qrip

Qripin ağırlaşmalarının qarşısını almaq üçün…

Baxış sayı: 1. 038

“Orthomixoviruses” ailəsindən olan qrip virusunun cinsi influenza tipləri A, B və C-dir. Virusun 135 mümkün kombinasiyasından insanlarda A (H1N1), A (H2N2) və A (H3N3) növlərinə rast gəlinir. A, B və C qripləri antroponozdur, hava-damcı, fekal-oral yollarla ötürülür. Ətraf mühitə zəif davamlıdır. Belə ki, mikrobioloji tədqiqatlar zamanı virus 56°-yə qədər qızdırılanda, qurudulanda, zəif konsentrasiyalı xlor, ozon ultrabənövşəyi şüaların təsirinə məruz qalanda tez məhv olur. Əksinə aşağı temperaturda, yəni hərarət –25°-dən -70°-dək olarsa, virus uzun müddət qalır. Ona görə də qrip mövsümi xəstəlik adlanır.

Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının pediatrı Günay Cavadova deyir ki, təsnifata görə xəstəliyin yüngül formasında insanın hərarəti 38°-yə qədər yüksəlir. Orta-ağır formada temperatur 38,5-39,5° arasında tərəddüd edir. Bu zaman aşkar intoksikasiya, respirator sindromu – traxeit, larinqotraxeit baş verir. Həmçinin ağciyərlərin bir payında seqmentar xarakterli zədələnmələr, ürək-ağciyər çatışmazlıqları qeydə alınır. Ağır və ya toksiki formada isə hərarət 40-40,5°-dək yüksəlir, toksiki ensefalopatiya, damar pozulmaları – hemorragiya şəklində qanaxmalar, o cümlədən qusma, meninqizm, ödem-hemorragik sindrom, yəni hemorragik pnevmoniya, beyin ödemi baş verir. Ağırlıq dərəcəsinə görə isə sonuncu forma ildırımvari, yəni hipertoksik formadır.

Həkim bildirir ki, qripin fəsadları spesifik və qeyri-spesifik bakterial olur. Spesifik fəsadlara ensefalit, meninqoensefalit, seroz meningit, Giyen-Barre sindromu, yəni ətraflarda hissiyyatın saxlanması ilə gedən əzələlərin periferik iflici, o cümlədən kəskin stenozlaşmış larinqotraxeit – hürücü öskürək, səsin batması, inspirator təngnəfəslik, qırtlağın stenozu aiddir. Bundan başqa, pnevmoniya, miokardit də spesifik fəsadlar sırasına daxildir. Qeyd etmək istərdim ki, larinqotraxeit xəstəliyi respublikada yalnız bizim xəstəxanada müalicə olunur.

“Qeyri-spesifik ağırlaşmalar zamanı pnevmoniya, lor orqanların zədələnməsi, yəni otit, sinusit müşahidə edilir. Həmçinin sidik kisəsinin zədələnməsi – sistit, böyrək ləyənlərinin zədələnməsi – pielit də qeydə alınır. Ağciyərdən kənar ağırlaşmalar zamanı isə Reye sindromu- qaraciyərin zədələnməsinə, Qasser sindromuna, Hemolitiko-uremik sindromu-böyrəyin zədələnməsinə, Uoterxauz-Frideriks sindromu-böyrəküstü vəzin zədələnməsinə, Kişş toksikozu-kəskin koronar çatışmazlığa rast gəlinir. Ağırlaşmaların qarşısını almaq üçün vaxtında həkimə müraciət edilməlidir”, – deyə G.Cavadova bildirir.

Pediatr qripə yoluxmamaq üçün soyuqdan qorunmağı, gigiyenik qaydalara əməl etməyi, orqanizmin immun sistemini möhkəmləndirən qidalar, meyvə tərəvəzlər, təbii şirələrin qəbulunu çoxaltmağı, ehtiyac yarandıqda isə virus əleyhinə dərmanlardan istifadə etməyi məsləhət görür.

Mütəxəssis ötən ilin noyabrında Rusiyanın Sankt-Peterburq şəhərində uşaqlarda infeksion xəstəliklərə dair keçirilən maarifləndirici seminarda iştirak etdiyini və orada qripin yeni təsnifatı barədə məlumat verildiyini də diqqətə çatdırdı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir