Qarşıdakını həqiqəti deməyə necə vadar etmək olar?

Baxış sayı: 1. 625

Yalanla hər gün üzləşsək də, həqiqəti deməyə çəkinirik. Nədənsə insanlar baş verən hansısa hadisənin faktlarını dəyişdirib danışdırır, xoşagəlməz hadisələrdə özünü müdafiə edir, başqalarını günahlandırır. Hansısa məsələ ilə bağlı verdiyi vacib qərarın əsl səbəbləri barədə susur. Görəsən, həqiqəti açıb deməyə vadar edən üsullar varmı?

Psixoloq Elnarə Bağırovanın sözlərinə görə, müasir zamanda həmsöhbətinin doğru və ya yalan dediyini öyrənməyin müxtəlif üsulları var. Psixoloji metodları işə salaraq insanın uzun müddət susduğu məsələ barədə də danışdırmaq olar. Bunu həm insanı çox danışdıraraq, ağzından söz alaraq etmək olar, həm də insan əsəbi, gərgin vəziyyətdə olarkən onu danışdırmaqla çox şeyi öyrənmək mümkündür. İnsan əsəbləşdikdə istər-istəməz demək istəmədiyi şeyləri də bildirir. Özünü çox kədərli, məyus və peşman hiss edən anlarda da insanlar həqiqəti deyirlər.

E.Bağırova qeyd edib ki, insana qəfil hansısa məsələ ilə bağlı sual verdikdə onun həqiqəti demək ehtimalı daha çoxdur: “Belə anda insan hazırlıqsız olur və həmin sualı gözləmir. Bu səbəbdən də sizi maraqlandıran məsələ ilə bağlı sual qəfil verilməlidir. Bəzi insanlar söhbət zamanı söz düşəndə sualı verir. Bu isə qarşıdakına yalan uydurmağa imkan qazandırmaq deməkdir. Sualı söhbətə uyğun olmadan, cümlələrin məntiqi ardıcıllığını pozaraq vermək lazımdır. Yaxşı olar ki, bu zaman söhbət edərkən mehriban ab-hava yaradasız. Söhbət zamanı dəfələrlə həmsöhbətinizə ona inandığınızı hiss etdirin. İnsanlar onlara olan inam qarşısında aciz qalır və çox vaxt gizlətdiklərini etiraf edirlər. Danışarkən gülümsəməyi, dostcasına çiyninə əl qoymağı da unutmayın. Söhbətiniz çox sakit və səmimi olmalıdır. Monoton söhbət zamanı verilən sanki yersiz kimi səslənən sual daha çox gözlənilməz effektini verəcək”.

Psixoloqun bildirdiyinə görə, elə tip insnalar var ki, qəfil sualdan da yayınmağı ustalıqla bacarırlar və ya heç bir cavab vermirlər. “Belə olan halda həmsöhbət suala cavab vermək əvəzinə susmasın və ya söhbəti dəyişdirməsin, zarafatla cavab verməkdən yayınmasın deyə sualı başqa adamların yanında verin. Sualı bərkdən deyin ki, başqaları da eşitsin. Həmsöhbətiniz başa düşəcək ki, sualı hamı eşitdi. Sualın qəfil və gözlənilməz olması isə ona olan cavabın həqiqət olma ehtimalını yüksəldir”.

Təhdid etmək pis əməl hesab olunsa da, həqiqəti aşkarlammaq üçün çox effektivdir. Misələn, uşaq yalan desə, ona kompüterdə oynamağı qadağa edəcəyinizi deyirsiniz. Kompüterlə oynamaq istəyi ona güc gəldiyi üçün o, düzünü söyləyəcək. Böyüklər arasında da təhdiddən yararlanmaq olar. “Kimisə təhdid edərkən onun zəif və “yaralı yerlərinə” toxunmaq lazımdır. Həqiqəti deməsə isə şərtlərinizi yerinə yetirin. Əks halda cəzalanmayacağını ehtimal edərək şəxs yalan danışa bilər”.

Həqiqəti uzun müddət gizlədən insana “mən hər şeyi bilirəm” deməklə onu çaşdırmaq və həqiqəti deməyə vadar etmək olar. Qarşıdakı insan qorxaqdırsa, dərhal gizlətdiyini üzə çıxararaq özünü müdafiə etməyə səy göstərəcək. Onun üz-gözündən həqiqətən də nəyisə gizlətdiyi məlum olacaq. Əgər nədənsə şübhlənirsinizsə və şübhələriniz güclüdürsə, bu üsul çox effektivdir. Bu zaman “mən hər şeyi bilirəm” deyərək, müəyyən faktları da aydınlaşdıra bilərsiniz. Faktları bilmirsinizsə, şübhələrə əsasən fantaziyanızı işə salın. Ehtimal etdiyiniz bir hadisəni təsvir edərək qarşıdakını hər şeyi bildiyinizə inandırın. “Mən hər şeyi bilirəm, amma yaxşı olar ki, sən özün danışasan”, “Mən hər şeyi bilirəm, amma sən özün danışsan səni bağışlayacağam” kimi sözlər də insanı həqiqəti danışmağa məcbur edir.

Digər effektiv bir üsul həqiqəti gizlədənə onun etibar etdiyi bir insanın hər şeyi açıb danışdığını deməkdir. Psixoloq məsləhət görür ki, bu xəbəri də həmsöhbətinizə qəfil deyin. Belə ki, o, xəbəri eşitdikdə şoka düşə bilər. Bunu aydınlaşdırmağa gücü çatmaz. Hər bir insana şübhələnmək xas olduğu üçün də bu üsul nəticə verir. Qarşıdakı aciz vəziyyətdə qalıb həqiqəti etiraf edəcək. Bunu etməsə belə, hərəkətləri, üz ifadəsi onu büruzə verəcək. Buna oxşar bir üsul isə nəyisə gizlədən şəxsin etibar etdiyi adamla yaxın ünsiyyət qurmaqdır. Bir gün söhbət zamanı həmin adama həqiqəti gizlədən şəxsin hər şeyi danışdığını açıqlayın. “Söhbət zamanı “görürsən də”, “elə bilirdi ki, gizli qalacaq” kimi sözlərlə onu həyəcanlandırın. O, təəccüblənərək öz fikirlərini sizinlə bölüşəcək. Bu zaman da siz həqiqəti öyrənəcəksiz. Bunu edə bilməsəniz belə üzülməyin, hər bir həqiqət gec-tez üzə çıxır”.

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir