erken nikah

Qızını zorla ərə verən valideynə bu cəza verilməlidir – RƏSMİ

Baxış sayı: 170

Dünən Zaqatala rayonunun Əliabad qəsəbəsində 17 yaşlı Gülər İsmayılovanın intihar etdiyi xəbəri yayıldı. Yeniyetmə yaşında canına qəsd edən Gülərin meyiti yaşadığı evin həyətyanı sahəsindəki tövlədən asılı vəziyyətdə tapılmışdı. Yayılan məlumatlara görə, intihar hadisəsi ailəsi 17 yaşlı G.İsmayılovanı sevmədiyi birinə zorla ərə vermək istədiyi üçün baş verib

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Zaman-zaman ortaya çıxan bu cür hadisələr erkən yaşda qızların zorla ərə verilməsi probleminin olduğunu bir daha təsdiqləyir.

Bu cür hadisələrin qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?

Valideynləri övladlarına qarşı bu cür zorakılıq törətməkdən necə çəkindirmək olar?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlər Komitəsinininformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov bildirir ki, hadisə ilə bağlı Zaqatala rayonu ilə əlaqə yaradılıb və hazırda mərhumun ailəsi və hüquq-mühafizə orqanları vasitəsilə izahatlar və məlumatlar dəqiqləşdirilir. E.Səfərov qeyd edir ki, hadisə ilə əlaqədar yalnız özünü öldürmə həddinə çatdırma yox, eyni zamanda 176-1 (qadını, xüsusilə yetkinlik yaşına çatmayanların nikaha daxil olmağa məcbur etmə) maddəsi ilə cinayət işinin açılması məqsədə uyğundur: “Dövlət Komitəsi hesab edir ki, qadını və kişini nikaha məcbur etməyə görə cinayət işi açılmalıdır. Çox təəssüf ki, bu günə qədər bizim hüquq-mühafizə orqanları Cinayət Məcəlləsinin 176-1 (qadını məcburi nikaha cəlb etməyə görə) maddəsini tətbiq etmirlər. Azərbaycanda məcburi nikahlar, xüsusilə yetkinlik yaşına çatmayanların məcburi nikaha cəlb olunması problemi var və buna qarşı mübarizə gücləndirilməlidir. Mübarizə yalnız Cinayət Məcəlləsinin maddələrinin tətbiqi ilə deyil, eyni zamanda maarifləndirmə ilə olmalıdır. Valideynlər maarifləndirilməlidir ki, onlar uşaqlarını məcburi nikaha cəlb etməsinlər”.

E.Səfərov bildirir ki, Gürcüstan, Rusiya, Ermənistan, İranla müqayisədə Azərbaycanda məcburi nikaha daxil edilmə faktları qat-qat azdır, amma var: “Deyək ki, il ərzində 60 min nikah qeydə alınırsa, onlardan 5-6 fakt yetkinlik yaşına çatmayanların nikaha məcbur edilməsi olur. Ümumiyyətlə, qız oğurluğu, məcburi nikah problemləri faiz cəhətdən çoxluq təşkil etməsə də, faktlar var və bunlara qarşı tədbirlər görülməlidir. İşlər aparılır, amma daha da gücləndirilməlidir. Xüsusilə ailələrdə olan sterotiplər aradan qaldırılmalıdır. Valideyn bilməlidir ki, övladlarını nikaha daxil olmaq üçün məcbur edə bilməz. Uşaq 18 yaşına çatmalı, təhsil almalı, sona kiminlə ailə quracağı ilə bağlı özü qərar verməlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir