qorxu_yuxu_00111

Qorxulu yuxuların səbəbləri

Baxış sayı: 1. 487

Əksər insanlar yatarkən gördükləri qeyri-adi yuxulardan qorxuya düşürlər. Gün ərzində baş verən hadisələr, yaxud illər əvvəl yaşanılan hər hansı bir travmanın izləri, gecə-gündüz düşündüyümüz problemlər, məsələlər adətən gecə yuxusunda da yaxamızı buraxmır. Nəticədə yorğun və narahat keçən gecənin sabahısı insan yorğun, əzgin, kefsiz oyanır. Gecə qorxuları insanlarda zaman-zaman get-gəlli olur, kimisində isə ardı-arası kəsilmir. Yaşlılar belə qorxuları edilən cadu, qarğışlara bağlasalar da, cavanlar üçün daim görülən qorxulu yuxuların səbəbi psixoloji pozğunluq və yorğunluqdur.

Əslində qorxulu yuxular nədir? Niyə insanlar belə yuxular görürlər? Həqiqətən edilən cadu və bu kimi əməllərin insan yuxusuna təsiri varmı? Alimlərin uzunmüddətli araşdırmalarına baxmayaraq, yuxu ilə bağlı bəzi məqamlar tam aydınlaşmayıb. Yuxu ilə bağlı fikirlərdə Şərq və Qərb alimlərinin fikirləri üst-üstə düşmür. Qərblilər yuxunu izah etməyə çalışarkən bildirirlər ki, yuxu insanın gündəlik fəaliyyətinin nəticəsində gördüyü düşüncələrdir. Şərqlilər isə fərqli olaraq yuxunun ilahi bir mesaj olduğunu bildirirlər. Yuxuda insan bəzən başına gələcəkləri tamamilə eyni olaraq, bəzən də müxtəlif mətnaltı məna və bənzətmələrlə görür. Məhz buna görə də yuxuları yozmaq lazım olur.

İnsan ömrünün 3/1-ni yataraq keçirir. Ancaq bu o demək deyil ki, hər yatdığımızda yuxu görürük. Alimlərin araşdırmaları göstərib ki, sən demə, yuxuların növləri də varmış. İnsan yatmaq üçün çarpayıya uzanır və gözlərini yumur. Çox qısa müddət sonra göz qapaqları titrəməyə başlayır, insan yuxuya gedir. Alimlərin fikrincə, yatmaq üçün qəbul olunmuş bəzi yuxugətirən dərmanlar insanın yuxu görməsinə mane olur. Onlar hesab edirlər ki, təbii olaraq yuxuya getmiş hər bir insan yatdıqdan sonra mütləq yuxu görür. İnsanların çoxu yuxuları ağ-qara gördüklərini söyləyirlər. Daim yorğun və başı hər hansı mövzu ətrafında fikirlərlə dolu olan insanlar oyandıqları zaman qarışıq yuxular gördüklərini söyləyirlər. Əksərən onlar fikirləşdikləri məsələni yuxularında da görürlər. Belə yuxuları yozmaq mümkün deyil.

Hacı Kamilin sözlərinə görə, pis yuxu yoxdur. Yetər ki, yuxunun yozulması düzgün olsun. Hər insan yuxu yoza bilmədiyi üçün deyilən hər bir sözə də inanmaq lazım deyil. Pis yuxu görmək mütləq pis hadisə ilə qarşılaşılacaq anlamına gəlmir:

“Qurani-Kərimdə bildirilir ki, ilk dəfə yuxu yozmaq neməti Yusif peyğəmbərə verilib. Onun yozduğu yuxular aydın, çin çıxıb. Ondan sonra zamanla yuxu yozumu bir peşə halına gəlib. Yuxular mələkdən və şeytandan gələn yuxu olaraq 2 yerə bölünür. Təbii ki, birinci görülən yuxular aydın, təmiz yuxulardır. İndi satışda yuxu yozumları kitabları satılır. Yuxuda görülən 1 detalla tamamilə yuxunu yozurlar. Lakin yuxunu yozmaq yuxudakı bütün detalları bilməklə mümkün ola bilər. Daim qorxulu yuxu görən insanlar isə daxilən iztirab çəkən, yaxud günah işləyən insanlardır. Bütün yuxulardan Allaha sığınmaq lazımdır. Yuxuların gələcəkdən bir mesaj, yaxud xəbərdarlıq olması ehtimalları da var, amma heç kim bilə bilməz ki, bu hansı yuxudur”.

Nevropatoloq Allahverdi Musayevin sözlərinə görə, yuxu insanın yaşından asılı olaraq dəyişir. 2-3 yaş arasında olan uşaqların qorxulu yuxu görməyi təbii bir haldır. 6 aylığı keçmiş hər bir uşağın belə yuxular görüb ağlayaraq oyanması təbiidir. Uşaqların xəyal gücü bu yaş ərəfəsində inkişaf etdiyindən yuxuların görülməsi normal haldır. Oyanan uşaqları sakitləşdirmək və yenidən yuxuya vermək lazımdır: “Böyüklərdə olan qorxulu yuxuların səbəbləri isə tamamilə ayrıdır. İnsan ya travma keçirir, bunun təsirindən ayrıla bilmir, ya nədənsə bərk narahatlığı olur. Əsəbləri gərgin olur, ya da parasomniyalar olur. Parasomniyalar yuxu pozğunluqlarıdır. Bu pozğunluqlar aradan qaldırılmadığı müddətcə yuxu qarışdırmaları, qorxulu yuxuların görülməsi davam edəcək”.

Bəzən insanlar başlarının altına bıçaq, qaşıq bu kimi əşyalar düzərək bununla qorxulu yuxu görülməsini qarşısının alınacağını güman edirlər. Amma bunun elmi bir sübutu olmadığını deyən həmsöhbətimiz bunu insanların uydurması və psixoloji olaraq özlərini sakitləşdirmək üsulu sayı.

Psixoloqlar bu fikirdədir ki, daim qorxulu yuxu görən insanlar bundan çox rahat yolla qurtula bilərlər. Belə ki, görülən yuxu ilə üzləşmək lazımdır. Daim o yuxunu yenidən görüb qorxacağını düşünən insanlar məhz həmin yuxudan qurtula bilmirlər. Qurtulmağın ən yaxşı yolu isə xeyirə yozmaqdır. Araşdırmalar göstərir ki, qadınlar kişilərə nisbətən daha çox qorxulu yuxu görürlər. Daim görülən qorxulu yuxular davamlı olaraq narahat edərsə, bu zaman nevropatoloqa müraciət etmək vacibdir.

Qeyd edək ki, qəbul edilən dərmanlar da yuxuların qarışmasına səbəb ola bilər. Xüsusən antidepresant dərmanlar nadir hallarda yuxuları qorxulu edə bilir. Cəmiyyətdə görülən qorxulu yuxulara qarşı həssaslıq mövcuddur. Əksər insanlar düşünür ki, məhz belə yuxular gələcəkdən hər hansı bir işarə olar. Lakin yadda saxlamaq lazımdır ki, yuxular nadir hallarda baş verə biləcək hadisələrin xəbərçisi ola bilir. Görülən hər yuxunun mütləq çin olacağını gözləmək sadəlövlükdur. İnsanın psixoloji vəziyyətinə nəzər yetirmədən onun yuxularını yozmaq yanlış istiqamətə yönləndirmək deməkdir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir