gelin

Qırmızı lent ənənəsindən imtina edək, yoxsa..?

Baxış sayı: 1. 999

Bu günlərdə sosial şəbəkələrdə özünü gender aktivisti və feminist kimi təqdim edən gənc qadının ikinci dəfə gəlinlik geyinərək belinə qırmızı lent bağlaması məsələsi xeyli müzakirə olundu. Sosial şəbəkə izləyiciləri ilk olaraq özünü feminist kimi təqdim edib, sonradan kişi himayəsini qəbul edərək ailə qurmasının və nəhayət Azərbaycan adətlərinə görə qadının ikinci dəfə ailə qurarkən belinə qırımızı bağlanmasının doğru olmadığını bildiriblər.

Ümumiyyətlə, tez-tez şahidi oluruq ki, özünü feminist kimi təqdim edən, “qırımız lent, bakirəlik” məsələlərinin geridə qalmış, heç bir mənası olmayan milli-mentalitet dəyərlər olduğu deyən qadınlar sonradan məhz bu adət-ənənələrə uyğun ailə həyatı qurur, inancları yerinə yetirirlər. Bəs bu sadəcə görünüş xatirinə həyata keçirilir, yoxsa öz milli-mentalitetinə dönüşdür? Ümumiyyətlə “feminist qadınların ailə həyatı qurması riyakarlıqdır” fikirləri nə dərəcədə doğrudur? Azərbaycanlı gəlinlərin belinə bağlanan qırımızı lent nəyin rəmzidir və onun tarixi nə zamandan başlayır?

 

Qırımızı lent ənənəsi… 

Məlum olduğu kimi Azərbaycan toylarının demək olar ki, böyük əksəriyyətində gəlinlərin belinə qırımızı lent və yaxud qurşaq bağlanılır. Adətən bu lenti gəlinin belinə ya qardaşı, dayısı və yaxud oğlanının qardaşı bağlayır. Artıq bəzi gəlinlər belinə qırımızı lentin bağlanmasından imtina edir və bunu köhnəlmiş və mənası olmayan adət adlandırır.

Yaşlı nəsil nümayəndələri isə qeyd edir ki, qırımızı lent və yaxud qurşaq gəlinin baş ucalığıdır. Yəni, adətə görə ata, qardaş və yaxud oğlan qohum gəlinin belinə qırımızı bağlamaqla onun namuslu, bəkarətli olduğunu nümayiş etdirir. Gəlinin belinə qırımızı lent bağlanıbsa, demək ki, o ata evindən alnı açıq, üzü ağ çıxır. Bağlanan qırımızı lenti isə yalnız bəy aça bilər.

Mütəxəssislər qeyd edir ki, ümumiyyətlə qırımızı rəng türk dünyasında xüsusi önəm daşıyıb. Məsələn, qədim türk adətlərinə görə gəlin yalnız qırımızı geyinməli idi. Qırımız rəng müqəddəslik, bəkarət və namus, baş ucalığı rəmzi idi. Beləliklə də qədim türk torpaqları olan Azərbaycanda da gəlinlər qırımızı geyimlərdən istifadə ediblər. Adətən bu geyimlərin üzərində sarı (Günəş rəmzi olaraq), ağ (salığın rəmzi) naxışlı çalarlar olardı. Toy günü gəlinin bütün geyimi al-qırımızı içərisində olardı. Təkcə geyim deyil, başmaqları, duvağı da bu rəngdə olmalı idi.

Gəlinin paltarını oğlan evinin adamları hazırlayırdı. Belə ki, toya gününə 1-2 ay qalmış oğlan anası, bacısı gəlini toya qədər bəzəməklə məşğul olurdu. Toy paltarı məxməri, ipək və ya zərxara parçalardan tikilirdi. Qolları yelpazə olan köynək yaxası dar və pullu olub belə qədər bütöv olurdu, bel hissəsindən 3 yerə- iki yandan və öndən yarıqlara ayrılan köynəyin ətəkləri də dəmir pullarla bəzədilirdi. Ətək isə olduqca geniş, üzəri əl işləməli, təbii naxışlarla zəngin olurdu.
Köynəyin ətəkləri uzun gəlin ətəyinin üzərindən aşağıya doğru uzanar, gəlinin belini qırmızı və enli qurşaq bəzəyər, qurşağın üzərində gəlin yeridikcə cingildəyən dəmir pullar düzülərdi.

Bəziləri isə iddia edir ki, bu günə kimi qorunub saxlanılan qırımızı lent adəti şamanizm, tenqizimdən gəlib çatıb. Buna əsasən qırımız rəng uğur və qisməti təmsil edir, ruhların şərindən insanları qoruyur.

 

Ağ gəlinliyin tarixi

Məlum olduğu kimi müasir dövrümüzdə qırımızı gəlinlikləri artıq ağ gəlinliklər əvəz edib. Xatırladaq ki, ağ gəlinliklər ilk dəfə olaraq 16-cı əsrdə yaranmağa başlayıb. Belə ki, ilk dəfə olaraq Kraliça Viktoriya ağ gəlinlik geyinib. Bundan sonra ingilis və fransız yazarlar ağ rəngi saflığın simvolu kimi təbliğ etdilər. O zamanlar bəkarəti olmayan gəlinlər ağ gəlinlik geyməyə cəsarət etmirdilər. Gəlinlər ağ geyindilərsə, demək ki, o bakirədir. Elə o vaxtdan da gəlinliklə bağlı bəzi inanclar yarandı. Bunlar, gəlinin öz gəlinliyini özü tikməsi, gəlinliyi toya qədər bəyin görməməsi, gəlinliyin toydan öncə geyinilməməsi kimi inanclardır.

Çin və Hindistanda da qədimdə gəlin paltarı qırmızı rəngli olub. Hindistanda “sari” adlandırılan milli geyimin toy günü də geyilməsi adətdir. Amma gündəlik saridən fərqli olaraq toy sarisi mütləq qırmızı olmalıdır və min bir bəzəklə əhatələnir. Çinli gəlinlərin toyda şans gətirdiyini düşündükləri qırmızı ətəkli uzun donlarının yerini yavaş-yavaş ağ gəlin donları alır.

 

Qırımızı lent ənənəsindən imtina edək, yoxsa?

Yazıçı-publisist Mehriban Vəzir mövzu ilə bağlı aşağıdakıları dedi: “İmtina edək və ya etməyək qərarı verilə bilməz. Bu bir seçimdir. İnsanları buna görə suçlamaq da lazım deyil, qoy kim necə istəyirsə, o cür də etsin. Çünki bu proses bütün xalqların həyatında baş verib, keçib. Heç kim keçmişə yapışıb qalmayıb və keçmişdən də bərk-bərk yapışmayın bir anlamı da yoxdur. Ona görə də düşünürəm ki, bu məsələdə cəmiyyətdə çox da müzakirə edilməməli, diqqətdə olmamalıdır. Cəmiyyətin diqqəti  daha vacib məsələlərə yönəlməlidir. Yoxsa ki, gəlinin belinə qırımızı bağladı və yaxud bağlamadı məsələni müzakirə edirlər. Həmin şəxsləri qınayıram.

Xalqın yüz illərlə qorunub saxlanılan, bu günə qədər çatdırılan ənənəsindən imtina etməyin özü gərəksiz bir şeydir və onunla mübarizə aparmağın da bir xeyri yoxdur”.

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir