QARPIZ

Qarpız alarkən və yeyərkən nələrə diqqət etməli?

Baxış sayı: 821

İsti yay günlərində bədənin su ehtiyacını qarşılayan qarpızın 92 faizi sudan ibarətdir. Qarpız antioksidantlar, A, C, B1, B5, B6 vitaminləri, kalium və maqnezium kimi elementlərlə zəngindir. Qarpızın tərkibində olan likopen xərçəng əleyhinə güclü təsirə malikdir. Bundan əlavə, qarpız ürək-damar xəstəlikləri, iltihab əleyhinə, həzm sistemi, dəri və böyrək xəstəlikləri zamanı da effektiv təsir göstərir.

Qida Təhlükəsizliyi İnstitutunun Bitki sağlamlığı şöbəsinin mütəxəssisləri Ceyhunə Cəfərova, Tərlan Qorçiyeva və Nəzakət Mirzəzadənin hazırladığı maarifləndirici materialda qarpız istehlakı zamanı riayət edilməli vacib məqamlardan bəhs olunur.

 

Qarpız indi daha tez yetişir

Əvvəllər qarpız iyul-avqust aylarında yetişirdi. Lakin hazırda əkinçilik vərdişləri dəyişdiyinə, tez yetişən sortlar yaradıldığına, istixanalarda və əkin sahələrində daha müasir aqrotexniki üsullar tətbiq olunduğuna görə məhsul iyun ayında da yetişir. Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil. Burada əsas diqqət yetirilməli məqam qarpızın yetişdirilməsində gübrə və pestisidlərdən düzgün istifadə edilməsidir. Gübrə növləri və pestisidlər vaxtında və düzgün tətbiq edilməyəndə məhsulun böyüməsinə və məhsuldarlığına səmərəli təsir göstərmir. Məhsulun tərkibində nitrat, nitrit və yaxud pestisid qalıqlarının miqdarının çox toplanması qarpızın keyfiyyətinin pisləşməsinə və hətta zəhərlənmələrə də səbəb ola bilər. Qarpız kəsildikdə içərisindəki kütlənin yumşaq, damarlarının qabarıq gözəçarpan şəkildə olması nitratın miqdarının normadan artıq olmasının göstəricisidir. Bu hal istər tez, istərsə də gec yetişən məhsullarda ola bilər. Buna görə də zəhərlənmə hallarının qarşısının alınması üçün qarpızın düzgün şəkildə yetişdirilməsinə diqqət yetirmək lazımdır.

 

Kəsilmiş qarpızı necə saxlamalı?

Kəsiləndən sonra qarpızın qaydalara uyğun saxlanmasına riayət edilməlidir. Ümumiyyətlə, qarpız və yemişin kəsilən gün istehlak olunması məsləhətdir. Kəsildikdən sonra soyuducuda müvafiq rejimdə saxlanmasına əməl edilməlidir. BMT-nin “Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı”nın (FAO) məlumatına əsasən, bütöv qarpızın 10-15 dərəcə C, xırda hissələrə doğranmış qarpızın isə ağzı kip qapaqlı qablarda +5 dərəcə C temperaturda saxlanılması məsləhət görülür. Eyni zamanda kəsilmiş qarpızın üzəri qida üçün nəzərdə tutulan plastik örtüklə kip bağlanılaraq, soyuducunun meyvə-tərəvəz üçün nəzərdə tutulan bölümündə saxlanılmalıdır. Kəsilmiş qarpız növbəti günə qaldıqda isə mütləq şəkildə həmin hissənin üst səthi nazik qat şəklində kəsilib kənarlaşdırılmalıdır. Həmçinin qarpızın alma, pomidor, banan kimi etilen qazı ifraz edən meyvələrin yanında saxlanması yolverilməzdir. Etilen qazının təsirinə məruz qalan qarpızın qabığı nazikləşir, yumşalır və nəticədə keyfiyyətini itirir.

 

Rənglərə diqqət

Qarpız alarkən onun rənginə, bərkliyinə, ölçüsünə və saplağına fikir verilməlidir. Qarpızın üzərində açıq sarımtıl-yaşıl və tünd yaşıl rəngdə zolaqlar, əsasən, bərabər ölçüdə olmalı və sərhədlərlə ayrılmalıdır. Üzərindəki sarı ləkələr isə onun torpaqla təmasda olduğu yerlərdir. Qabığının hamar, səthinin parlaq olması qarpızın yetişməsinin, rənginin mat və solğunluğu isə köhnəliyinin əlaməti hesab edilir. Yaşıl rəngli saplaqlar qarpızın tam yetişmədiyini göstərir. Yetişmiş qarpızın saplağı quru, rəngi isə dəyişik olur. Ölçüsü nə kiçik, nə də böyük olmamalı, orta ölçüdə qarpız seçilməli və ələ aldıqda ağır gəlməlidir. Oval qarpız sulu, yumru qarpız isə şirin olur. Qarpızın üzərində çürümə əlamətləri və çatlar olmamalıdır. Günəş altında və yol kənarlarında satılan qarpızların alınması tövsiyə edilmir. Yerdən 20 santimetr hündürlükdə olan piştaxtaların üzərində satılan qarpızlara üstünlük verilməlidir. Kəsilmiş, doğranmış qarpızları almaq və ya satış nöqtələrində kəsdirmək məsləhət deyil. Qarpızı kəsməzdən əvvəl onu yaxşı yumaq, təmiz və quru bıçaqla kəsmək vacibdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir