Q

Qulaqcıqlı piyadaların yol qəzalarına səbəb olmasının qarşısını necə almalı? – MÜTƏXƏSSİS RƏYİ

Baxış sayı: 1. 638

Son zamanlar piyada məsuliyyətsizliyi ilə baş verən avtomobil qəzalarının sayı artır. Piyadaların piyada keçidlərindən keçməməsi, işıqforun işıqlarına diqqət yetirməməsi bəzi hallarda avtomobil qəzalarına gətirib çıxarır.

Xüsusən də son zamanlar gənclərin qulaqcıqlardan istifadə etməsi onlarda diqqət pozuntusuna səbəb olur ki, bu da piyadanın vurulması ilə nəticələnir. Piyada keçəcəyi yola, işıqfora və sürücüyə fikir vermədən istədiyi yerdən istədiyi kimi keçir. Sonda isə cəzalandırılan sürücülər olur. Bu da qanunlarda olan boşluqlardan irəli gəlir.

Ekspert Azər Allahverənovun sözlərinə görə, baş verən yol qəzalarının əksəriyyəti piyada diqqətsizliyi nəticəsində baş verir: “Piyada səbəbi ilə baş verən qəzalara diqqət yetirəndə müəyyən olur ki, qəza zamanı ya piyadanın başı telefona qarışıq olub, ya da qulaqcıqla musiqi dinlədiyi üçün səsləri eşitməyib, diqqəti dağınıq olub”.

Müsahibimiz qeyd edir ki, son zamanlar piyadaların telefon və ya qulaqcıqlardan istifadəsi çoxalıb və bu da qəzaların artması ilə nəticələnir. A.Allahverənov hesab edir ki, qulaqcıqlı piyadaların qəza səbəbi olması bütün dünyada problem halındadır. Və bunun qarşısını almaq üçün maarifləndirmə işləri aparılmalıdır: “Gənclərlə bu sahədə maarifləndirmə işləri aparılmalıdır. Bu məsələdə KİV-lərin də üzərinə böyük məsuliyyət düşür”.

Allahverənov bu məsələ ilə bağlı qanunvericilikdə boşluqların olduğunu da deyir. Onun sözlərinə görə, sürücülər də piyadaların bu vəziyyətindən çox narazıdırlar: “Cinayət Məcəlləsində bu məsələ ilə bağlı konkret maddə var ki, əgər qəza piyadanın diqqətsizliyi və ehtiyatsızlığı üzündən baş veribsə, xəsarət alan olsa belə, məsuliyyəti piyada daşıyır. Fərqi yoxdur həmin piyadanın qulağında qulaqcıq var, yoxsa yox. İstintaq zamanı günahın kimdə olduğu müəyyən edilir. Ancaq bütün hər şeyə rağmən sürücü diqqətli olmalı və qarşısına çıxacaq hər bir maneəyə hazır olmalıdır. Sürücü qarşısına çıxan maneələrdən yayınmaq üçün  aşağı sürət həddi seçməlidir”.

Piyadaların qulaqcıqla yol keçməsi zamanı cərimələnməsi məsələsini isə ekspert birmənalı qiymətləndirmir: “Ola bilər ki, piyada qulaqcığı bir qulağına taxsın, o biri qulağı ilə səslərə diqqət yetirsin və ya piyada qulaqcıqdan deyil, “blutooz”dan istifadə etsin. Bu zaman cərimənin tətbiq edilməsi alınmayacaq. Bu məsələdə yalnız maarifləndirmə işi görmək lazımdır”.

Sosioloq Əhməd Mansurovun sözlərinə görə, yol keçən zaman qulaqcıqdan istifadə həmin piyadanın həyatını təhlükə altına atır. “Piyadalar qəzalara səbəb olmamaq və yaşamaq üçün diqqətli olmalıdırlar. Yol keçərkən mobil telefonlardan, qulaqcıqlardan istifadə etməsinlər. Yol keçərkən ancaq yola və maşınlara baxmaq lazımdır. Amma təəssüflər olsun ki, piyadalarımız çox zaman piyada keçidlərindən belə istifadə etmirlər”.

Mansurov da piyadaların yol keçərkən qulaqcıqlardan istifadə etməməsi üçün maarifləndirmə işlərinə ehtiyac duyur. Ölkədə yol təhlükəsizliyinin acınacaqlı vəziyyətdə olduğunu bildirən sosioloq qeyd edir ki, çox zaman yol keçəndə anidən işıqforun işığı dəyişir və bu zaman qulaqcıqlı piyada  səsləri eşitmədiyi üçün yolda nə baş verdiyinin fərqində olmur, nəticədə qəza baş verir.

Həmsöhbətimizin dediyinə görə, qulaqcıqlardan daha çox qapalı insanlar istifadə edir. Özünü ətraf mühitdən, səs-küydən qoruyan insanlar daha çox qulaqcıqdan istifadə etməyə üstünlük verir. Bu da insanların psixoloji durumu ilə əlaqəlidir. “Çox zaman qulağında qulaqcıq olan piyada ətraf mühitlə tamamilə qopmuş vəziyyətdə olur. Bu zaman belə piyadaların qəzaya səbəb olma riski daha yüksək olur”.

Əhməd Mansurov hesab edir ki, insanlara piyada mədəniyyəti orta məktəbdən öyrədilməlidir. Hər bir uşağa ayrılıqda yol keçərkən qulaqcıqdan istifadə etməmək, yolu ancaq piyada keçidindən keçmək, işıqforun işılarına diqqət yetirmək öyrədilməlidir.

Lor həkim Vüqar İsmayılovun sözlərinə görə, yüksək səslə musiqi dinləmək zamanla qulaq hüceyrələrini öldürür. Qulaqlı səs gücünü birbaşa qulaq pərdəsinə, ordan isə daxili qulağa və qulaq sinirinə istiqamətləndirir. Bu zaman qulaq hüceyrələri məhv olmağa başlayır. Yüksək musiqi səsi ilə məhv olmuş qulaq hüceyrələri sonradan heç bir mülicə üsulu ilə əvvəlki vəziyyətinə qayıtmır: “Uzun müddət yüksək səslə musiqi dinləmək qulaqda qalıcı cingildəmə və uğultu meydana gətirir. Sonradan bu problemi aradan qaldırmaq mümkün olmur”.

İradə CƏLİL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir