QARPIZ

Qarpızdan ölməmək istəmirsinizsə, bu yazını oxuyun

Baxış sayı: 1. 063

Son vaxtlar qarpızdan zəhərlənmə halları artmaqdadır. Ümumiyyəttlə, qarpız zəhərlənməsi qida zəhərlənmələri arasında ən təhlükəlisi sayılır və bunun fəsadları uzun müddət davam edir. Mütəxəssislər bildirirlər ki, qarpızın qırmızı, şirin olması heç də onun zəhərsiz olduğuna dəlalət etmir. Zəhərlənməyə səbəb qarpız yetişdirilərkən onun tərkibinə vurulan gübrələr və dərmanlardır. Bir sıra mütəxəssislər avqust ayının 10-15-nə kimi qarpız yeməyi məsləhət görmür.

Mütəxəssislər söyləyirlər ki, qarpız alarkən onun zərərsiz olduğunu təyin etmək mümkündür. Belə ki, təzə qarpız təmiz, bütöv, sağlam və öz növünə xas rəngdə olur. Yetişmiş qarpızın saplağı, yanındakı bığcığı quruyur, növə məxsus naxışı tam aydınlaşır. Səthi parlaq olan qarpızları kəsərkən, adətən yetişmiş çıxır. Keyfiyyətli qarpız bütöv, zədəsiz və quru saplaqlı olmalıdır.

Qarpızın üzərində sarı ləkələr çoxdursa, bu, o deməkdir ki, qarpızın kal çıxma ehtimalı yüksəkdir. Belə qarpızlar həm də şirin olmur. Ona görə də qarpız seçərkən bu məqamlara diqqət etmək lazımdır. Qarpızın tərkibində su, şəkər, azotlu maddələr, mineral maddələr və digər bir sıra vitaminlər var. İnsan orqanizmi üçün bir sıra müsbət təsirləri olan qarpız susuzluğu aradan qaldırır, bədənə soyuqluq və rütubət verir. Qarpız eyni zamanda həzmə yaxşı kömək edir, qanı durulaşdırır. Qarpız yeməklə öd ağrılarını azaldıb, qan təzyiqini tənzimləmək mümkündür.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bir kiloqram qarpızın tərkibində maksimum 60 milliqram nitrit olmalıdır: “Əhali bilməlidir ki, hazırda qarpızların və yemişlərin yetişdirilməsində külli miqdarda nitritlərdən istifadə olunur. Nitritlər insanı tədricən zəhərləyən kimyəvi maddələrdir. Normalara görə bir kiloqram qarpızın tərkibində 60 milli qramdan çox nitrit olmamalıdır. İnsan gün ərzində 200-300 milli qramdan artıq nitrit qəbul etsə zəhərlənər”.

Mütəxəssislərin sözlərinə görə, tərkibində nitritin normal olduğu qarpızı da çox yeyərsə, zəhərlənmə baş verər. Yəni əgər 1 kiloqram qarpızda 60 milli nitrit varsa, 3 kilo qarpız yedikdə 180 milli nitrit qəbul etmiş oluruq. Bunun nəticəsində isə zəhərlənmə yaranır. Eyyub Hüseynov söyləyib ki, monitorinqləri zamanı bəzi qarpızlarda nitritin miqdarı normadan artıq çıxıb. Mütəxəssis söyləyib ki, həmin qarpızları az miqdarda da yedikdə zəhərlənmə baş verir: “Əhali bilməlidir ki, Azərbaycanda ekoloji cəhətdən təmiz və orqanik qarpız 5-6 kilodan çox olmalı deyil. Əgər qarpız 6 kilodan böyükdürsə, deməli, o gübrələnib, artıq zəhərlidir. Normal qarpızın qabığı yarım santimetrdən artıq olmamalıdır. İçi al qırmızı olmalıdır. Özəyi ən yeməli yeridir, orada ağ zolaqlar olmamalıdır. Bunlar hamısı onun gübrədən zəhərlənməsinin əlamətləridir. Qarpıza bıçaq vuran kimi partlamalıdır. Lakin bu məsələləri istehlakçılar zəif bilirlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir