əslində bu haqda sənədlər Dövlət Komissiyası tərəfindən möhürlənmişdi. Lakin 2011-ci ildə həmin ekipajın bütün üzvləri dünyasını dəyişəndən sonra sənədlərin məxfiliyi aradan götürülür.

Aleksey Arxipoviç müəyyən şərtlərə (məsələn, şəxsi məlumatlar hissəsinin yayılmaması kimi) əməl edərək sözügedən sənədlərlə tanış olur. Bundan başqa, orijinal versiyaların kopyalanmaması şərtlərin ən önəmlisi idi. Amma Leonov sənədlərin təsdiq edilməsinin başqa üsullarını axtarıb tapırdı. Onun ölümündən sonra  uzun müddət müəmmalı qəzanın səbəblərinə dair rəsmi məlumatlar bir çoxları tərəfindən skeptik qarşılanır. Leonov, “Qaqarinin ölümü ilə həqiqəti söyləmək üçün 20 il mübarizə apardım. Qəza ilə bağlı rəsmi açıqlamada deyilir ki, guya Qaqarinin təyyarəsi ani manevr edib və yerə düşüb. Bu, tamamilə yalandır. Əslində isə hər şey fərqlidir. Qaqarinin mindiyi təyyarə havada olarkən həmin hava sahəsində başqa bir Su-15 tipli qırıcı təyyarə görünməyə başlayıb. Pilot da 450 metr hündürlüyə qalxaraq Qaqarinin təyyarəsinin 10-15 metrliyinə yaxınlaşıb. Bu da Qaqarinin təyyarəsinin yerə düşməsinə səbəb olub. Bunları mən bilirəm və hamısını şahidlər deyib. Bu anlatdıqlarım iddia deyil, Qaqarinin ölümünün əsl səbəbidir. Bunları qəzanı araşdıran komissiyanın açıqladığı gizli sənədlər də təsdiq edir. Burada gizli heç nə yoxdur” deyib.

Qaqarinin həlak olmasının səbəblərini araşdırmış Dövlət Komissiyası nəticələri o dərəcədə gizli saxlayırdı ki, hətta mövcudluğunu belə bildirmirdi. Komissiyanın bəzi materiallarında göstərilir ki, Qaqarinin uçuş zonasında əlavə təyyarə uçuşuna icazə verilmir. Lakin bu maddə sənəddən götürülüb. Hazırda tapılan sənədlərdə isə Leonovun da dediyi kimi Qaqarinin təyyarəsi havada olarkən ondan 10-20 metr məsafədə başqa təyyarənin uçuşuna icazə verilib. Ən təhlükəli məqam isə o təyyarənin səs sürətindən daha sürətli uçması idi.

Vladimir Komarov Qaqarinin ömrünü uzatdı

1968-ci il martın 3-də “Jukovski” adına Hərbi Hava Akademiyasının qərargahında toplaşanlar sadəcə yüksək vəzifəli şəxslər idi: Hərbi Hava Qüvvələrinin ali təhsil müəssisəsinin müdiri, Hərbi Hava Qüvvələrlərinin baş komandanının köməkçisi, general-leytenant, Sovet İttifaqı qəhrəmanı və başqaları. Saat 10.00-da polkovnik Qaqarin zala girir. Qısa məruzə ilə çıxış edir. Hesabatının əvvəlində nisbətən həyəcanlı idi, bütün zal ona qulaq asır, sual dolu gözlər ona dikilmişdi. Yuri öz çıxışını bitirib zaldakılara nəzər yetirir. Bir-birinin ardınca gələn suallar təkcə diplom işi ilə bağlı yox, həm də bu yaxınlarda nələrin baş verəcəyi ilə bağlı idi. Hətta zaldakılardan biri “Fibanoççi metodundan necə istifadə edirsiniz?” – deyə soruşur. Digər suallar kimi buna da dolğun və aydın cavab verilir.

Və budur, müdafiə bitir. Komissiya müdafiə aktının hazırlığı üçün müdirin kabinetində müşavirə təşkil edir. On beş dəqiqə sonra ətrafa sakitlik çökür. Komissiyanın üzvləri yenidən öz yerlərini tutur. Komissiyanın sədri hər kəs tərəfindən imzalanmış protokolu oxuyur. Nəticə “əla” olaraq qiymətləndirilir. və Qaqarin akademiyada 6 illik təhsil hüququ qazanır. Bu vaxt ərzində o, kosmonavtların birinci dəstəsinin komandiri tərəfindən və Kosmonavtların Hazırlığı Mərkəzinin rəis müavini tərəfindən “İttifaq-1” kosmik raketinin uçuşu üçün hazırlaşdırılırdı. (1966-1967) Bu uçuşda Vladimir Komarovda dublyor idi. Raket orbitə çıxarılandan sonra Dövlət komissiyası komandir Qaqarinlə və ya kosmonavt Bıkovskiylə “İttifaq-2”-nin startı üçün qərar qəbul etməli idi. Amma birinci “İttifaq” orbitə çıxanda günəş batareyasının paneli açılmır. Qaqarin bu zaman əzrayılın pəncələrindən xilas olsa da, eniş sisteminin natamamlığına görə Vladimir həlak olur. Bu hadisə Qaqarinin həyatını il yarım uzadır.

Mən uçmalıyam!

Müdafiədən sonra hər kəsin əhvalı yaxşı idi. Ənənəyə görə, bu zaman şərab qədəhlərinin səsi ətrafdakı digər səsləri batırmalı idi. Qədəhlər qalxır, xidmət və təkliflərə görə, təbriklər yağır. Qərargahın nümayəndəsi isə öz fikirlərini xülasə edir:

“General Kuznetsov (Kosmonavtların Hazırlığı Mərkəzinin müdiri) getməyə hazırlaşır. Yuri Aleksey, siz bu təşkilata başçılıq etmək üçün hazırsınız”.

Yuri Qaqarin isə özünə məxsus şəkildə çıxış edir:

“Mən pilot kimi özümü daha da gücləndirməliyəm və bütün şərtlərdə, gecə-gündüz uçmalıyam. Əks halda, bu cür uçuş təşkilatına rəhbərlik etmək hüquqlarına malik ola bilmərəm”.

Qaqarin göylərdə həlak olur

Artıq martın 10-da Yuri təlimatçı ilə birlikdə uçmağa başlayır. 1968-ci il martın 27-si Qaqarin özünü “MİQ-17”-də sınayır. Amma bu uçuş onun əvvəlki bacarığını itirməkdə olduğunu göstərir. Yerə enən zaman düzgün hesablama apara bilmir və uzun müddət hərbi hava limanının üzərində dövrə vurmağa məcbur olur. O, yenidən kosmosa uçmaq niyyətində idi. Ona görə də Qaqarin inadla məşq edir, unutduqlarını bərpa etməyə çalışaraq gecə-gündüz hava limanından ayrılmırdı. Bununla belə, hamıya məlum idi ki, Qaqarin artıq təkbaşına uçmağa hazır deyil və bu, onu faciəyə doğru aparır. 1968-ci il mart ayının 27-də Moskva vaxtı ilə saat 10:18-də Qaqarin ve Seryogin Çkalovsk aerodromundan növbəti sınaq uçuşuna qalxırlar. Hava olduqca sakit və açıq idi. Sınaq uçuşu üçün 20 dəqiqə nəzərdə tutulmuşdu. Amma saat 10:30-da Qaqarin yerə enmək üçün icazə istəyir. Bundan sonra təyyarə ilə əlaqə kəsilir. 3 saatlıq axtarışdan sonra – saat 14:50-də təyyarənin qalıqlarını uçuş-sınaq mərkəzindən 85 kilometr aralı, Novoselovo kəndi ətrafında tapmaq mümkün olur. Bu, artıq son idi…

 

Əslində nələr baş vermişdi?

Martın 27-si 1968-ci il tarixinin birmənalı izahı yoxdur. Qəzanın başvermə səbəblərinin araşdırılması üzrə 3 hökumət komissiyası yaradılıb. Daha bir komissiya mövcud idi ki, onun yaradılmasından çoxlarının xəbəri olmayıb. Bir sıra ekspertlərə görə, 4-cü komissiyada “çekistlər” işləyib, məhz onların araşdırmaları “qərəzsiz” olub. Əks-kəşfiyyatın arxiv materiallarına görə, Qaqarin məhz rus səhlənkarlığının və başısoyuqluğun nəticəsində həlak olub.

Fərqli fikirlər, fərziyyələr

25 il Qaqarin adına kosmonavtlar hazırlayan Mərkəzdə işləmiş və Ulduz şəhərciyinin hərbi əks-kəşfiyyat şöbəsində xidmət etmiş N. Rıbkin qeyd edirdi:

“Sənədlər arasında mən Qaqarinin təyyarəsinin qəzasına aid kağızlara rast gəldim. Mən onları diqqətlə öyrəndim. Məndə belə bir təəssürat yarandı ki, Qaqarini əlbəttə ki, məqsədyönlü şəkildə ölümə gətirməyiblər. Qaqarin ölməyib, Qaqarini qorumayıblar…”

50-ci illərin sonlarında Qaqarinin müəllimi olmuş təlimatçı-təyyarəçi A.Kolosov xeyli fərqli düşünür:

“Nə qədər qəmli olsa da, Qaqarinin ölümünün səbəbi əsaslandırılmamış risk və səhlənkarlıqdır. Təyyarəçilər 1100-1300 metr hündürlükdə uçublar. Bu isə çox risklidir. Lakin təyyarəçilər bu riskə gediblər və uduzublar. Təyyarə buludlar arasından çıxan zaman aydın olub ki, hündürlük azdır, katapultasiya artıq gec idi. Təyyarəni şığıma vəziyyətindən çıxarmaq üçün azacıq hündürlük çatışmayıb”.

Yuri Qaqarinin böyük qardaşı Valentin Qaqarin qəzanın səbəbini belə izah edirdi:

“Düşünürəm ki, bu qəza əvvəlcədən diqqətlə işlənib hazırlanmışdı. Bir adamın üzərində həddən artıq, çox böyük şöhrət cəmlənmişdi. Onu polkovnik kimi dəfn etdilər, lakin faktiki olaraq, evdə general şineli onun kürsüsündən asılmışdı. Bütün generalitet onu layiq olmadığı mövqeyi tutan adam hesab edirdi. Baxmayaraq ki, mən hesab edirəm ki, onlar əslində ona qibtə edirdilər”.

Maraq doğuran məqamlardan biri də kosmosa uçuşdan iki gün əvvəl – 10 aprel 1961-ci ildə Yuri Qaqarin ömür-gün yoldaşına həyatının sanki son məktubunu yazır. Əslində o dövrdə kosmosa uçuşu açıq ölüm adlandırırdılar. Bəlkə də bu səbəbdən Qaqarinin naməsinə də “ölüm məktubu” deyirdilər. Amma həmin tarixi məktub ünvanına çatmaq üçün 7 il gözləməli oldu.

Yuxarıda da qeyd edildiyi kimi, uçuş haqda sənədlərin saxtalaşdırılması və ya müəyyən dəyişikliklərin edilməsi Qaqarinin arzularını, istəklərini bu dünyada qoydu…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir