qisqancliq

Qısqanclıq ailələrə necə təsir edir? – YERLİ MƏŞHURLARIN RƏYLƏRİ

Baxış sayı: 1. 076

Qısqanclıq bəzən münasibətimizi korlayan ən önəmli problemlərdən biri, bəzən də başqasının üstün mövqeyinə görə ona bəslədiyimiz qəzəb hissi kimi qarşımıza çıxır.

Bəziləri qısaqanclığı sevginin əsas göstəricisi kimi hesab edir. Buna uyğun maraqlı bir deyim də var: “Sevən adam qısqanar”. Qısqanar deyirsiznizsə, qısqansın.

Bəziləri isə qısqanclığı güvənsizliklə əlaqələndirir. Güvənsizlik üzərində yaranan qısqanclıq duyğuları çox zaman münasibətlərin ciddi şəkildə zədələnməsinə səbəb olur.

Qısqanclıq duyğusu ilə bağlı bir neçə tanınmış şəxslərin fikirlərini öyrəndik.

Millət vəkili Aydın Mirzəzadə bildirdi ki, qısqanclıq normada olduğu zaman yaxşı bir şeydir:

“Əslində qısqanclıq qarşı tərəfə bağlılığı, onun problemsiz olmağını istədiyini göstərir. Eyni zamanda, qısqanclıq istəyin yüksək formasıdır. Bizim ailə münasibətlərimizin 32 illik tarixi var. 32 illik tarixdə biz həmişə bir-birimizə diqqətli olmağı, başa düşməyi, anlaşılmazlığı sakit həll etməyə çalışmışıq. Hesab edirəm ki, iki övladımızla münasibətimiz buna yaxşı nümunədir. Qısqanclığa qaldıqda isə, bu təbii hissdi, bunun olmamağı ailədə istəyin olmamasını, biganəliyi nümayiş etdirir. Bununla belə, mən qısqanclığın müəyyən bir həddinin olmasını, ifrata varılmamasının tərəfdarıyam. İfrata varmaq çox böyük problemlərə səbəb olur. Ona görə də, övladların tərbiyəsində gələcək ailə həyatına hazırlayarkən hər şeyin bir həddinin olduğunu, istənilən anlaşılmazlığı sakit və iki nəfərin arasında həll olunmasının vacibliyini vurğulamalıyıq”.

Futbol üzrə gənclər arasında Avropa və Dünya çempionu, məşqçi Arif Əsədov bildirdi ki, sevgi olan yerdə qısqanclıq da olur:

“Qısqanclıq gərək ifrat dərəcəyə çatmaya. İfrat dərəcəyə çatdıqda, bu, sevgi yox, sırf eqoizm adlanır.  Fikrimcə, daha çox qadınlar qısqanmalıdır. Çünki kişi özünə arxayındırsa, heç bir zaman qısqanmaz. Bir də ki, gərək qısqanclığa səbəb verməyəsən.

O ki qaldı şəxsən mənə, nişanlı vaxtı daha qısqanc idim. İndi, ancaq geyim baxımdan bir az qısqanclıq ola bilər. Artıq yoldaşım tələblərimə bələd oluğundan, problemə çox nadir halda çevrilir. Qısqanclıq olmasa sevgi yoxdur. Lakin yənə də deyirəm, qısqanclığa gərək səbəb verməyəsən. İşdən gec və ya içkili gəldikdə, yaxud da səndən kişi ətri əvəzinə qadın ətri gələrsə, qısqanclıq səhnələri qaçılmazdır”.

Müğənni İzzət Bağırov qeyd etdi ki, bir şey mənə aiddirsə, ancaq mənə aid olmalıdır:

“Mənə aid olana başqaları qarışmasın. Bəziləri elə başa düşür ki, mən eqoistəm. Amma elə deyil. Mən sadəcə özümə aid olanı bölüşmək istəmirəm”.

Maraqlıdır, qısqanclıq adalanan bu duyğu necə yaranır?

Mövzu ilə bağlı fikirlərini bildirən psixoloq Elnur Rüstəmov bildirdi ki, qısqanclıq instinktivdir:

“Demək olar ki, bütün canlılarda var. Bunun özünün də formaları var. Əks cinslə münaisbətdə qısqanclıq, iş yerində insanlar arasında olan qısqanclıq, evdə uşaqlar arsında qısqanclıq və s. Sadəcə bunlar arasında yaranan törəmə problemlər olur ki, bu da insanda gərginlik, narahatçılıq, aqresiyanın yaranmasına, bir qisim insanlarda isə motivasiyanın üst səviyyəyə qaldırılmasına, daha yaxşı çalışmasına gətirib çıxarır. Söhbət qısqanclığın pozitiv, yaxud da neqativ istiqamətdə olmasından gedir. İnsan bacardığı qədər bunu pataloji səviyyəyə qaldırmamalıdır. Çünki patalogiyaya çevriləndə, normadan artıq olanda insanlar arasında olan münasibətlərdə mənfi fəsadlara, problemlərə gətirib çıxarır. Bura biz şiddəti, zorakılığı daxil edə bilərik.

Bir də qısqanclıq absessiyasından əziyyət çəkən insanlar var. Bu, artıq psixiloji pozuntu kimi dəyərləndirilir. Bu cür insanlar xanımını hətta onun öz ailəsinə belə qısqanır. Bu artıq psixoloji pozuntu kimi dəyərləndirilir və onların psixiatrik dəstək almaları tövsiyyə olunur”.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir