toy

Qonaq gələndə əti ona veririk, makaronu özümüz yeyirik. Bəs toyda necə?

Baxış sayı: 186

Son günlər toyların sayı azalıb. Şadlıq sarayları yenidən durğunluq dövrü yaşayırlar.

“Gilavar” şadlıq sarayının təmsilçisi Elçin Məmmədo toyların az olmasının səbəblərindən danışıb, bildirib ki, ciddi bir bahalaşma olmasa da, toy etmək istəyənlərin sayı azalıb:

gilavar

“Pandemiya dövründə, yəni son il yarım ərzində 17 min toy yığılıb qalmışdı, artıq həmin kütlə toyunu edib qurtarıb. 2019-cu ilin cari dövrü ilə müqayisədə toyların sayı iki dəfəyədək azalıb. Məsələn, əvvəl 20 toy olurdusa, indi 10 toy olur. Hər şey normaldır, sadəcə olaraq evlənənlərin sayı azalıb”.

Bəzi restoranlarda 10, bəzilərində isə 20-30 manatadək qiymət artımı var

Bu il yarımda həyətyanı sahələrdə, çadırlarda da toy edənlər oldu. Bəs, görəsən bu ənənə hələ də qalıb?

E.Məmmədov deyir ki, şadlıq saraylarında toyların sayının azalmasıda bu amilin rolu yoxdur:

“Çünki həyətyanı sahələrdə, çadırlarda toy edən yoxdur. Siz çadırda toy edə bilərsiz? Yox, sizə gülərlər. Rayon yerlərində də restoran, şadlıq evlərində toy etməyə üstünlük verirlər. Toy sahibləri beş manat artıq xərcləmək məcburiyyətində qalsalar belə, şadlıq saraylarına, restoranlara üz tuturlar”.

Qiymətlərdən danışan restoran təmsilçisi bildirir ki, hazırda Bakıda bir masada adambaşına menyunun qiyməti 40-350 manat arasında dəyişir. Onun sözlərinə görə, qiymətlər pandemiyadan öncəki ildə, 2019-cu ilin cari dövrü ilə müqayisədə artıb:

“Bəzi restoranlarda 10, bəzilərində isə 20-30 manatadək qiymət artımı var. Elə şadlıq sarayları var ki, adambaşına olan menyunun qiyməti əvvəl 50 manat, indi isə 80 manatdır”.

“Simfoniya” şadlıq sarayının baş inzibatçısı İlqar Qasımov da toyların azlığından gileylidir. O deyir ki, hələlik noyabr üçün 2 toy təyin olunub:

simfoniya

“Pandemiyadan öncəki müddətdə, elə götürək 2019-cu ili, bu aylarda 10-15 toy olurdu, indi isə sanki karantindir, gələnlər yoxdur. Toyların azalmasının səbəbləri müxtəlifdir. Elə müştərilər var ki, müharibənin, şəhidlərimizin ildönümünün tamamlanmağını gözləyir. Elə ev sahibləri var ki, narahatdırlar ki, birdən kimsə onun toyunda virusa yoluxar.

Bundan başqa, yumşalmaların olmasını gözləyənlər də var. Gözləyirlər, istəyirlər ki, daha çox qonaqla toy etsinlər. ELə müştərilərimiz var ki, qız və oğlan evinin ümumi qonaqlarının sayı 300-350 nəfərdən çox olur. Lakin qanun və tələb var, biz bunu poza bilmirik. Ümumiyyətlə, bunu tələb edən qonağı da başa düşə bilmirik”.

Müştəri olsa, qiyməti qaldırmaq istəyərdik

Həmsöhbətimiz digər restoran təmsilçisindən fərqli olaraq qiymətlərdə artımın olmadığını deyir:

“Müştəri yoxdursa, qiymətləri artırmağın nə mənası var ki?! Ərzaq bahalaşsa da, əvvəlki qiymətlər nədirsə, elə adambaşına menyunu əvvəlki qiymətə təklif edirik. Məsələn, öncədən 5 manat xeyrimiz qalırdısa, indi 3 manat xeyrimiz olur, qiymətlərdə heç bir artıma getmirik. Amma müştəri olsa, qiyməti qaldırmaq istəyərdik”.

İ.Qasımov deyir ki, qonağın sayı az olanda xərc daha çox çıxır:

“Çünki müğənninin, ansmablın öz qiyməti var. Yəni, bir var 350 nəfər qonağın pulu ilə müğənni, ansamblın xərcini ödəyəsən, bir də var ki, 150 nəfərlik qonaqdan əldə olunan pulla bunu edəsən”.

O bildirir ki, hazırda özləri 15-20 faiz zərərlə işləyirlər:

“Hələ toy olmayan vaxtlarda xərclərimiz 4000-5000 civarında olurdu. Kommunal xərclər, bundan əlavə işçiləri saxlamaq üçün xərclərimiz çıxır. Hər şey bir yana, əsas odur ki, insanlar xəstəlikdən uzaq olsunlar. Xəstəlik ola-ola 300-400 nəfərlik toylara icazə verilməsini istəyə bilmərik. Amma qısa zamanda pandemiyadan öncəki vəziyyət bərpa olunsa, qısa zamanda, çox yaxşı olar”.

Gərək, əhalinin ümumi vəziyyəti, əhval-ruhiyyəsi yaxşı olsun ki, toy da olsun

Maraqlıdır ki, toyların keçirilməsinə icazə verildiyi müddətdən şadlıq saraylarının fəaliyyətsiz qaldıqları dövrdə vurulan zərər aradan qalxıbmı?

İ.Qasımov bildirir ki, onlar bu müddətdə il yarımda pademiya dövründə yaranan itkiləri aradan qaldıra bilməyiblər:

“Bundan əlavə də, insanların rifahı yaxşı olanda restoranlara, şadlıq saraylarına gedə bilirlər. Gərək ki, ona qədər ailə quranın da rifahı yaxşı olsun, özünə ev almış olsun. Gərək ki, əhalinin ümumi vəziyyəti, əhval-ruhiyyəsi yaxşı olsun ki, toy da olsun”.

Belə söz dilə düşüb ki, əksəriyyət pul yığmaq üçün toy edir. Maraqlıdır, əgər belədirsə, toyların sayının azalmasında bu amilin də rolu ola bilər. Bəs, görəsən restoran sahibi bu fikirlə razıdırmı?

Restoran sahibi belə fikirlərin əsassız olduğunu deyir:

“Təsəvvür edin, bir yolu “07” ilə də qət etmək olur, “Rang Rover” ilə də qət etmək olur. Hər kəs öz adına görə toy eləmək istəyir. Həm də bu gün 150 nəfərlik qonaqla ümumiyyətlə pul yığmaq mümkün deyil. Bu gün nə 30 manatlıq şadlıq sarayında toy edən, nə də ki, bahalı şadlıq sarayında toy edən pul yığa bilir. Sadəcə olaraq istəyir ki, hər şey qaydasında olsun, toyu gözəl keçsin, bunun üçün cibindən 20-30 min də artıq xərcləyir. İmkanı olan birinin qohum-əqrəbası heç də hər zaman tam imkanlı olmur. Əksinə, imkanlı biri daha çox xərcləyir, daha çox israf edir. Qonağımız gələndə biz əti qonağımıza veririk, makaronu özümüz yeyirik, burada da eyni yanaşma var”.

O hazırda öz menyularının qiymətinin 100-180 manat arasında dəyişildiyini söyləyir:

“Əvvəl adambaşına şadlıq sarayının toy bazarlığı 50-60 manat idisə, hazırda bu məbləğ 90 manatdır. Bunu nəzərə alsaq, gərək ki, qiymətləri qaldıraq. Adətən masa qiyməti adambaşına 30 manat olan şadlıq sarayları qiyməti təqribən 20 manata qədər qaldırıblar. Bunun da səbəbi ansambl, müğənni və bu kimi digər xərclərin qarşılanmasıdır”.

İ.Qasımov deyir ki, bu vəziyyətdə işləməyə məcburdurlar:

“Başqa əlacımız yoxdur. Şadlıq saraylarının bağlı olmasındansa, buna da şükür edirik. Hazırda bütün şadlıq saraylarında vəziyyət belədir. Çünki obyekt bağlı qalsa da, işləsə də, saralır, uçulur, dağılır, müəyyən xərcləri çıxır. Müvəqqəti çətinlikdir, düşünürəm, bu da keçər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir