it

Quduzluq xəstəliyi nədir və ondan necə qorunmaq olar?

Baxış sayı: 1. 876

Son günlər sahibsiz itlərin sayının çoxalması və onların minlərlə insanı dişləməsi quduzluq xəstəliyinin artma ehtimalını da gündəmə gətirdi. Ötən gün it dişləməsi nəticəsində 5 yaşlı qızın həyatını itirməsi isə insanlarda daha çox təlaşa səbəb oldu.

 

Bəs quduzluq xəstəliyi nədir və ondan necə qorunmaq olar?

 

Pediatr Vaqif Qarayev bildirir ki, quduzluq törədicisi xüsusi viruslardır. İnfeksiya mənbəyi həm ev (it, pişik, iri və xirdabuynuzlular), həm də vəhşi heyvanlardır (tülkü, canavar və s.). Heyvanlar xəstəliyin başlanmasına 3-10 gün qalmış, həm də bütün xəstə olduqları dövrdə yoluxucu olurlar. Virus insana xəstə heyvanın seliyi vasitəsilə keçir və əsasən sinir sistemini zədələyir.
V. Qarayev deyir ki, xəstəliyin gizli dövrü 10 gündən 3 aya qədər uzana bilər: “Əgər zədə başda, üzdə, yuxarı ətraflarda olarsa, gizli dövr qısalır. Baş və üz dişlənərsə, xəstəlik çox ağır keçir və ölümlə nəticələnir. Xəstəliyin ilkin dövründə yara nahiyəsində ağrı, qaşınma hissi olur. Hərarət 37,2 – 37,5 dərəcəyə qalxır. Halsızlıq, baş və əzələ ağrıları, ürəkbulanma, qusma, qorxu, həyəcan, depressiya müşahidə olunur.

Xəstəliyin ikinci dövründə sudan qorxma, psixomotor oyanıqlıq, ətrafa qarşı aqressivlik, fiziki güc tətbiqi, əlinə keçən əşyaları vurub sındırmaq, udlaq və qırtlaq əzələlərində spazm, tənəffüsün çətinləşməsi, güclü selik ifrazı müşahidə olunur. Xəstəliyin üçüncü dövründə hərarət 40-42 dərəcəyə yüksəlir. Tənəffüs mərkəzinin iflici nəticəsində xəstə ölür”.

Həkimin sözlərinə görə, dişlənən nahiyəni sabunlu su ilə təkrar-təkrar yumalı və təcili həkimə müraciət edilməlidir: “Xəstəliyin qarşısını almaq üçün xüsusi vaksindən (müxtəlif sxemlərlə) istifadə olunur. Xəstəlik başlanmayıbsa, vaksinin effekti olur. Xəstəlik əlamətləri inkişaf edibsə, vaksin bir qayda olaraq faydasızdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir