VALIDEYN

Qız övladı: duz yükü, yoxsa Yaradanın ən gözəl bəxşişi?

Baxış sayı: 576

Deyirlər ki, qız övladına sahib olmaq dünyanın ən gözəl hissidir. Xüsusilə atalar üçün, “Qız övladın olmadan ata sayılmazsan” kimi bir deyim də var. Qızı olan ataların çoxsu bu fikri təsdiqləyər. Təəssüf ki, dünyanın bir çox cəmiyyətlərində də qız uşaqlarına qarşı münasibət birmənalı deyil. Bəzi ailələrdə qız övladının varlığı valideynlər üçün yük kimi qəbul olunur. Bu düşüncənin çox qədim kökləri, ibtidai təməlləri var. Bəlkə elə buna görə ibtidai təfəkkürdən xilas ola bilməyən adamlar qız övladını daxilən çox sevsələr də, onu duz yükü qədər ağır bir yük kimi qəbul edirlər. Dönüb yaşadığım cəmiyyətə, öz uşaqlığıma boylananda qız övladının üstündə hər zaman kölgələr görürəm. Valideynlərini “gözükölgəli” etməsinlər deyə, onlar özləri hər zaman kölgədə qalırlar. Başqalarının kölgəsi altında varlığını qorumağa çalışan balaca, zərif və zəif çiçəklər, həyatdan qismən məhrum ikinci dərəcəli varlıqlar kimi yetişdirilmək bəzi mədəniyyətlərdə qız uşaqlarının qədərinə çevrilib. 

Elmin və mədəniyyətin işığıyla aydınlanan ailə mühitində isə qız uşağı ailənin başqa fərdləri ilə bərabər, hüquq və azadlıqlara sahib olmaqla yanaşı, həm də atanın ən çox etimad göstərdiyi əzizinə çevrilir. Heç şübhəsiz, dünyanın ən  xoşbəxt qızları elə ataları tərəfindən dəstəklənənlərdir.
Valideynlik də, həyata dair digər bütün məsuliyyətlər kimi öyrənilən bir vəzifədir. Təəssüf ki, bizdə bu vəzifənin öhdəlikləri yanlış öyrədilir. İnsan həyatla bağlı çox şeyi özündən əvvəl yaşayan insanlardan öyrənir, görüb-götürür. Bu səbəbdən ağlı, qabiliyyəti ilə dünyada tanınan dahilər, yazıçılar, sənətkarlardan bir neçəsinin qızlarına olan münasibəti, etimadı, onlara yazdıqları məktubları oxuyaraq görməyinizi istərdim.

Psixoanaliz elminin banisi  Ziqmund Freydin qızı Lieserlə yazdığı qısa məzmun sosial şəbəkələrdə ən çox paylaşılan sitatlardan biridir: “Əzizim Lieserl, ən çox güvəndiyin insanlardan pislik gördüyün üçün üzülməyin sənin zəif olduğunu göstərmir. Fizikanın qanunlarına görə, arxanı söykədiyin nəsnə bir anda yox olarsa, sən də o tərəfə doğru yıxılarsan. Yəni ki, bunun gücsüzlüklə heç bir əlaqəsi yoxdur”.

Atasının inanclarına zidd bir həyat yaşasa da, Anna həm mənəvi, həm də intellektual baxımdan Freydə ən yaxın varlıq idi. Təsadüf deyil ki, qızı da illər sonra onun yolundan getmiş, çox qiymətli psixioanalitik olmuşdu.

Dahi fizik Albert Eynşteyndən qızı Lieserlə 1400 məktub qalıb. Onlardan birini şəxsən Lieserlə ithafən yazıb: “Nisbilik nəzəriyyəsini izah edəndə məni çox az adam başa düşdü. İndi bəşəriyyətə çatdırmağın üçün yazacağım fikirlər isə bu dünyada səhv başa düşülməyə və qərəzlərlə qarşılanmağa məhkumdur. İstəyirəm ki, məktubları lazım olduğu müddətə qədər qoruyub saxlayasan. O vaxta qədər ki, cəmiyyət mənim izah edəcəyim fikirləri qəbul edib anlayacaq səviyyəyə çatsın.

 

Elmin izah edə bilməyəcəyi böyük bir güc var. O güc hər kəsi əhatəsinə alır və idarə edir. O, kainatı var edən hər bir fenomenin arxasında dayanır və hələ insanlar tərəfindən müəyyən edilməyib. Bu, universal qüvvə sevgidir!

Alimlər kainatı anlamaq üçün vahid nəzəriyyə axtarışındaykən bu, ən güclü, görünməyən universal qüvvəni unutdular. Sevgi, onu alıb-verənləri aydınlandıran bir işıqdır. Sevgi cazibədir, çünki insanları birləşdirir. Sevgi gücdür, çünki o, içimizdəki yaxşılığı çoxaldır, insanlığın kor-koranə eqoizmində tükənməməyi öyrədir. Biz sevgi üçün yaşayırıq və ölürük. Sevgi Allahdır, Allah da sevgidir. Bu güc hər şeyi izah edir və həyata məna verir. Bu, çox uzun müddət diqqət yetirmədiyimiz bir ziddiyyətdir. Çünki bəlkə də, sevgidən qorxuruq. Ona görə ki, sevgi kainatda insanın öz iradəsi ilə istifadə edə bilmədiyi yeganə enerjidir”.

Məktubun davamında dahi fizik qızına bu qənaətə necə gəldiyini etiraf edir: “Əziz Lieserl, bu ümumbəşəri enerjini almağı və verməyi öyrənəndə, biz təsdiq edə biləcəyik ki, sevgi hər şeyə qalib gəlir və hər şeydən üstündür. Çünki sevgi həyatın ən vacib hissəsidir. Bütün ömrüm boyunca ürəyimdə sənin haqqında döyünən hissləri ifadə edə bilmədiyim üçün çox təəssüflənirəm. Bəlkə də indi üzr istəmək üçün çox gecdir. Amma zaman nisbi olduğu üçün sənə deməliyəm ki, mən səni sevirəm və son cavabı tapdığım üçün sənə təşəkkür edirəm.

Atan Albert Enişteyn”

Bu məktubu isə dünya ulduzu Çarli Çaplin 1965-ci ildə, 76 yaşı olanda öz qızına yazıb: “Əziz qızım, indi gecədir. Yeni il gecəsi. Mənim balaca qəsrimin silahsız mühafizəçiləri yatırlar. Bacın və qardaşın yatıb, hətta anan da yuxulayıb. Bu yarıqaranlıq otağa gəlincə az qaldım hamısını oyadam.

Necə də uzaqsan məndən! Əgər indi şəkillərinə baxmıramsa, kor olum. Şəkillərin stolumun üstündə, ürəyimə ən yaxın yerdə dayanıb”.

Məktubun davamında onun qızına verdiyi tövsiyələr insanın qəlbinə od salır. Bu məktubda bir ata öz ruhunu, həyatı boyu çiyinlərində gəzdirdiyi ailə məsuliyyətini, dolanışıq yükünü və daxili iztirablarını övlad sevgisiylə yoğurub qələmə alıb. Bu məktub onun Paris səhnələrini fəth edən qızı Ceraldinədir. Çaplin məktubda israrla qızından bir şey xahiş edir: İnsanlığını qoru, daşlaşma və atanın timsalında dar gündə olan insanların yanında ol. O, övladına mərhəmətin və xeyirxahlığın ən ali dəyər olduğunu bu cümlələrlə çatdırmağa çalışır: “…Mən sənin atanam, Ceraldin! Mən Çarliyəm – Çarli Çaplin! Kaş biləydin, neçə gecə beşiyinin başında oturmuşam, şirin nağıllar danışmışam. Bəzən “Yatmış gözəl”i, bəzən “Pis qəlbli əjdaha”nı nağıl etmişəm… Yuxu gəlib qoca gözlərimi bağlamaq istəyəndə, onu ələ salır və deyirdim: “Rədd ol! Mənim yuxum – qızımın xəyallarıdır!” Mən sənin xəyallarını görürdüm, Ceraldin! Sənin gələcəyini görürdüm, bax bu gününü! Səhnədə rəqs edən qızı görürdüm, qanadlarını açıb havada uçan pərini… İnsanların sözlərini eşidirdim: “Bu qızı görürsən? Qoca bir klounun qızıdır. Atasının adı Çarli idi, yadına gəlmir?” Rəqs və alqış səsləri ayaqlarını yerdən kəsəcək. Qanadlan və uç yüksəkliklərə! Amma arada ayaqların yerə dəysin. Xalqın necə yaşadığını bilməlisən, küçə rəqqaslarının həyatı ilə tanış olmalısan. Aclıqdan rəngi solan, yoxsulluqdan və soyuqdan titrəyə-titrəyə rəqs edənlərlə…

Mən də onlar kimi olmuşam, Ceraldin! O sehrli gecələrdə, sən mənim nağıllarımda yatırdın, amma mən yatmazdım. Sənin gözəl simana baxar, ürəyinin döyüntüsünə qulaq asar və öz-özümdən soruşardım: “Çarli, görəsən, bir gün bu balaca quş səni başa düşəcək? Sən məni tanımırsan, Ceraldin, mənim nağılım çox qəribədir. Yoxsul bir klounun nağılıdır bu. Londonun kənar məhəlləsində mahnı oxuyub rəqs edən, sonra bəxşiş yığan klounun nağılıdır. Mənim nağılımdır!

Mən aclığa da yaxşı bələdəm, evsizliyə də. Bu nədir ki? Mən okean böyüklüyündə qürurla qabaran sinəmdə qabağıma atılan qəpiklərin sızıltısını hiss etmişəm, hamının yazığı gələn, alçaldılan səfilin nə çəkdiyini bilmişəm. Hər şeyə rəğmən, həyat davam edir. Yaşayanlar haqda həmişə daha az danışılır. Sən mənim soyadımı daşıyırsan, Çaplini…

Bu ad yarım əsrdən çox bütün dünyanı güldürüb; mənim ağlamalarımın yanında bu gülmələr nədir ki? Sənin dünyan ancaq rəqs və musiqidən ibarətdir… Ceraldin, bir gecə yarısı o məşhur səhnədən düşəndə varlı tamaşaçılarını unut, amma mindiyin taksinin sürücüsündən arvadının hal-əhvalını soruşmağı unutma. Bəlkə arvadı hamilədir, bəlkə doğulacaq ilk uşağı üçün paltar almağa pulu yoxdur heç… Əgər belədirsə, onun cibinə pul qoy. Kredit Bankına tapşırmışam, bütün ehtiyaclarını qarşılayacaqlar. Arada metroya, avtobusa min, şəhəri gəz. İnsanlara bax, yaxşı müşahidə elə onları… Dul və yetimlərin gözlərinə yaxşı bax. Heç olmasa gündə bir dəfə özünə de: “Mən də onlardan biriyəm!”. Bəli, əziz qızım, unutma, sən də onlardansan…

…Çarli qocalıb, Ceraldin, çox qocalıb. Sən gec-tez qara paltarlar geyinib məzarıma gələcəksən. İndi sənin əhvalını korlamaq istəmirəm, amma arada güzgüyə bax. Orada məni görəcəksən. Damarlarında mənim qanım axır. İstəyirəm ki, mənim damarlarımdakı qan axmaz olanda atan Çarlini unutmayasan.

Mən mələk olmamışam, amma həmişə insan olmağa çalışmışam.

Sən də elə ol.

Öpürəm səni, Ceraldin.

Sənin Çarlin”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir