valideyn

Qızları ana olmağa necə hazırlamalı?

Baxış sayı: 1. 569

“Qadınların böyük əksəriyyəti dünyaya övlad gətirməyin yolunu bilir, amma onların 99,9 faizi dünyaya gətirdikləri övladla nə etmək lazım olduğunu bilmir”.

Məşhurlardan birinin səsləndirdiyi bu fikir əslində günümüzlə tam uzlaşır. Ailə mədəniyyəti xalqımızın qədim zamanlardan bu günə kimi ötürülən ən böyük milli, mənəvi dəyəridir.

Amma təəssüflə qeyd edə bilərik ki, çağdaş dünya bir çox milli xüsusiyyətlərimiz kimi, bu dəyəri də əlimizdən alır, yaxud da özümüz biməyərəkdən itiririk.

Bütün dövürlərdə cəmiyyətin diri, savadlı olması analarla bağlı olub. Xüsusilə Azərbaycan üçün xarakterik olan bu məsələ indi az qala arxa plana keçib. Mənfi nəticələri isə göz önündədir.

İndiki dövrdə bəzi qızlarımız ərə getmək xatirinə qurduqları ailələrdə heç nəyi öz yerinə qoya bilmirlər, daha doğrusu öz yerində görə bilmirlər. Heç öz vəzifələrinin də fərqində deyillər.

Qayınana, qayınata, ana, ata, qardaş, bacı, baldız, ən nəhayətdə övlad…

Ailə qurmağa hazırlaşan xanım yalnız cinsi münasibətlər üçün köklənməməlidir.

Açıq deyək, məsələ ancaq bununla bağlıdırsa, bu ehtiyacı ailə qurmadan da ödəmək olar. Ailə qurmaq tamam başqa məsələdir. Ana olmaq müqəddəs ad daşımaq deməkdir. Ana olmaq həm də cəmiyyətə layiqli övlad yetişdirmək görəvidir.

Gənc qız ərə getdiyi ailənin dəyərlərinə hörmət etməyi bacarmalıdır ki, onun da dəyərlərinə hörmət etsinlər, sözünü saysınlar. Ən əsası, dünyaya gətirəcəyi övladının bütün məsuliyyətini dərk etməlidir.

Təəssüf ki, qloballaşan dünyada meydana çıxan ən böyük problemlərdən biri də məhz xanımlarımızın dünyaya gətirdikləri körpə ilə necə rəftar etməyi bilməmələridir. Sadəcə ər xatirinə ərə gedənlər analığın nə olduğunu bilmədən, məsuliyyətini, öhdəliklərini dərk etmədən ana olurlar. Nəticə isə ürəkaçan deyil: azyaşlı ilə rəftarı bacarmayan, qayğısını çəkməyi özünə əziyyət bilən, ona süd verməyi belə, bədən fiqurasının pozulması kimi dərk edən cahil obrazı yaratmış olurlar. Uşaqlarına bir dəfə laylay demirlər  və s…

Bütün bunlar o deməkdir ki, ana olmağı bacarmırlar. Bəli, bunu bacarmaq lazımdır. Çünki ana yalnız geyindirmək, yedizdirməklə bitmir. Ana olmaq həm də bütün günü övladının yanında olmaqla sərhədlənmir. Ana olmaq uzaqda olsa belə, övladının onun nəfəsini üzərində duymasıdır…

Bunu hər dünyaya övlad gətirib “ana oldum” deyən xanım bacarırmı?

Mövzu ilə bağlı suallarımızı ölkənin ictimai-siyasi, sosial həyatında kifayət qədər tanınan analar cavablandırır.

 

“…Uff demədən anaları atırlar…”

 

Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyir ki, övladı təkcə ailə üçün deyil, cəmiyyət üçün yararlı böyütmək lazımdır:

– Azərbaycanda ailə dəyərləri çox müqəddəsdir. Ölkəmizin qədim və zəngin ailə institutu var. Dünyada qloballaşma getsə də, kürəsəl təhlükələr olsa da, biz ailə institutumuzu qorumalıyıq. Bizdə valideynin övladına, övladın valideynə olan münasibətləri olduqca müqəddəsidir. Eyni zamanda, valideyn həm uşaqlar, həm də cəmiyyət qarşısında məsuliyyətini bilməlidir. Bu, bizim qanunlarımızda da öz əksini tapıb. Eyni zamanda, yazılmamış qanunlarımız da var.

Məsələn, Amerikada, Avropada uşaq 18 yaşını tamamlayanda uşağa “sağ ol” deyib öz yolunu müəyyənləşdirməyə göndərirlər. Hətta, ata-anasının evi olmasına baxmayaraq, övlad evi tərk edir. Bununla da onu müstəqilliyə alışdırır, hər problemini özü həll etməyə yönəldir, özgüvəni artırırlar. Bu, təbii ki, 18 yaşdan sonra yaxşı haldır. Amma xarici ölkələrdə bu  məsələlər çox aşırı hal alır.

Eləcə də valideynlər qocalanda övladları “uf” belə, demədən onları Qocalar evinə qoyur. Amma bizdə tamam fərqlidir. Bu gün Azərbaycanda ailə dəyərlərinin yüksək olması dünyanın ekspertləri tərəfindən də qiymətləndirilir. Bizdə kimsə ata-anasını Qocalar evinə qoysa, həmin kənddə, şəhərdə, rayonda onu ciddi qənağa tuş edərlər. Düzdür, son illər Azərbaycanda ictimai qınaq çox zəifləyib. Amma bu sahədə ictimai qınaq ən yüksək səviyyəsinə qalxır. Bizdə övlad 18 yaşını keçir, ailə qurur, özü valideyn olur, yenə də ata-ana himayəsindən məhrum edilmir. Valideynlərin isti əlləri hər an övladının, nəvələrinin üzərində olur. Eyni zamanda,  valideynlər, şəxsən özüm əminəm ki, mən qocalanda övladlarımız Avropadakından fərqli olaraq bizə sahib çıxacaq.

 

“İndi uşaq böyütmək asan deyil…”

 

Deputat bəzi nənələrdən, qayınanalardan fərqli olaraq deyir ki, indiki dövrdə uşaqları böyütmək çox çətindir:

– İnsan yaranandan Allah onsuz da onu fizioloji olaraq böyüdür, ən gözəl nemətləri yeyənlər də böyüyür, ən kasıb ailələrin uşaqları da böyüyür. Söhbət isə mənəvi böyüməkdən gedir. Bizdə bir misal var: fiziki cəhətdən sağlam, mənəvi cəhətdən kamil. Uşaq pendir-çörək də yesə böyüyür, gündə kabab yesə də böyüyür. Biz dünyaya gələn körpələrin mənəvi cəhətdən kamil olmasına çalışmalıyıq. Bu gün internetdən pis vərdişlərə yiyələnmək təhlükələri var. Valideyn nəzarət edər uşaq internetdən bilik, dil öyrənər. Nəzarətsiz qalar, ən pis oyunlara aludə olar, cinayətkar qruplarına düşə bilər. Ona görə biz düşünməyək ki, indi uşaqların tərbiyəsi asandır.
“Övladlarımızı bizdən çox ətraf mühit formalaşdırır…”


Tanınmış jurnalist Ləman Ələşrəfqızı düşünür ki, bu, bütün dövrlərin problemidir:

– Həmişə yaxşı ana yaxşı olub, pis ana pis. Düzdür, biz bir az hər şeydə ifrata varan millətik. Yəni bu dəqiqə kimsə çıxıb mənə deyə bilər ki, nə danışırsan, axı cənnət anaların ayaqları altındadır, niyə pis ana ifadəsi işlətdin və s.

Yaxşı analara can qurban. Əlbəttə onlar çoxluğu təmsil edir, amma özünün tərbiyəyə ehtiyacı olan və ana adlandırılanlar da var.Məncə, aydın məsələdir də. Uşağın tərbiyəsində mühüm rol oynayan ana biliyini, bacarığını, istedadını, dünyagörüşünü övladına ötürür. Burada həmgenetika öz sözünü deyir, həm də həyatda qazandığı vərdişlər və s. Əgər ana layiqli anadırsa, bundan uşaq da qazanacaq, cəmiyyət də. Yox, əgər əksidirsə, onda yaxşı nəticə də gözləməyə dəyməz. Yalnız istisna hallarda görürsən ki, bəzən qüsurlu valideynin də yaxşı övladı olur. Amma mən sizə bir şey də deyim, bu gün uşaqlarımızı özümüzdən də çox ətraf mühit formalaşdırır.
“Qızları ana olmağa hazırlayan dərslər keçirilsin…”


L.Ələşrəfqızı Azərbaycan mentalitetində körpənin müqəddəs, mələk olduğunu qeyd edir:

– Bizdə “uşaq evin gülüdür”, “uşaqlı ev bazardır, uşaqsız ev məzardır” kimi atalar sözləri də var və düşünürəm ki, bunlar təsadüfi olaraq ortaya çıxmayıb. Hamısı uşağa, övlada münasibətdən əmələ gəlib. Və valideyn də ailədə hər bir uşağın nazını ayrı-ayrılıqda çəkib. Bəxtiyar Vahabzadə “Atılmışlar” poemasını yazanda mən orta məktəbdə oxuyurdum. Hətta onu səhnələşdirmişdilər və Firəngiz Mütəllibovanın yaratdığı obraz çoxlarının gözünü yaşartmışdı. Yəni dediyim o ki, bu müasir dövrün problemi deyil. O vaxt da uşağı  doğub zibilə,  qohum-əqrəbanın üstünə atanlar vardı, bu gün də var. O dövrdə də “əşi, kim olur olsun, təki ərə gedim, uşaq doğum, sonrası Allah kərimdir” deyənlər vardı, bu gün də var.

Mümkündür ki, bu gün onların sayı daha çoxdur. Ola bilər. Hər şey ailə tərbiyəsindən,  qızlarımızın dünyagörüşündən, təhsilindən irəli gəlir.Ona görə mən tərəfdarıyam ki, orta məktəblərdə qızları gələcəyə- ana olmağa hazırlayan dərslər keçirilsin. Bəlkə də keçirlər, məlumatsızam. Amma inanın təbliğat, maarifləndirmə işinin aparılması belə məsələlərdə effekt verir.
“Gəlinciyini sinəsinə sıxan qızcığaz inanmıram laqeyd ana olsun…
Xanım jurnalist bu məsələdə qız böyüdən anaların üzərinə böyük məsuliyyət düşdüşüyünü vurğulayır:
– Məsələn, mənim qızımın 6 yaşı var, amma o bütün günü öz gəlinciyini ana kimi sinəsinə sıxır, onunla danışır, ona yemək verir. Mən qızıma həmin anda çoxlu suallar verirəm, ondan soruşuram ki, bəbənə tutaq ki, çay da verdinmi? və s . Desə yox, deyirəm körpəni çaysız qoymaq olmaz, bunu da elə, bunu da. Yəni uşağın yaddaşına balacalıqdan yazılır ki, sən sabahın anasısan, məsuliyyətini dərk elə. Məncə bütün  qız uşaqları  doğulanda analıq instinkti ilə doğulur. Biz analar  öz qızlarımıza kiçik yaşlarından buna hazırlasaq, nəticə yaxşı olar. Bu gün gəlinciyini sinəsinə sıxan qızcığaz inanmıram ki, sabah pis, laqeyd ana olsun. (Modern.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir