qaynana-gelin

Qaynana-gəlin anlaşmazlığının günahkarı kimdir?

Baxış sayı: 462

Ölkə üzrə dağılan ailələrin boşanma səbəblərində üçüncü əl xüsusilə qeyd olunur. Qeyd edək ki, üçüncü əl rolunda çox zaman qaynana çıxış edir. Bu klassik mövzudan həyatımızda o qədər sıx bəhs olunub ki, haqqında yüzlərlə lətifə və hekayə yaranıb. Bəzən gülüşlə qarşılanan bu problem bir çox hallarda ailənin dağılması və hətta ölümlə də nəticələnir. Xüsusilə gəlin və qaynana eyni evdə yaşayırlarsa, problem daha qabarıq şəkildə özünü göstərir. Gəlin və qaynananın birlikdə yaşamadığı vəziyyətlərdə də tərəflər arasında problemlər yaşanmaqdadır. Bir çox hallarda bu problemlərin mərkəz nöqtəsi evin idarə edilməsi, qarşılıqlı ünsiyyət məsələləri sayılır. «Gəlin mənim süpürgəmdir, harda qoydum, orda da durmalıdır» kimi ifadəni «Qaynana» filmindən xatırlayırıq. Bu film gəlin-qaynana münasibətlərindəki problemləri özündə əks etdirən ən yaxşı nümunədir. Qaynana gəlin arasındakı xoşagəlməyən münasibətlər bəlkə də azərbaycanlılar qədər digər millətlərdə yoxdur. Hər halda, bizdə vəziyyət daha kəskin xarakter alıb. Son illər KİV-də qaynananın gəlinini döyməsi, öldürməsi və ya qatil rolunda bezmiş gəlinin çıxış etməsi kimi kriminal xəbərlər az deyil. Ortada acı bir həqiqiət var. Gəlinlər qaynanalardan, qaynanalar isə gəlinlərdən şikayətçidir.

qaynana

Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin sektor müdiri Vəsilə Möhsümovanın bildirdiyinə görə, gəlin-qayınana münasibətlərinin kəskinləşməsi nəticəsində gəlinlər müəyyən zorakılıqlara məruz qalırlar. Gəlin-qayınana münasibətləri çox aktual bir mövzudur. Bu münasibətlər Şərq ölkələrində, xüsusilə Azərbaycanda bir növ mentalitetə çevrilmiş məsələdir: «Problem bu günün problemi deyil. Bunun tarixi kökləri var. Bu məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır. Çünki hansı şəraitdə, hansı münasibətlərdə hadisələrin baş verməyi çox vacibdir. Əvvəllər daha çox xarakterik olan bir oğulun anası və sevdiyi qadın tərəfindən paylaşa bilməməsi məsələsi var idi».

Vəsilə Möhsümovanın sözlərinə görə, son dövrdə valideynlər tərəfindən ailələrə çox təsir olur: «Avropa ölkələrinin əksəriyyətində övlada 18 yaşa qədər təhsil verir, onu müstəqil həyata hazırlayırar. Bundan sonra onu sərbəst buraxırlar. Bizdə necədir? Bizdə oxudur, təhsil verir, evləndirir, övladının uşağı olur. Amma yenə də valideynin övladı həmişə nəzarət altında saxlayır, ona sərbəstlik vermir. Bu vaxt da müəyyən problemlər yaranır. Qayınananın istəyi ilə gəlin razılaşmır, gəlinin istəyi ilə də qayınana. Gənc ailələrə bir az sərbəstlik vermək lazımdır. Gəlin-qaynana problemləri dərhal yaranmır, bu gərginliklər günbəgün yığılır və birdən özünü biruzə verir. Gənclərə doğru istiqamət verilməlidir. Çətin vaxtlarında onlara maddi və mənəvi dəstək olmaq lazımdır. Ancaq onların istəklərini məhdudlaşdırmaq olmaz».

Vəsilə Möhsümovanın dediyinə görə, bu məsələlərin kökündə isə daxili mədəniyyətin formalaşması durur: «Bu münasibətlərin gərginləşməsi nəticəsində yaranan boşanmaların sayı çox deyil. Gəlin-qayınana münasibətlərinin pisləşməsi ailələrdən asılıdır. Elə bir ailə var ki, qaynana deyir ki, gəlin təmizkar deyil, digərində isə qaynananın gəlininin xasiyyətindən xoşu gəlmir. Yaxud da gəlinlər müxtəlif səbəblərlə qayınanalarını təqsirləndirir. Psixoloji və fəlsəfi nöqtədən yanaşsaq demək olar ki, hər iki tərəfdə bu və ya digər dərəcədə müəyyən günahlar var. Əsas odur ki, onlar güzəştə getməyi bacarsınlar. Belə ailələrə hüquqi yardımdan daha çox psixoloji yardım göstərmək lazımdır. Komitə rəsmisinin sözlərinə görə, Azərbaycan qanunvericiliyində gəlin-qaynana münasibətləri, ailədə kiminsə rolunun tənzimləməsi məsələləri hələ öz əksini tapmayıb. Ailə bərabərlik prinsipləri əsasında qurulur və bu prinsip əsasında da idarə olunmalıdır.

Ekspert onu da vurğuladı ki, gəlin-qaynana münasibətlərinin kəskinləşməsi nəticəsində gəlinlər müəyyən zorakılıqlara məruz qalırlar: «Bu zorakılıqlar — evdən qovulma, əmlak hüququndan məhrum etmə, uşaqların əlindən alınması, uşaqlarla görüşə icazə verilməməsi kimi olan qadağalardır. Bunlar boşanandan sonra olan qadağalardır. Boşanma həddinə çatınca isə hər kəs öz metoduna uyğun qadağalar qoyur. Bəziləri qohum evinə, ata evinə, ümumiyyətlə, çölə çıxmağa icazə vermir».

qaynana-gelin

Psixoloq Narınc Rüstəmova bildirir ki, müxtəlif ailə tipləri var: sərbəst, demokratik, avtoritar və üçüncü şəxsin müdaxiləsi olan ailə tipləri. Sonuncu ailə tipində əsas rolu qaynanalar oynayır: «Gəlin-qaynana münasibətlərinə gəldikdə isə ya qayınana gəlini pisləyir, ya da gəlin qayınananı. Ortaq nöqtə tapmaq çox çətin olur. Belə hallarda qaynana fikirləşir ki, oğlunu 25-30 yaşına kimi böyüdüb və birdən digər bir qadının onun oğluna sahiblənməsi qayınanada müəyyən qıcıq yaradır. Bu zaman oğlunu paylaşa bilməməsi düşüncəsi meydana çıxır. Bizə bu məsələ ilə bağlı belə bir müraciət oluşdu. Qaynana özlüyündə müşahidə edirmiş ki, görüm oğlum mənə nə qədər vaxt ayırır, öz həyat yoldaşına nə qədər. Qaynana məsələlərin xırdalığına kimi gedirdi. Artıq onda aqressiya yaranmışdı. Bu qayınana ya oğlu ilə problem yaradırdı, ya da gəlini ilə. Onun üçün əsas odur ki, ortada bir problem olsun və o, böyük kimi bu problemi həll etsin. Belə münasibətlər daha çox gəlin-qaynana bir yerdə olan ailələrdə yaşanır. Elə ailələr də var ki, burada qayınana hər işi öz üzərinə götürür. Gəlinin edəcəyi işləri də görür. Bu halda da münaqişələr meydana çıxır. Gəlin deyir ki, sənin anan mənim işimə qarışır, yaxud da gəlində tənbəllik yaranır və nəticədə problemlər baş qaldırır».

Narınc Rüstəmovanın sözlərinə görə, iki tip qaynanalar var: idarəedənlər və araqarışdıranlar (avanturistlər). Gəlin bilməlidir ki, onun qayınanası idarəedəndir, yoxsa araqarışdıran: «İdarəedən qayınanalar istəyir ki, hər şeyi öz üzərinə götürsün. Bu qaynanalarla yola getmək asandır. Belə qadınlar xoşlayırlar ki, gəlinləri hər zaman onlarla məsləhətləşsin və o da öz böyüklüyünü hiss etsin. Əgər gəlin bu qayınanalarla məsləhətləşirsə, onun fikirlərini öyrənirsə bu vaxt qaynananın gəlinə münasibəti çox yaxşı olur. Belə hallarda konfliktlər də azalır. İkinci tip araqarışdıran qaynanalardır ki, onlar bir az təhlükəli olur. Çünki onlarla yaxşı davransan da pis başa düşəcəklər, pis davransan da. Sadəcə onlarla münasibətdə az olmaq lazımdır. Bu vaxt sakit durmaq yaxşı effekt verir. Onların gözlərinin içinə bax və dinlə. Belə tiplər «mən», «mən» sözünü qətiyyən sevmirlər. Bu günkü qaynanaların əksəriyyəti araqarışdıran tiplərdir». Psixoloqun fikrincə, 3-cü şəxsin müdaxiləsi nəticəsində baş verən boşanma halları az olur: «Bu əksərən uzunmüddətli konfliktlərin yaranmasına gətirib çıxardır. Çünki qaynana ailədə problem yaratsa da o, ailənin dağılmasını istəmir. O, yalnız istəyir ki, oğlunun yanında olsun».

Narınc Rüstəmova deyir ki, bu məsələlərlə əlaqədar onlara müraciətlər çox olur: «Bəzən iki evli şəxs bizə müraciət edir ki, biz bir-birimizi başa düşmürük. Səbəb nədir? Biz səbəbləri araşdırırıq və sonda səbəbin qayınana olduğu aydınlaşır. Belə hallarda problemi iki tərəf də həll etməlidir. Həm oğlan tərəfi, həm qız tərəfi. Qaynana deyərkən bizim gözlərimizin önündə bizə sərt, tələbkar, oğlunu qısqanan bir obraz canlanır. Gəlin dedikdə isə qayınanaların təsəvvürünə oğullarını əllərindən alan bir rəqib gəlir. Əslində bu cür yanaşma düzgün deyil. Ümumiyyətlə, gəlin-qaynana münasibətləri oğuldan asılıdır. Oğul anası ilə necə davranırsa, həyat yoldaşı və anası arasında necə pərdə saxlayırsa bu sonacan da belə gedir».

qaynana

Psixoloq Sevda Çopurova isə deyir ki, öz həyat yoldaşlarını itirən analar oğullarına daha yaxın olurlar və bu zaman oğullarını gəlinləri ilə bölüşə bilmirlər və sonda münaqişələr yaranır. Çox vaxt gəlin-qaynana münasibətlərində gəlinlərin hüquqları pozulur: «Belə ki, qayınana gəlinə aid olan hər işi görür. Gəlinlə rəqabətdə olur. İstəyir ki, o, oğluna daha yaxın olsun. Bir növ özünü oğlunun yoldaşı yerinə qoyur. Bu zaman artıq böyük problemlər ortaya çıxır. Gəlin qaynanadan küsür, özünəinamsızlıq yaranır və gəlin arxa plana keçir. Əksər vaxtlarda təmizliyə həssas olan gəlinlər qaynanaların tökdüklərini yığmağa çalışırlar. Bu zaman əsəb hissi keçirirlər. Yaxud da sərbəst bir ailədə böyüyən gəlin çətin bir qayınananın yanına düşür. Qayınana da onun geyiminə, şəxsi işlərinə qarışır. Bu da gəlinlərdə müəyyən problemlər yaradır və qızlar özlərini qaynanalarının qulluqçusu hesab edir. Müasir dönəmdə belə bir problem də var ki, yeni qurulmuş ailəni qaynana və qayınata idarə edir. Artıq bu zaman oğul pulu anadan istədiyi üçün məcburdur ki, ananın sözüylə oturub-dursun».

Psixoloqun fikrincə, münasibətlərin gərginləşməsi nəticəsində gəlinlər zərbə alırlar. Belə hallarda onlar daha çox əsəbi olurlar. Əsəblərini də ancaq uşaqların üzərinə tökürlər. Çünki onlar nə ərlərinə, nə də ki qaynanalarına qışqıra bilirlər. Nəticədə uşaqlar da zərbə alırlar…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir