Qaz

Qaz sızmasının fəsadlarından necə qorunmalı?

Baxış sayı: 1. 469

Qazdan təhlükəsiz istifadə qaydalarının pozulması bəzən bədbəxt hadisələrə gətirib çıxarır. Ekspertlərin fikrincə, insanlar qazdan düzgün istifadə etmir, təhlükəni tam anlamır və məsuliyyətsiz yanaşırlar. Elə adamlar var ki, qazın üstündən ip asaraq paltar qurudur, qazı yanılı qoyaraq evdən çıxır, qaz borularının vəziyyətinə nəzarət etmir. Bu kimi hadisələr bir gün faciə ilə nəticələnir.

Qeyd edək ki, bu günlərdə Gəncə şəhərində dördmərtəbəli binada partlayış baş verib. Partlayış nəticəsində 3 nəfər həyatını dəyişib, bir nəfər isə ağır xəsarət alıb.

Kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımovun dediyinə görə, qazla bağlı partlayış elə bir hadisədir ki, dünyanın hər yerində ola bilər: “Rusiyada, Kanadada və başqa xarici ölkələrdə də belə partlayış baş verib. Bu, məişət problemidir. Ölkəmizdə 2 milyondan çox insan qazdan istifadə edir. Qazdan təhlükəsiz istifadə qaydalarını bilən də var, bilməyən də”.

N.Qasımov qeyd edir ki, Gəncədə binadakı partlayışla bağlı komissiya işləyir. Komissiya partlayışın səbəblərini araşdırır. Onun fikrincə, partlayış olan bina sakinləri ya qazı açıq qoyublar, ya da qazda nasazlıq olub, qaz sızıb: “Səhər də durub işığı yandıranda elektrik qığılcımından partlayış əmələ gəlib”.

Ekspert bildirir ki, yatmamışdan öncə qazın işlək və nəzarət kranları bağlanılmalıdır: “Qaz yanan otaqda pəncərə gözlüyü daim açıq olmalıdır ki, hava serkulyasiya etsin. 4,5 kubmetr qaz mətbəxə, evə dolarsa, artıq partlayış üçün hazırdır. Qaz yüksək təhlükə mənbəyidir. Həyat əhəmiyyətli obyektdir. Ona görə, qazdan istifadə qaydalarına diqqətlə yanaşmalıyıq. Xəstələrə, uşaqlara qazdan istifadə etməyə qoymayaq. Qazın üstünə qazan qoyub oturub seriallara baxmayaq. Qazdan məsuliyyətsiz istifadə faciə ilə bitər. Qazı yanılı qoyub bazara, mağazaya, işə getmək olmaz. Qaz iyini hiss etdikdə dərhal 104 xidmətinə zəng vurub qəza xidmətini çağırmaq lazımdır”.

Müsahibimizin sözlərinə görə, son zamanlar aparılan maarifləndirmə işlərinin nəticəsində qazdan istifadə ilə bağlı yaranan bədbəxt hadisələrin sayı azalır: “KİV-lərlə apardığımız maarifləndirmə tədbirləri nəticəsində 2016-cı ildə qazla bağlı 470 hadisə, 2017-ci ildə isə 250 hadisə baş verib”.

Qasımov insanları qazdan təhlükəsiz istifadə etməyə çağırır: “Evə gələndə qapının zəngini basmayın, evə daxil olan kimi işığı yandırmayın. İçəri girəndə dərhal otağın qapı- pəncərəsini açıb otağın havasını dəyişdirdikdən sonra işığı yandırın. Qaza yaxın, qaz sızan yerdə alışqandan, siqaretdən istifadə etməyin”.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyevin dediyinə görə, əgər yaşayış, yaxud qeyri-yaşayış yeri yeni tikilirsə, qazla bağlı olan təhlükəsizlik tədbirləri bünövrədən nəzərə alınmalıdır: “Hazır olan, illərdir insanların istifadəsi üçün istismara verilən yaşayış binalarında isə binanın məxsus olduğu qurum tərəfindən qazla bağlı təhlükəsizlik tədbirləri görülməklə yanaşı, orada yaşayan sakinlər tərəfindən də evlərdə qazla bağlı təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır”.

Ekspert bildirir ki, özbaşına qaz qurğularına müdaxilə etmək, hər hansı təmir işləri aparmaq və ən əsası, standartlara uyğun olmayan qeyri-metal borular ilə mənzilə qaz xətti çəkmək yolverilməzdir. “Hər bir şəxsin mənzildə əməl etməli olan təhlükəsizlik qaydaları var ki, hər hansı bədbəxt hadisə ilə qarşılaşmasın”.

Hər gün səhər, günorta və axşam evin havasını dəyişmək, qazdan istifadə zamanı, yəni qazı yandırarkən evdə qazın sızma ehtimalının olmamasına əminlik lazımdır. Evdə qaz iyi hiss etdikdə, qapı-pəncərəni açmaq, alışqandan və elektrik cihazlarından istifadə etməmək lazımdır. Evdə qaz cihazı işləyə-işləyə evi tərk etmək olmaz.

Nurəliyev qeyd edir ki, ildə azı bir dəfə tüstü bacaları təmizlənməlidir: “Hamam otaqlarında nəfəslik olması və qapının aşağı hissəsində içəri hava keçməsi üçün deşiklər olmalıdır. Yoxsa qazın yanması zamanı düzgün yanma getməzsə, dəm qazı yarana bilər və bu da insan həyatı üçün təhlükəlidir. Dəm qazı iysiz, dadsız və rəngsizdir deyə, onu hiss etmək olmur. Baş gicəllənməsi, baş ağrısı, ürək bulanma, qusma və halsızlıq onun əlamətləridir”.

Qeyd edək ki, qazdan təhlükəsiz istifadə qaydalarına görə qaz xətlərinin özbaşına çəkilməsi, qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri və əlavə qaz cihazlarının quraşdırılması; qaz cihazları üzərində paltar və ya digər alışa bilən əşyaların qurudulması; qaz cihazları olan otaqlarda tez alışan mal və materialların yerləşdirilməsi və saxlanması qadağandır. Qaz cihazlarından istifadə edərkən yanan odu odluğa yaxınlaşdırdıqdan sonra qaz kranını açın

Təhülkəsizlik üçün yanğın baş verdikdə dərhal mənzilə və ya evə gedən qaz xətti üzərindəki giriş kranını (ventili) bağlamaq lazımdır. Daxili qaz kəmərləri və qaz cihazlarına profilaktik xidmət göstərilməsinə maneçilik törədə bilən işlərə yol vermək olmaz. Eləcə də, qaz sobalarının və su qızdırıcılarının tüstü kanalları (bacaları), mətbəx və vanna otaqlarının ventilyasiya kanalları (havadəyişmə yolları) qış mövsümünün başlanmasına qədər bina və fərdi yaşayış evlərinin sahibləri tərəfindən təmizlənməli, təmir etdirilməli və onların vaxtaşırı yoxlanılması təmin olunmalıdır.

İctimai binalarda, təhsil, səhiyyə, digər idarə və müəssisələrdə təbii qazdan istifadəyə cavabdeh şəxslər təyin edilməlidir.

Aynurə Məmmədova



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir