toy, erkən nikah

“Qız yükü”ndən daha tez azad olmaq “arzu”su…

Baxış sayı: 291

“Qızı yükü, duz yükü”,  “Tez evlənənlə, tez yatan uduzmaz” deyimlərini əldə bayraq edən insanlar, erkən yaşda övladlarını ailə qurmağa vadar edir və bununla da öz valideynlik borclarını yerinə yetirmiş hesab edirlər. “Yük”lərindən azad olub həyatdakı missiyalarını yerinə yetirmiş kimi fəxrlə toy-büsat məclisləri qururlar. Lakin erkən nikahlar sonradan bir sıra böyük fəsadlara yol açır. Bu fəsadlar isə məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərlə daha çox müşahidə olunur. Belə hallara, normal yaşda evlənənlərlə müqayisədə, erkən nikaha girən ailələrdə daha çox rast gəlinir. Belə “toy-büsatlar”a erkən evlilik hallarına əvvəllər Azərbaycanın Cənub bölgəsində daha çox rast gəlinirdisə, hazırda belə faktlar  Mərkəzi Aran rayonlarında daha çox qeydə alınır.

 

40 nəfər məsuliyyətə cəlb edilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə Trend-ə bildirib ki, cənub bölgəsində erkən nikahla bağlı əhalinin maarifləndirilməsi üçün daha çox iş aparılması belə halların azalmasına gətirib çıxarıb. Hazırda belə tədbirlərin Mərkəzi Aran rayonlarında da aparıldığını xatırladan R.Süleymanzadə deyib ki, 2016-cı ildə erkən nikahla bağlı 440 fakt qeydə alınıb: “Bu, yalnız aşkara çıxarılan faktlardır. Təbii ki, məsuliyyətdən yayınanlar da ola bilər. Əvvəllər belə faktların sayı daha çox idi. Lakin qanunvericiliyə dəyişiklik edildikdən sonra erkən nikah halları minimuma enib. Bunun da qarşısını almaq üçün daim maarifləndirmə işləri aparılır”.

R.Süleymanzadə qeyd edib ki, 2016-cı ildə qızları erkən nikaha daxil olmağa məcbur etdiyinə görə, 40 nəfər məsuliyyətə cəlb edilib.

Hazırda Azərbaycanda nikah yaşının 18 olduğunu söyləyən R.Süleymanzadə, əlavə edib ki, 2011-ci ildə Cinayət Məcəlləsinə erkən yaşda nikaha daxil olmağa məcbur etməyə görə, əlavə maddə daxil edilmişdi. CM-nin 176.1-ci maddəsinə görə, qadını iradəsinə zidd olaraq, nikaha daxil olmağa məcbur edən şəxs 2000 manatdan 3000 manatadək cərimələnir və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə, 3000 manatdan 4000 manatadək miqdarda cərimə və ya 4 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilir: “Göründüyü kimi, erkən nikahla bağlı kifayət qədər ağır cəzalar nəzərdə tutulub. Amma bəzən olur ki, bu məsələ ilə bağlı məlumatlar hüquq-mühafizə orqanlarına da gəlib çatmır. Şəxslər öz aralarında qeyri-rəsmi nikaha daxil olurlar və hüquq-mühafizə orqanları, eləcə də icra hakimiyyəti orqanları, qəyyumluq və himayəçilik komissiyaları və digər mərkəzi icra hakimiyyəti orqanları bundan məlumatsız olurlar. Bu səbəblərə görə də, bəzən hər hansı tədbirlərin görülməsi mümkün olmur”.

 

“Bütün bölgələrdə erkən nikahlara rast gəlmək mümkündür”

Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bizimlə söhbətində bildirdi ki, dini fanatizmin artdığı bölgələrdə erkən nikahlar da özünü göstərir: “Erkən nikahların yayıldığı bölgələrə fikir versək, görərik ki, dini fanatizmin inkişaf etdiyi yerlərdə bu, daha çox özünü göstərir. Əgər İran İslam Respublikası ilə sərhəd rayonlarda bu cür “ənənələr”in axdığını görürdüksə, indi bu hal aran rayonlarında özünü büruzə verir. Ola bilər ki, biz diqqətimizi Cənuba daha çox verdik, digər rayonlar diqqətimizdən yayındı. Amma belə nikahlara bütün bölgələrdə rast gəlmək mümkündür. Məsələn, Gəncədə, Bakı ətrafı kəndlərdə də belə faktlar özünü göstərir”.

Həmsöhbətimizin sözlərinə görə, qızların erkən evlilik istəyinin əsas səbəbi ailədə uşaq yaşlarından aldıqları tərbiyədir: “Belə ailələrdə qız uşağının təhsilinə yox, o, gözünü açandan ərə getməsi ilə bağlı müzakirələrə daha çox diqqət yetirilir. Qız gözünü açır və özünü dərk edəndən təhsil almaq yox, ailə qurmaq istəyində olur. Qızlarda erkən yaşlarda bu həvəsi də valideynlər yaradır”.

 

“Erkən nikahlar uşaq hüquqlarının pozulmasıdır” 

Sosioloq Cavid İmamoğlu deyir ki, erkən nikahlara uşaq hüquqlarının pozulması kimi yanaşılmalıdır: “Erkən və ya uşaq yaşında nikahlar ən azı birinin yaşı 18 yaşdan az olan iki nəfərin rəsmi və ya qeyri-rəsmi evliliyidir.  Erkən nikah qurmuş şəxslər nikaha şüurlu şəkildə razılıq vermək iqtidarında olmadıqlarından, erkən nikahlara insan hüquqlarının və uşaq hüquqlarının pozulması kimi yanaşılmalıdır. Erkən nikah göstəriciləri Azərbaycanın müəyyən bölgələrində yüksəkdir və qadınların nikahına və analığına verilən önəm kimi adət-ənənələr, eləcə də yoxsulluq kimi sosial-iqtisadi amillərin kombinasiyasının nəticəsidir. Erkən evlilik qızlar və oğlanlara müxtəlif yollarla təsir edən gender halıdır. Ümumiyyətlə, dünyada erkən nikahlara daxil olan oğlanların sayı, qızlara nisbətən xeyli aşağıdır. Erkən nikaha daxil olan qız uşaqları həm də qeyri-bərabər münasibətlər zəminində məişət və cinsi zorakılıqlara məruz qalır, hamilə olduqda isə onların orqanları doğuş üçün hazır olmadığından, hamiləlik və doğuş zamanı tez-tez ağırlaşmalarla üzləşirlər. Nikaha daxil olarkən, həm oğlanlar, həm də qızlar işləmək və yaxud ev işləri ilə məşğul olmaq üçün məktəbdən çıxmalı olurlar. Ailə Məcəlləsinin 11-ci maddəsinə əsasən, qeydiyyata alınacaq nikah üçün hər iki şəxsin yazılı razılığı tələb olunur və onların nikah üçün minimum hüquqi yaşa çatmış olduqlarını sübut edən sənəd təqdim edilməlidir. Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən, digər səbəblər də nəzərə alınmaqla, potensial həyat yoldaşları qan qohumları olduqda və onlardan biri və ya hər ikisi artıq evli olduqda, nikah qeydə alına bilməz”.

 

“Qızların bakirəlik, ismət və ailə “şərəfinə” də ciddi əhəmiyyət verilir”

Sosioloq deyir ki, Azərbaycan cəmiyyətində erkən nikahların artmasına səbəb olan müxtəlif amillər qarşılıqlı əlaqəlidir və üst-üstə düşür: “Bu amilləri iki qrupa bölmək olar: mədəni-psixoloji və sosial-iqtisadi. Birinci qrupa evlənməyin qadının taleyi olduğunu və nikah və uşaq doğmağın qadının həyatda əldə etməyə can atmalı olduğu əsas uğur olmasına dair fikirlər də daxil olmaqla,  ailə institutuna və gender münasibətlərinə ənənəvi yanaşma daxildir. Qızların bakirəlik, ismət və ailə “şərəfinə” də ciddi əhəmiyyət verilir. Azərbaycanda əksər ailələr güclü patriarxal əhəmiyyət kəsb edir və bu da bir amildir. Bundan əlavə, bir çox insanlar yanlış olaraq İslam dininin erkən nikahlara göz yumduğunu düşünür. Erkən nikah məktəb yaşlı uşaqları şəxsi inkişafları üçün lazım olan təhsildən, yetkinlik üçün hazırlaşmaqdan və ailələrinin və cəmiyyətin gələcək rifahına səmərəli töhfə vermək hüququndan məhrum edir”.

Qeyd edək ki, Azərbaycanda 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayı 2009-cu ildə 3538, 2010-cu ildə 4103, 2011-ci ildə isə 4392 olub. 2012-ci ildə bu rəqəm 3236-ya, 2013-cü ildə isə 2855-ə enib, amma 2014-cü ildə bu rəqəm yenidən artaraq 3296 olub. 2015-də isə 2895 belə hal qeydə alınıb. Rəqəmlə ifadədə ola bilsin ki, hansısa illərdə müəyyən azalma olub. Amma istənilən halda, azyaşlı qızların ildə orta hesabla 3000 uşaq dünyaya gətirməsi çox ciddi problemdir. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir