qadin

Qışda dərimizi necə qoruyaq?

Baxış sayı: 1. 882

Fəsillərin dəyişməsinin insan orqanizminə müxtəlif təsirləri olur. Bu, özünü xüsusən qış aylarında daha çox göstərir. Vitamin çatışmazlığı, immun sistemin zəif olması ilə əlaqədar tez-tez soyuqlama, dərinin, saçların soyuğun təsirindən solğunlaşması, quruması qış fəslində müşahidə edilən problemlərdəndir.
Kosmetoloq Nurlana Hüseynovanın sözlərinə görə, qış aylarında soyuq havanın təsirinə daha çox dəri məruz qalır. Belə ki, soyuğun təsirindən dəridə quruma və erkən yaşlanma müşahidə edilir: “Dəri bizi xarici mühitin təsirlərindən qoruyur. Bədəndən istilik itkisini tənzimləmək bu orqanın  əhəmiyyətli funksiyalarındandır. Soyuq havalarda bədən istiliyini sabit saxlamağa çalışdığımız üçün dəridə qan damarlarının büzüşməsi meydana gəlir. Bu vəziyyət xüsusilə  əl, ayaq, burun ucu və qulaq içi kimi orqanlarda özünü göstərir”.

Kosmetoloq bildirir ki, soyuq hava erkən yaşlanmaya səbəb olduğundan, bu problemi aradan qaldırmaq üçün qış aylarında çoxlu maye qəbul etmək lazımdır. Mayenin çox qəbul edilməsi dərini qurumaqdan qoruyur.

N.Hüseynovanın dediyinə görə, çox zaman qış aylarında dəri qızarır, qabıq verir və qopub tökülür. Bu problemlər çox zaman nəm səviyyəsinin aşağı olması hava çirkliliyi, külək,  bağlı mühitdə uzun müddət qalma səbəbi ilə meydana çıxır. “Biz çox zaman günəş yanığından danışdığımız üçün soyuq yanığı haqqında, yəqin ki, eşitməmisiniz. Bəli, soyuq da müəyyən orqanları yandıra bilir. Bu, özünü qırmızı qabarcıqlar şəklində göstərir. Bu vəziyyət dərinin yanmış  bölgəsində qıcıqlanma və ağrı hissi ilə müşahidə edilir.  Daha çox barmaq ucları, burun, qulaq kimi bölgələrdə yaranan soyuq yanıqları həmin bölgələrdə qan dövranının pis işləməsi zamanı meydana gəlir. Bu, daha çox ayaqlarda corab və dar ayaqqabı geyinən zaman meydana gəlir. Sıxılmış  bölgələrdə qan dövranı pis işlədiyi üçün oksigenləşmə azalır və hüceyrə ölümü meydana gəlir. Bu zaman həmin bölgələrdə yaralar yaranır, nekrozlar müşahidə edilir”.

Bəs soyuqdan necə qorunaq? Həmsöhbətimiz məsləhət görür ki, qış aylarında həddən artıq isti su ilə yuyunmaq əvəzinə ilıq suya üstünlük verilməlidir. “Gün ərzində 15 dəqiqədən artıq  duş qəbul etməyin. Duşdan sonra bədəninizə nəmləndirici kremlər çəkin. Nəmləndirici kremlər çəkərkən bitki mənşəli kremlərə üstünlük verin. Sabun seçərkən dermatoloji yağ tərkibli sabunlar seçin. Nəmləndirici krem və lasyonlardan  iatifadə edin. Üz dərisini, əl və ayaqlarınız soyuğa qarşı qoruyun”.

Onun bildirdiyinə görə, soyuqdan qorunmaq üçün qidalanma rasionuna da fikir verilməlidir. Belə ki, A, C, E və F vitaminləri ilə zəngin qidalara üstümlük verin. Bu vitaminlərin azlığı dəridə yenilənməni yavaşıdır. Dərinin  ehtiyacı olan vitaminləri qarşılamaq üçün daha çox meyvə tərəvəz istehlak edin. “Daxili sağlamlığımız mütləq özünü  dəridə əks etdirir. Buna görə də qış aylarında bədən nəm səviyyəsini qorumaq üçün spirt, kafe və digər sidik qovucu içkilərdən uzaq olmaq lazımdır. Omeqa-3 və omeqa-6 yağ turşuları, sağlam yağlayardır və hüceyrələrinizdə təbii yağların yığılmasına və dərinin nəmli qalmasına köməkçi olur. Turşulu, yağlı, duzlu qidalar, siqaret və spirtli içkilər orqanizmə xüsusilə dəriyə zərə verir”.

Qış aylarında hava soyuq olduğundan, bəzən evdə və ya iş yerində temperaturun daha yüksək olmasına üstünlük verilir. N.Hüseynova isə bildirir ki, əslində hər hansı hava şəraiti olursa olsun, ev və ya iş yerlərinin temperaturu 23 dərəcədən yuxarı olmamalıdır: “Çölün temperaturu ilə içərinin temperaturu arasında fərqlilik nə qədər çox olarsa, bu, birbaşa orqanizmə təsir edir, dərini köhnəldir. Olduğunuz məkanın nəmi səviyyəsinə nəzarət etmək üçün evdə, xüsusilə də yataq otağında, havaya nəm verən cihazlardan istifadə etmək olar”.

Hüseynovanın sözlərinə görə, soyuq havalarda dəri üçün hər hansı kremlərdən istifadə etmək olmaz. Belə havalarda daha çox ev şəraitində hazırlanmış kremlərə üstünlük vermək lazımdır.

Əhval-ruhiyyənin yüksəkliyi də dərinin ölməsinin qarşısını alır. Bu səbəbdən də kosmetoloq stressdən uzaq olmağı məsələhət görür: “Belə havalarda astma, allergiya və ekzema kimi xəstəliklər özünü daha çox büruzə edir. Çalışın ki, kiçik bir problem yaranan kimi həkimə müraciət edəsiniz”.

İradə CƏLİL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir