evlilik

Qohum evliliyinə fərqli baxışlar

Baxış sayı: 114

El arasındakı məsələ görə, əmiqızı ilə əmioğlunun nikahı göydə kəsilib. Tibb nə qədər bunun əksini söyləsə də, Azərbaycanda bu atalar məsəlini deviz halına gətirən bir çox ailələr mövcuddur. Belə ki, qohum evliliklərinin sayı digərləri ilə müqayisədə üstünlük təşkil edir. Adətən valideynlər deyirlər ki, yad qızını alınca, qızımızı özgəyə verincə el-obamızdan olan, əsil-nəslinə bələd olduğumuz qardaşımız, bacımız övladlarını öz ocağımıza gətirək, ya da gəlin köçürək.

Qohum evliliyinin müsbət tərəfləri

Müasir tibb mütəxəssislərinə görə, fiziki qüsurlu doğulan insanların adətən böyük əksəriyyətinin valideynləri yaxın dərəcəli qohumdurlar. Qohumlararası evliliyin problemləri isə ata soyundan gəldiyi kimi ana soyundan da gələ bilir. Əmiuşaqlarının evliliyi 1-ci dərəcəli qohum evliliyi sayılır. Nəvə evliliklər isə 2-ci dərəcəli evliliklərdir. Həkim-genetik Eldəniz Bayramov Trend-ə deyib ki, istər qohum evlilik olsun, istərsə də yad evlilik – hər ikisinin müsbət və mənfi tərəfləri var. Onun fikrincə, qohum evlilik o zaman məsləhət görülmür ki, nəsildə hansısa bir irsi xəstəlik var: “Belə olan halda yad evliliyə üstünlük verilməsi daha məqsədəuyğundur. Ancaq əgər nəsildə irsi xəstəlik yoxdursa, qohum evlilik heç bir problem yaratmır. Əgər nəsil sağlamdırsa, niyə də qohum evlilik olmasın?! Hətta qohum evliliyinin bir üstün cəhəti var – bəzən elə olub ki, nəsildə hansısa istedad olub və həmin istedad nəsildən-nəslə daha yaxşı üzə çıxıb”.
Mövzu ilə bağlı biz də bir neçə ekspertin rəyini aldıq.

Tibb üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlının sözlərinə görə, qohum evliliyinin bəzi müsbət tərəfləri də var: “Qohum evliliyi zamanı bəzən ailədən hər hansı bir bacarıq övlada keçə bilər. Məsələn, elə genlərə malik olan insanlar olur ki, onlardan müsbət keyfiyyətlər nəsildən-nəslə ötürülür. Məsələn, musiqiçi ailəsində doğulan uşaq musiqi, şair ailəsində dünyaya gələn uşaq daha çox bədii ədəbiyyat sahəsində istedadlı ola bilir. Bunun baş verməsi nisbidir. Bu ola da bilər, olmaya da. Burada faiz çox aşağı səviyyədədir”.
Ş.Namazlının sözlərinə görə, qohum evliliyinin daha çox mənfi tərəfləri var: “Biz qohum evliliyinin daha çox ziyanları və mənfi tərəflərini müşahidə edirik. Genetika elmi inkişaf etdikdən bəri qohum evliliyindən imtina edirlər. Çünki irsiyyətində ata və ana tərəfindən hər hansısa bir nəsildə bir xəstəliyi olubsa, bu, qohum evliliyi zamanı özünü büruzə verə bilər. Bu xəstəliklərdən ən məşhur olanlar – qan xəstəliyi, şəkər, hətta xərçəng hüceyrələri irsi yolla daşına bilər. Ata və ana qohum olduğu üçün onların irsiyyətində olan bu xəstəliklərin özünü yeni doğulan körpədə büruzə verməsi qohum olmayanlara nisbətən daha böyük risk daşıyır. Bu, bəzən körpənin əqli inkişafına da mənfi təsir göstərə bilər. Bütün hallarda mənfi ehtimallar digərlərinə nisbətdə daha yüksəkdir”.

Gizli xəstəliklərin üzə çıxma ehtimalı

Sosioloq Asif Bayramov da qohum evliliyinin tərəfdarı olmadığını bildirdi. O, belə evliliyin həm tibbi, həm də sosial baxımdan mənfi tərəflərindən söz açdı: “Bu günə qədər insan genetikası belə bir fikri təsdiq edib ki, əgər qohum insanlar ailə qurarsa, o zaman həmin nəsildə mövcud olan və gizlin şəkildə qalan bir çox xəstəliklərin üzə çıxma ehtimalı çox böyükdür. Tibb elmi yalnız bu faktı təsdiq edib. Hazırda irəli sürülən əks fikir mənim üçün hər hansı elmi əsasa söykənmədiyindən mən bu fikrin tərəfdarı deyiləm. ABŞ-da artıq 70-ci illərdə gənc ailələrlə bağlı bir sıra tövsiyə xarakterli ədəbiyyatlar nəşr olunurdu ki, həmin ədəbiyyatlarda müxtəlif iqlim şəraitində yaşayan gənclərin ailə qurması tövsiyə olunurdu. Çünki fərqli iqlim şəraitində doğulub böyüyən insanlar özlərində daha fərqli dominant genlər daşıyır. Bu gənclərdən dünyaya gələn yeni nəsil hər iki iqlim şəraitində, hər iki coğrafi mühitdə olan dominant genləri özündə cəmləşdirə bilir. Müxtəlif millətlərin nümayəndəsi sayılan metislərin daha gözəl, daha ağıllı, daha yaraşıqlı olduğu söylənilir. Bu, bir daha onu təsdiq edir ki, müxtəlif genlər daşıyan insanların ailə qurmasından dünyaya gələn körpələr daha üstün həyat şəraiti üçün daha gərəkli genlər əldə edir”.
Sosioloqun sözlərinə görə, bunun həm də sosioloji cəhətdən mənfi tərəfləri var. O, qohum evliliyinin həm də “köhnə qohumlar” arasındakı münasibətlərin soyumasına səbəb olduğunu vurğulayıb: “Yuxarıda sadaladıqlarım məsələyə elmi və tibbi yanaşmadır. Digər tərəfdən, məsələyə mənəvi tərəfdən yanaşdıqda, bu evliliklərin daha təhlükəli xarakter daşıdığını görə bilərik. Ailə quran gənclərin arasında qohumluq telləri ilə bağlılıq varsa, onların yenidən qohum olması sabah “köhnə qohumlar”ın münasibətlərinin zərbə altında qalması ehtimalını çoxaldır. Çünki yeni ailə quranların boşanması son nəticədə həmin iki qohum nəsil arasında düşmənçiliyə və uzaqlaşmaya gətirib çıxarır. Məhz buna görə birinci dərəcəli qohumların ailə qurması istər mənəvi, istərsə də genetik baxımdan düzgün deyil”.

Aktuallığını itirmiş məsələ

A.Bayramov qohum evliliyinin patriarxal yanaşmadan və düşüncədən irəli gəldiyini hesab edir. O deyir ki, artıq gənclərin mədəni və intellektual səviyyəsi onların bu düşüncə tərzindən qaçmasına imkan verir: “Yeni qurulan ailənin mənəvi birliyi və monolitliyinə can atılır ki, boşanma və digər sosial problemlər yaranmasın. Belə bir məsəl var ki, elini hürküt, axsağından yapış. Bunu ona görə deyirlər ki, əgər öz elindən olan bir qızla ailə qurursansa, onların adət-ənənəsi, həyata baxışları və mənəvi dəyərləri ortaq olduğundan bu ailələrdə hər hansı bir mənəvi toqquşma ehtimalı daha az olur. Lakin müxtəlif bölgədən ailə quran insanların mənəvi dəyərləri fərqli olduğuna görə həmin ailədə mənəvi müstəvidə toqquşmanın və qarşıdurmanın, anlaşılmazlığın başvermə ehtimalı da böyüyür. Lakin mən düşünürəm ki, həmin məsəl bu gün artıq öz aktuallığını itirib və arxaikləşib. Bu gün Azərbaycan cəmiyyəti orta əsr düşüncəsi və şüuru ilə yaşayan bir cəmiyyət deyil. Gənclərimizin böyük əksəriyyəti ali təhsil alıb. Hətta ali təhsil almayan gənclərin mədəni düşüncələri və intellektual səviyyələri kifayət qədər yüksəkdir. Ona görə də müxtəlif bölgələrdən olan insanların qurduğu ailədə mənəvi monolitliyi təmin etmək üçün kifayət qədər psixoloji baza var. Qohumların evlənməsinə müsbət yanaşılması tərzi patriarxal düşüncədən irəli gəlir. Çünki ata-ana qız övladı üçün cehiz yığır, oğlan evi isə yaşayış yerini təmin etməyə çalışır. Hər iki tərəf çalışır ki, övladı üçün qoyduğu miras ailəyə yabançı bir insanın əlinə keçməsin. Bu fakta maddi imkanı nisbətən yüksək olan ailələrdə daha çox rast gəlinir. Biz müasir elmin nailiyyətlərini və tibbin yeniliklərini gənclərimiz ailə qurarkən nəzərə almalıyıq”.

kaspi.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir