Qısqanclıq: İfrat qısqanmaq da xəstəlikdir, heç qısqanmamaq da…

Baxış sayı: 2. 669
Qısqanclıq insan həyatına təsir edən narahatedici duyğulardan biridir. Bəziləri qısqanclığı sevginin qayçısı adlandırır, bir başqası ona ruhun xəstəliyi kimi baxır, digəri isə qısqanclığın insanı alçatdığını iddia edir. Bəs insan niyə qısqanır? Bu, özünə inamsızlıqdırmı, yoxsa qarşındakınamı?Mütəxəssislərə görə, qısqanclıq çox zaman dəyərsizlik, bədbəxtlik, təklik, özünəinamsızlıq və çarəsizlik kimi duyğularla yanaşı müşahidə olunur. Qısqanclıq həm sahib olduğunu itirə biləcəyi, həm də başqasının sahib olduğuna sahib olma istəyi ilə yaranan duyğudur. Qısqanclıq bəzən gündəlik həyatın bir anı olaraq gəlib keçən, bəzən isə bütün həyatı alt-üst edə biləcək bir duyğu kimi müşahidə edilir. Qısqanclıq yaşayan insanlar duyğularının yersiz olub-olmadığını araşdırmalıdır. Çünki qısqanclıq çox zaman qısqanan şəxsin daxili dünyasında şişirib şərh etdiyi problemlərdən də irəli gələ bilir.

Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, həssas, xarici faktorlardan daha çox təsirlənən insanlar daha qısqanc olurlar. “Qadın və kişilərin yaşadıqları qısqanclıq duyğuları ilə mübarizə apara bilmə gücü isə tamam fərqlidir. Qadınlar çox zaman öz haqq və istəklərindən imtina edib güzəştə getməyi bacarırlar. Kişilər isə çox zaman təhdid edərək və ya zorakılıqla öz istəklərini reallaşdırmağa çalışırlar. Qısqanclıq həddindən artıq sahiblənmə və həddindən artıq aidiyyət duyğusudur. Bu, elə bir hissdir ki, dağıtma qüvvəsinə malikdir. Qısqanclıq hamıda olmalıdır, ancaq qaydasında. Qarşıdakı insana zərər vermədən, öz sosial həyatını alt-üst etmədən azacıq qısqanmaq mümkündür. Ancaq qısqanclıq xəstəlik halını alanda bunun qarşısını almaq mümkün olmur”.Müsahibimiz bildirir ki, xəstəlik dərəcəsində olan qısqanclıq qarşı tərəfi çox narahat edir. Davamlı izləmək, sorğu-sual, nəzarət etmək, tələblər qoymaq, tələ qurmaq, məhdudlaşdırma və s. qısqanclıq xəstəliyinin əlamətləridir. Qısqanan adam aldanacağı düşüncəsi ilə ağlında müxtəlif fikirlər yarada bilər. “Məsələn, facebookda saxta hesab açıb, diqqətçəkici fotoşəkillərlə yoldaşına, sevgilisinə dostluq təklifi göndərər. Fikirləşər ki, görəsən tanış olacaqmı? Ən təhlükəlisi isə əvəzçıxmaqdır. Yəni aldadıldığını düşünərək özü aldadar. Bir də qarşısındakı insanı davamlı olaraq alçaldar ki, onun özünə olan etibarı azalsın və başqa biri ilə olma fikri ağlına belə gəlməsin”.

Qısqanclıq xüsusilə qadınlar tərəfindən həddindən artıq sevilmə kimi qəbul edilir. Qadında romantik aclıq varsa, qarşı tərəfə lazım olduğundan çox bağlanır. Bu cür əlaqələrin sonu isə çox zaman ayrılıqla nəticələnir. Və qısqanılan şəxs bu münasibətdən mənəvi zədə ilə çıxır. Çünki həddən artıq qısqanan adamda başqa cür psixoloji balanssızlıqlar da baş verir.ABŞ alimlərinin araşdırmaları göstərir ki, qısqanclıq eqoya görə inkişaf edir. Pataloji səviyyədə qısqanan insanlar adətən özlərinə etibarı, inamı olmayanlar olur. Uşaq olduğu zaman ana və atasının xəyanətinə şahid olmuş şəxslər daha çox pataloji qısqanclıq yaşayır.

Qısqanclıq cinayətlərə belə səbəb ola bilər. Buna psixologiyada Otello sindromu deyilir. Mütəxəssislərə görə, qısqanclıq hadisələrinin əsas səbəbi sosial mediadır. Çünki insanlar arasında ünsiyyət imkanları artdıqca aldatma imkanları da artır. Artıq hər kəs bir-birinə rahatlıqla çata bilir.Psixoloq deyir ki, pataloji qısqanclıq kimi heç qısqanmamaq da xəstəlikdir. İnsan sevdiyi halda qısqanırsa, burada mənlik zədələnməsi var. İnsan partnyorunu özündən üstün görürsə və şüuraltında qısqandığı zaman itirəcəyi məlumatı varsa, qısqanclıq duyğusu yox ola bilər.

Mütəxəssislərə görə, pataloji qısqanclıq müalicə ilə 4 ay-2 ilə qədər sağala bilir.

 İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir