DERS

Qeyri-adi qabiliyyətə sahib olan uşaqların özəllikləri

Baxış sayı: 1. 012

Bir uşağın qabiliyyətli və ya yüksək intellektual səviyyəyə malik olub-olmadığını anlamaq üçün mütəxəssislə danışmalısınız. Bununla yanaşı, valideynlər də bəzi işarələrlə bunu aşkar edə və uşağın qabiliyyətinin inkişafında ona dəstək ola bilərlər.

Bacarıqlı uşaq həqiqəti fərqli şəkildə anlayır. Təəssüf ki, yüksək intellektual səviyyəsi onu əhatə edən dünya tərəfindən yanlış anlaşılmasına yol açır.

Yüksək akademik performansa sahib, ya da erkən yaşda çoxlu və müxtəlif məlumatları qavraya bilən uşaq bəziləri tərəfindən bacarıqlı olaraq qəbul edilir. Ancaq vəziyyət hər zaman heç də belə olmur. Lakin uşaqların xoşbəxt olması çox vacibdir. Onların bacarıqlı olub-olmadığını anlamaqda valideynlərin də rolu böyükdür.

Bacarııqlı uşaq olmaq nə deməkdir?

İntellektual səviyyəsi yüksək olanda uşaqların “bacarıqlı” olaraq adlandırılması geniş yayılıb. Bu anlayış müəyyən bacarıqları, qabiliyyət və erkən intellektual inkişafı əhatə edir. Sözügedən anlayışa sahib olan uşağın 130 və daha yüksək İQ səviyyəsi olduğu vurğulanır.

Qabiliyyətli uşaq olmaq, yüksək zəkaya sahib olmaq deməkdir. Gözəl akademik performans, incəsənt və ya idmanda çox bacarıqlı olan və ya tez danışmağa başlayan uşağın bacarıqlı olduğu deyilə bilməz.

 

Bir uşağın bacarıqlı olduğu necə müəyyən edilir?

Bir çox valideyn digərlərindən fərqlənən uşağa sahib olmaqla çətinlik yaşadıqlarını irəli sürüblər. Yəni bir uşağın öz yaşında uşaq modelinə uyğun davranmadığını və reaksiya vermədiyini anlamaq çətindir. Əslində bacarıqlı uşağın uşaqlıq illəri çətin keçir. Çünki öhdəsindən gələ bilməyəcək qədər daha çox məlumat və xəbərdarlığa məruz qalır. Onu əhatə edən dünya bacarıq və qabiliyyətini mənasız görüb ona qarşı düşmən münasibət göstərir.

Bacarıqlı uşağın inkişaf etməsində və xoşbəxtliyində valideynlərin rolu böyükdür. Bu məqamda bacarıqlı uşaqların bəzi özəlliklərini hələ kiçik yaşlarından aşkar edə bilmələri böyük əhəmiyyət daşıyır.

Qabiliyyətli uşaqlar doğulduqdan sonra ilk aylarda başlarını qaldıra bilir, 45 günlük olanda 2 fərqli səs çıxarır və ya ilk sözlərini bir yaşlarından əvvəl deyirlər. Həmçinin, 2 yaşından əvvəl sərbəst danışmağı və yaşıdlarından əvvəl yazmağı öyrənirlər.

Bu uşaqlar yaşlarına görə, çox zəngin və geniş söz ehtiyatına sahib olurlar. Adətən qısa və uzun müddətli yaddaşları qeyri-adi keyfiyyətləridir. Çox tez öyrənir və hər zaman daha çox öyrənmək istəyirlər.

Bacarıqlı uşaqlar çox duyğusaldır və duyğusal qabiliyyətləri çox həssasdır. Ona görə də, emossional gərginliklərindən yaranan narahatlıq hissi onlarla necə davranacaqlarını bilməyən valideynlərini təəccübləndirir. Asanlıqla xəyal qırıqlığına məruz qalan, böyük sarsıntı keçirən uşaqlar olurlar. Kədərli və ya qorxulu filmlərə baxanda həddindən artıq reaksiya verirlər.

Bacarıqlı uşaqların əksəriyyəti digər varlıqlarla ünsiyyət qurmaqda yüksək qabiliyyətə malikdirlər. Bu uşaqlarda tez-tez depressiya və həyəcan yaşanır. Geyimlərindəki etiketlər, yüksək səs, parlaq işıqlar bu uşaqları çox narahat edir.

Həddən ziyadə yaradıcı olmaq!

Bacarıqlı uşaq çox yaradıcı olur, çünki gerçəkləri fərqli formada qəbul edir. Xəyal gücü çox zəngindir. Duyğusal qavraması hər kəsdən daha güclü olduğu üçün qarşısına çıxan problemlərlə bağlı birdən çox həll yolu tapa bilir. Bu kimi uşaqlar onlara məntiqli gəlməyən qayda və qanunlar haqda suallar verir, valideynlərini çətin suallar qarşısında da qoya bilirlər. Erkən yaşdan həyat, ölüm və ya sevgi kimi mövzular barəsində narahatlıq keçirirlər.

Tapmaca və “puzzle” kimi beyni işlədən oyunlarla oynayarkən əylənirlər. Bundan başqa, getdikcə çətinləşən və qarışıq olan oyunlara onlarda maraq artır.

Qabiliyyətli uşağın həddən çox hərəkətdə olması normaldır. Artıq enerjisini sərf etməkdə çətinlik çəkir. Daim hərəkətli olan bu uşaqlar fiziki və zehni olaraq aktiv qalmağa ehtiyac duyurlar.

Bu kimi uşaqlar artıq enerjilərini davamlı hərəkət halında sərf etdikləri üçün onlara səhvən Diqqət Çatışmazlığı və Hiperaktivlik diaqnozu qoyulur. Lakin onların diqqət əksikliyi kimi problem yaşadıqları deyilə bilməz. Əksinə, maraq dairələrində olan hər hansı işi yerinə yetirərkən ortaya qoyduqları nəticə diqətlərini çox yüksək səviyyədə cəmlədiklərini sübut edir. Digər tərəfdən maraq dairələrində olmayan bir şeyə qarşı diqqətləri asanlıqla dağıla bilir.

Bacarıqlı uşağa təhsil necə verilməlidir?

Bu gün dünyanın bir çox yerində təhsil sistemi bəzən problemli və ya yük olaraq qəbul edilən bu uşaqların tələblərini qarşılamağa malik deyil. Bu da uşağın həm mənəvi, həm də akademik cəhətdən xəyal qırıqlığına məruz qalmasına səbəb olur. Qarışıq xarakterə malik olan bacarıqlı uşaqları yetişdirmək asan deyil. Güclü azadlıq ruhuna sahib olan bu uşaqların diqqəti asanlıqla dağılır, özlərini tənqid edir, mükəmməlçi və rəqabətçi olurlar.

Uşağınızın yüksək bacarığa sahib olub-olmadığını öyrənmək üçün bir mütəxəssislə məsləhətləşin. Uşağın intellektual səviyyəsi, yaradıcılığı, həyata baxışı və duyğusal vəziyyəti araşdırılmalıdır. Bu dəyərləndirmələrdən sonra əldə edəcəyiniz məlumatlarla yüksək bacarıq sahibi olan övladınızı qiymətləndirib təhsil verin. Bunu bir problem deyil, əksinə bir lütf olaraq qəbul edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir