DIPLOM

Qırmızı diplomlar – sahibi üçün hansı üstünlükləri var?

Baxış sayı: 7. 060

Azərbaycanda ali təhsil müəssisəsini fərqlənmə ilə bitirməyənlər üçün diplomlar göy, fərqlənmə ilə bitirənlər üçün isə qırmızı rənglidir. Qırmızı diplom almaq üçün Təhsil Nazirliyinin müəyyən etdiyi şərtlərə cavab verməlisən. Amma bu gün artıq heç kəsi qırmızı diplomla təəccübləndirmək mümkün deyil.

Maraqlıdır, qırmızı diplomun gələcək üçün hər hansı üstünlüyü varmı?

Image result for uniersitet məzun
Milli Məclisin Elm və təhsil komitısinin sədri, deputat İsa Həbibbəyli açıqlamasında bildirib ki, ali məktəbləri fərqlənmə ilə bitirən şəxslər yüksək biliklər və peşə vərdişlərinə yiyələnmiş orta mütəxəssislər hesab olunurlar:
“Sözsüz ki, əmək bazarında onların üstün mövqeyi də qorunur. Çünki hər hansı bir müəssisə yüksək qabiliyyətli , bacarıqlı insanların çalışmasına üstünlük verir. Bu mənada indiyə qədər ali məktəbi fərqlənmə ilə bitirən adamların cəmiyyətdə aldıqları bilikləri doğrultduqlarını görürəm. Onlara inam və etibar əksər hallarda özünü təsdiq edir. O cümlədən ali məktəblərin də imici qorunur”.

 

Təhsil eksperti Kamran Əsədov isə düşünür ki, qırmızı diplomların hər hansı özəlliyi və ya üstünlüyü yoxdur:
“Bilirsiniz, Azərbaycanda istər müəllimliyə, istər dövlət qulluğuna qəbul yalnız müsabiqə və müsahibə vasitəsilə həyata keçirilir. Müsahibə mərhələsində qırmızı diplomun sadəcə psixoloji üstünlüyü ola bilər. Yəni şəxs ali təhsilini fərqlənmə diplomu ilə başa vurub.

Müəllimlərin işə qəbulundan sonra əgər bir müəllim bakalavr və magistratura pilləsini fərqlənmə ilə bitiribsə, o, fəaliyyətə 2 kateqoriya yuxarı ilə başlayır. İşə qəbul zamanı fərqlənmə diplomunun hər hansı üstünlüyü yoxdur. Hətta siz magistratura pilləsində təhsil alsanız belə, işə qəbul zamanı yalnız seçimdə iki namizəd varsa, birini digərindən fərqləndirmək üçün bu fərqlilik hesab oluna bilər. Amma başqa heç bir üstünlüyü yoxdur”.
Ekspert qeyd edib ki, digər ölkələrdə diplom rəngi fərqləndirilmir:
“Orada diplomlar bala görə müəyyən olunur. Yəni 100 ballıq şkala verilir və nəticə 80 faizdən yuxarı olduqdan sonra diplom əldə edilir. Lakin bizdə “3” alana da, “5” alana da diplom verilir. Xaricdə belə yanaşma yoxdur. Yalnız keçmiş sovet ölkələrində bu ənənə var. Tutaq ki, birinin bütün qiymətləri “4” və “5”dir, o da göy diplom alır, “3” və “4” alanlar da göy diplom alır. Bu, düzgün deyil.

Dünya təcrübəsində standart diplomlar var. Həmin diplomlar sizin təhsilinizin yetərliliyi nəzərə alınmaqla verilir. Diplomlarda neçə balla universiteti bitirdiyiniz göstərilir. Bu bal da işə qəbul, müsahibələr zamanı nəzərə alınır. Amma Azərbaycanda diplomun içərisinə baxmırlar. Nəticə olaraq qırmızı diplomun heç bir özəlliyi yoxdur”.(Modern.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir