musiqi

Qulaqcıqdan necə istifadə etməli?

Baxış sayı: 1. 378

İnsanlar arasında qulaqcıqlardan istifadə edənlərin sayı günü-gündən artır. Xüsusilə də gənclər buna daha çox meyl göstərirlər. Ətraf mühitdən təcrid olunmaq, əlavə səs-küydən yaxa qurtarmaq istəyənlər, ən real çıxış yolunu qulaqcıqlarda tapırlar. İctimai nəqliyyat vasitələrində, küçədə, hətta işdə belə, qulaqcıqlardan istifadə edənlərə tez-tez rast gəlirik. Bəzən belə bir hal da müşahidə edirik ki, qulaqcıq vasitəsi ilə dinlənilən musiqini kənardan da eşitmək mümkün olur. Bu, bəzən ətrafdakı insanları da narahat edir. Hazırda satışda texniki normalara cavab verməyən və istehsal mənbəyi bilinməyən qulaqcıqlar satılır ki, onlardan istifadə etmək, birmənalı şəkildə, düzgün deyil.   Ümumiyyətlə, qulaqcıqlardan uzun müddət istifadə daxili gərginlik yaradır ki, bu da qan təzyiqinin yüksəlməsinə və baş ağrılarına səbəb olur. Maraqlıdır, qulaqcıqların başqa hansı mənfi təsirləri var, uzun müddət qulaqcıqdan istifadə etdikdə, hansı fəsadlar ortaya çıxa bilər?

Lor cərrah Şəfa Həsənova deyir ki, qulaq xarici, orta və daxili hissədən ibarətdir: “Xarici və orta qulağı təbil pərdəsi ayırır. Xaricdən gələn səslər təbil pərdəsini titrədir, orta qulaqdakı sümüklərə, daha sonra isə daxili qulağa ötürür. Yəni səs normalda belə yaranır. Yüksək səslə qulaqcıqlardan istifadə edən gənclərdə təbil pərdəsi daim gərgin vəziyyətdə olur. Bu da gələcəkdə bir sıra fəsadların yaranmasına səbəb olur. Xüsusilə də eşitmənin zəifləməsinə gətirib çıxara bilər. Musiqi dinləyərkən səsi yüksək tutmamaq və gün ərzində maksimum 1 saat qulaq asmaq məsləhətdir. Bəzi gənclərimiz gecə yatarkən də qulaqcıqla musiqi dinləyərək yuxuya gedirlər. Bu, heç düzgün deyil.  Uzun müddət qulaqcıqlardan istifadə qulağa ziyandır. Bundan başqa bəzi gənclərimiz yol keçərkən qulaqcıqda olurlar. Bu da düzgün deyil. Çünki bu, bir sıra faciələrə gətirib çıxara bilər. Yəni həm diqqətləri dağınıq olur, həm də maşın səslərini eşitmirlər və bu, qəza hadisələrinin baş verməsinə səbəb ola bilər. Ona görə də, gənclərə məsləhət görərdim ki, yolda olarkən qulaqcıqlardan istifadə etməsinlər”. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir