qaynana-gelin

Qayınana gəlin, ailə böyükləri ilə gənclər arasında münasibətlər necə tənzimlənməlidir?

Baxış sayı: 156

Azərbaycanda bu il qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb. Dövlət Sitatistika Komitəsindən verilən məlumata görə, cari ilin doqquz ayı ərzində qeydiyyat şöbələri tərəfindən 45977 nikah və 11102 boşanma halları qeydə alınıb, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,3, boşanmaların sayı isə 1,5 olub.

Hər dövrdə ailədaxili problemlər mövcud olub. Qısqanclıq, maddi çətinliklər, xasiyyət uyğunsuzluğu, xəyanət, şiddət və s. cütlüklər arasında narazılıq yaradıb və boşanmalara səbəb olub. İllərdir ki, qayınana faktoru da ailələrin dağılmasına səbəb kimi göstərilir. Yeni qurulan ailələrə böyüklərin müdaxilə etməsi davalar, mübahisələr yaradır.

Qayınana gəlin, ailə böyükləri ilə gənclər arasında münasibətlər necə tənzimlənməlidir

 

psixoloq.jpg (32 KB)

Mövzu ilə bağlı danışan psixoloq Vəfa Rəşidova deyir ki, gənc ailə ilə qayınana arasında anlaşılmazlıq daim olub: “Bu problem hər zaman olub, var və daim olacaq. Yaşlı nəsillə gənc nəslin fikri üst-üstə düşməyə bilər. Bu normaldır, qəbul etmək lazımdır. Yaşlı nəsil hər şeyi dünyanı gördüyü kimi oğlunu və gəlinini elə görmək, idarə etmək istəyir. Amma insan olan yerdə daim yenilik və dəyişim var. Hər kəs anlamalıdır, dünyada daim inkişaf gedirsə, insanlar da dəyişir, onların fikirləri, dünyaya baxışı fərqliləşir. Gənc və yeni ailə qurmuş insan hər şeyin gözəl olmasını istəyir. İnsanlar yaxşı yaşamaq, ailəsini özü kontrol etmək evinin müasir dizaynda olmasını istəyir. Bu böyüklərə hörmətsizlik deyil.

Sadəcə, insanın öz istəklərini reallaşdırmasıdır. Böyüyə hörmət adı ilə gənclər hüquqlarını itirməməli, istəklərinin üzərindən xətt çəkməməlidir. Biz elə başa düşürük ki, öz istəklərimizdən, zövqlərimizdən, arzularımızdan böyüklərə, yaşlılara görə keçməliyik. Bu hörmət deyil. Böyüklərə, qayınana-qayınataya hörmət belə deyil. İnsanlar aralarındakı məsafələri qorumalıdır. Aradan pərdə götürüləndə qıcıqlıq yaranır, davalar başlayır, iş məhkəmədə boşanma ilə bitir. Ailəyə qayınana-qayınata müdaxilə edəndə bəy gəlinin gözündə avtoritet ola bilmir, gəlinin gözündən bəy düşür, xəyalındakı qəhrəman qəhrəmanlığını itirir. Düşünür ki, bəy özünü müdafiə etmək, sözünü deyə bilmə gücünə malik deyil. O zaman bu problemlər ortaya çıxır. Hər xanım istəyir ki, öz ailəsi olsun, ailəni həyat yoldaşı ilə özü idarə etsin. Biz hörmətlə öz seçimlərimizi həyata keçirməyi ayırmalıyıq. İstəməzdim ki, qayınana faktoruna görə ailələr dağılsın. Çünki gənc ailə səriştəsiz olur, problemlərdən özü çıxmaq, güclənmək istəyir. Kənar müdaxilələr isə buna imkan vermir. Sivil düşünmək lazımdır.

1443706490_93d7d8114892.jpg (31 KB)

Hər zaman gəlin və qayınana-qayınata və gənc ailə məqamlarında sivil davranmaq lazımdır. Hörməti və  aradakı pərdəni qorumaq lazımdır. Biz hörmətin nə olduğunu anlamalıyıq. Praktikamda da rast gəlmişəm. Gəlin ilk gələn gündən pərdəni də qorumur və “səmimi” olmağa çalışır. Aradakı pərdəni götürür və getdikcə münasibətlər pozulur. Qayınana və gəlin münasibətlərinin pozulmasına bir səbəb də bəydən narazılığı aralarında danışmalarıdı. O zaman bəyin kişi modeli pozulur. Bizdə şablon fikir yaranıb ki, hamı bir-birini sevməlidir. Qayınana gəlini, gəlin qayınananı sevməli deyil, “sevgi”ni göstərməyə cəhd etmək lazım deyil. İnsan özü kimi olmalıdırvə qarşısındakına  hörmət etməlidir. Süni münasibətlər ailəni dağıdır. Insanların bir-birindən gözləntisi az olmalıdır.

Xasiyyət uyğunsuzluğu da ailə münasibətlərini pozur. Bütün məsələlər ailələri dağıdır. Bunu böyütmək lazım deyil. İnsanların hamısının eyni xarakterdə olması mümkünsüzdür. Yeni qurulan ailədə 3 il ərzində xasiyyət uyğunlaşması gedir. Ailə üzvləri bu müddətdə bir-birini tanımalıdır, “xasiyyətimiz uyğun gəlmir” deyib, dərhal ayrılmaq olmaz. İki bacının xasiyyəti eyni olmur, bir qızla oğlanın xasiyyəti necə eyni olsun? Ailə quran gənclər səbirli olmalıdır, bir-birilərinə güzəştə getməlidir”.

tttt-7.jpg (77 KB)

Mütəxəssis ailədə qadının üzərinə düşən vəzifələrdən də danışdı: “Ailələrin dağılmasına bir səbəb də qadınların qoruyucu olmamasıdır. Kişilər ailəni qadının qorumasını istəyir. Qadınlar isə ailədən tez əl çəkəndə daşlar yerindən oynayır. Yeni ailə qurmuş xanıma getdiyi ailəni öyrənməyə vaxt lazım olduğu qədər, qayınanaya da gəlini tanımasına zaman lazımdır. “Qayınana pisdir, ya gəlin pisdir, yola getmirlər” deyib, kimisə günahlandırmaq olmaz. Onların bir-birini tanıması üçün zaman lazımdır. Gəlinlər ailəyə gələn kimi istəyir ki, qayınana onu sevsin. Amma elə olmur, tərəflər bir-birini tanımalıdır. Qızlar gedən kimi qayınana tərəfindən sevilməyi gözləməsinlər. Bu bir xəyaldır. Ailədə xanımın üzərinə yük çox düşür. Xanımlar ilk gündən ailəsinin təməlini qoymalıdır. Problemləri ər-arvad arasında  həll olmalıdır, problem valideynlərə çatdısa, o ailədən ailə olmaz. Gənclər özlərini hazır hiss edəndə ailə qurmalıdır. Hər şey insanın dünyagörüşündən, daxili aləmindən asılıdır. Hər xanımın xəyalında ideal ailəsi olur. Gəlin gəldiyi ailədə xəyalının əksini görəndə stress keçirirlər, kontrolu itirirlər. belə olmamalıdır. Xanımlar səbirli və qoruyucu olmalıdır.

Psixoloq gənc ailənin ayrı yaşamaq istəməsinin problemə çevrilməsinə də toxundu: “Hər zaman demişəm: “El elə sığar, ev evə sığmaz”. Yeni ailə ilə yaşlı nəsil bir evdə yaşamasa, daha yaxşıdır. Bunu praktikama əsasən deyirəm. Yeni qurulan ailənin möhkəmlənməsi üçün vacibdir. Gənclər öz ayaqları üzərində dayanmasa ailələri möhkəmlənməz, uzunömürlü olmaz. Bəzən inciyirlər ki, qayınana ilə yaşamaq istəmirsən, qayınananı sevmirsən. Bu yanlış fikirlərdir. Məndən məsləhət alan insanlara da deyirəm ki, ailə münasibətlərinizi qoruyun, eyni zamanda öz dəyərlərinizə hörmət edin. Gənc ailə ayrı yaşayanda bəy də ailəsi üçün çalışır, məsuliyyəti artır. Bu isə ailənin uzunömürlü olmasına gətirib çıxarır”.

 

Könül İbrahim

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir