usaq

Qız uşaqlarını niyə az sevirik və ya sevmirik? – SOSİOLOQ YANAŞMASI

Baxış sayı: 142

Statistik məlumata görə, son 25 ildə ölkəmizdə oğlan uşaqlarının sayı sürətlə artıb. Əgər əvvəllər hər 100 kişiyə 118 qız düşürdüsə, indi həmin rəqəm 114-ə çatıb.

Araşdırmalar onu göstərir ki, övladlığa götürülən uşaqlar arasında oğlan uşaqları üstünlük təşkil edir. Belə ki, statistik məlumata görə 2018-ci ilin 1-ci yarısında ümumilikdə 458 nəfər uşaq övladlığa götürülübsə, onların 223-ü qız, 235 nəfəri isə oğlandır. Ekspertlər qeyd edir ki, statistika bu cür davam edərsə, gələcəkdə ciddi demoqrafik problemlər yaranacaq.

Təbii ki, getdikcə oğlan uşaqlarının sayının artmasının əsas səbəblərindən biri selektiv abortlarla bağlıdır. Ümumdünya Əhali Perspektivləri sənədinə əsasən, Azərbaycan dünyaya gələn uşaqların cinsinə görə nisbətin pozulması göstəricilərinə görə dünyada ikinci yerdədir. Birinci yerdə Çin, üçüncü yerdə Ermənistan, dördüncü yerdə isə Gürcüstandır.

Beləliklə, Azərbaycan mentalitetində, cəmiyyətində oğlan uşaqlarının doğulması daha arzuolunan olaraq qalır. İnsanlar düşünür ki, oğlan uşaqları onların ailələrinin soyunu davam etdirir, familiyalarını daşıyır, beləliklə nəslin davamçısıdır. Həmçinin atalar düşünür ki, gələcəkdə oğlu ilə gəzintilərə çıxacaq, birlikdə idman edəcək, futbol oynayacaq və sairə. Beləliklə, daha çox oğul atası olmasını arzulayır. Oğlan uşaqlarına daha çox diqqət olması səbəbi ilə analar da əksər hallarda daha çox oğlan uşaqlarına düşkün olur, evdəki qız uşağına deyil, əsasən oğlan uşaqlarına yeni geyimlər, əşyalar almağa çalışırlar.

 

Bəs bu problemin qarşısını almaq üçün nə etmək lazımdır?

Image result for Əhməd Qəşəmoğlu

Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışdı. Onun sözlərinə görə, son 10 illikdə oğlan uşaqlarının sürətlə artması ölkədə çox ciddi şəkildə  müşahidə olunan prosesdir: “Öncə qeyd edim ki, ənənəvi olaraq bizim ailələrdə həmişə oğlan uşaqlarına çox böyük üstünlük verilir. Hətta belə bir deyimimiz var idi, ”Yeddi oğul istərəm, bircə dənə qız, gəlin”. Yəni bu məsələ bizim tariximizdən bu günümə qədər gələn bir münasibətdir. Bu da onunla əlaqədardır ki, oğlan uşaqları təsərrüfat işlərində evə köməklik edirdi, vətənin qorunmasında iştirak edirdi. Əvvəlki cəmiyyətdə qız uşaqlarının vəziyyəti çox da yaxşı deyildi, bəzən onlar ailə qura bilmirdilər, bunun üçün “qız yükü, duz yükü” deyirdilər. Lakin son vaxtlar bura digər faktorlar daxil oldu. İlk səbəblərdən biri budur ki, ümumiyyətlə, son vaxtlar ailələrdə uşaqların sayında azalma var, daha çox 1 və ya 2 uşağa üstünlük verilir, halbuki ideal ailə modelində 3 uşağın olması arzuolunandır. Beləliklə 1-2 uşaq olanda da çalışırlar ki, onlardan biri və yaxud elə ikisi də oğlan uşağı olsun.

Sosial araşdırmalar onu göstərir ki, indiki cəmiyyətdə bir sıra mənəvi-əxlaqi problemlər yaranıb. Valideynlər istəmir ki, qız uşaqları olsun. Çünki cəmiyyətdə gedən mənəvi-əxlaqi proseslər ənənəvi olaraq Azərbaycan mentalitetinə o qədər də uyğun deyil və Azərbaycan kişilərinin də bu məsələyə bir qədər konservativ münasibəti var, düşünürlər ki, qızlar açıq-saçıqdır, atalarının sözünə baxmırlar və sairə. Beləliklə, bu ideyanı həyata keçirməyə çalışırlar. Bu işi sürətləndirən əsasən USM (uzi) aparatının ortaya çıxması oldu. İnsanlar əvvəlcədən ananın bətnindəkini qız olduğunu görüb ona təsir edir ki, abort etsin. Halbuki abort məsələsi şəriətdə də qəbul edilmir. BMT də bu məsələ ilə bağlı bəyanatları var, bunu arzuolunmaz sayır”.

Sosioloq onu da qeyd etdi ki, əslində oğlan uşaqlarının sayının çox olması yaxşı haldır: “Bəzən millət vəkilləri, mətbuat nümayəndələri həyəcan təbili çalırlar ki, ölkədə oğlan uşaqlarının sayı artır, sonra oğlanlarımız evlənməyə qız tapmayacaq, bu da gələcəkdə böyük problem yaradacaq və sairə. Qeyd edim ki, məsələnin bu tərəfi bir qədər şişirtmədir. Bir sosioloq kimi qeyd edə bilərəm ki, bizim kimi ölkədə oğlan uşaqlarının bir qədər artıq doğulması yaxşı haldır. Hətta oğlan uşaqları 55 faiz, qızlar isə 45 faiz olsa belə bu çox arzuolunan haldır. Çünki indiki mühit əsas ondan ibarətdir ki, oğlanlar orta məktəbi bitirdikdən sonra ölkədən çıxıb gedir. Hətta oğlan və qız uşaqlarının sayı 50-50-yə olduqda belə, gənclər 20 yaşa çatdıqda ölkədə qızların sayı həddən çox olur, demoqrafik problem bu zaman yaranır”.

Ə.Qəşəmoğlu ölkədə geniş vüsət alan cinsi selektiv abortların dözülməz mənəvi məsələ olduğunu vurğuladı: “Çünki əgər valideynlər qərar verirsə ki, ananın bətndəki qız abort edilsin, bununla da hər ikisi qətl hadisəsində iştirak edir. Bu zaman həmin valideynlərdə mənəvi aşınma baş verir, onlar öz övladlarının qatilinə çevrilirlər. Ölkəmizdə bu problemin həlli üçün maarifləndirmə işləri aparılmalıdır. Xüsusən də televiziyalarda tez-tez göstərməliyik ki, indiki dövr yüz il bundan əvvəlki dövr deyil və yaxud indiki qız uşaqları 50 il bundan əvvəlki qız uşaqları deyil. İndi elə qız uşaqları var ki, 10 oğuldan da qoçaq, qeyrətlidir, vətəni və ailəsi üçün faydalı işlər görür. Həmçinin mətbuatda, mediada uğurlu qadınların təbliğatı çox aparılmalıdır. Digər tərəfdən başqa ölkələrdə olduğu kimi, seriallarla təbliğata çalışmaq lazımdır”.

Məlum olduğu kimi, təkcə Azərbaycanda deyil, Şərq dünyasında, eləcə də müsəlmanların yaşadığı cəmiyyətlərdə ailələrdə oğlan uşaqlarına daha çox önəm verilir. Bəs İslamda bu cür ayrı-seçkilik varmı?

İlahiyyatçılar da qeyd edir ki, İslam dinində övladları arasında ayrı-seçkilik salan insanlar tanrı qarşısında günah sahibi hesab olunur. Müqəddəs “Qurani-Kərim”də qız uşağı Allahın mələkləri adlandırılıb. İslam Peyğəmbəri (s) isə öz kəlamlarında dönə-dönə “Övladlarınız arasında ayrı-seçkilik etməyin, qız uşaqları bizim analarımız, bacılarımızdır, oğlana da həyat verən məhz qadındır, onlara hər zaman hörmət etmək lazımdır” deyə buyurub.

 

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir