Qışda iştahanı artırmayan şorba – RESEPT

Baxış sayı: 1. 313

Qışda, soyuq havalarda vaxtımızın çoxunu evdə, televizor önündə nəsə atışdıraraq keçirməyə meylli oluruq. Məlumdur ki, qışın bu soyuq günlərində iştaha daha da artır və insanın könlü daha çox karbohidrat qəbul etmək istəyir. Ancaq təqdim etdiyimiz bu şorba ilə iştahanızı nəzarət altına ala bilərsiniz. “Gencaile.az” Aile.lent.az-a istinadən soyuq havalarda iştahanı artırmayan şorba reseptini təqdim edir.

İlk olaraq bu suala cavab tapaq: “Niyə soyuq havalarda iştaha açılır?”

Bunun həm fiziki, həm psixi səbəbləri var.

– Qısalan günlər və günəş işığı ilə təmasımızın azalması nəticəsində bədənimizdə D vitamini sintezi azalır. Bu da özümüzü xoşbəxt hiss etməmizi təmin edən seratonin hormonunun bədəndə ifrazının azalmasına səbəb olur.

– Seratonin ifrazının bir digər yolu karbohidrat qəbulu olduğu üçün daha çox yeməyə ehtiyac duyuruq.

Psixoloji səbəblərə gəlincə isə, can sıxıntısı bəhanəsi ilə yeməyə yönələrək “mövsümi yemək sindromu” ilə qarşı qarşıya oluruq. Bu sindromu yaşayan şəxslər mövsümi depressiyanın fərqində olmadan karbohidratlı qidalanmaqla müalicə etməyə çalışırlar. Araşdırmalar bu problemi yaşayan insanların gündə ən azı 800 kalori almağa meylli olduğunu ortaya çıxarmışdı.

İştahanızı kəsəcək qış şorbasının hazırlanma qaydası aşağıdakı kimidir:

Ərzaqlar (4 nəfərlik)

2 çay qaşığı zeytun yağı

1 ortaboy soğan

1 çay qaşığı duz

2 diş sarımsaq

2 çay qaşığı rəndələnmiş təzə zəncəfil

1 kq kök

1 ədəd şirin kartof

6 stəkan su

8 ədəd qoz

1 stəkan qatıq

1 çay qaşığı pul bibər

Doğranmış cəfəri

Hazırlanma qayda:

Doğranmış soğanı zeytun yağında yandırmadan qovurun. Üzərinə rəndələnmiş zəncəfili, duzu və əzilmiş sarımsağı əlavə edib 2 dəqiqə bişirin. Yuyulmuş, soyulmuş və kub şəklində doğranmış kökləri və kartofları əlavə edin. Suyunu tökün. 25 dəqiqəyə qədər ərzaqlar yumşalana kimi orta istilikdə bişirməyə davam edin. Bir qabda qatıq, pul bibər və cəfərini hazırlayın. Qozları doğrayın. Ərzaqları oddan götürüb blendrdən keçirin. Qatıqlı qarışımı və qozları əlavə edib süfrəyə verin.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir