1435503889_zenfira

“Qurbanların reabilitasiya və reinteqrasiyası çox çətin başa gəlir” – PSİXOLOQ

Baxış sayı: 2. 511

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi Beynəlxalq Miqrasiya Təskilatının dəstəyi ilə insan alverinin real və potensial qurbanları üçün hüquqi xidmətlər göstərir, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı il “İnsan alverinin potensial qurbanlarının maarifləndirilməsi və onlara  sosial xidmətlərin təşkili, insan alverinin qurbanlarının sosial reablitasıyasına yardım göstərilməsi” layihəsi çərçivəsində bir sıra tədbirlər həyata keçirir.

İnsan alveri qurbanlarına psixoloji dəstəyin göstərilməsi də bu layihənin mühüm fəaliyyət istiqamətlərindəndir.
Birliyin rəhbəri Zenfira Mustafayeva ilə həm layihə barədə, həm də insan alveri qurbanları ilə iş təcrübəsi barədə söhbət etmişik:

 

– Təşkilatınıza müraciət edənlər arasında insan alveri qurbanları və ya potensial qurbanlar olurmu?

– Bəli, təşkilatımıza muraciət edənlər arasında insan alveri qurbanları olur. Onlar mütləq Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə yönəldilir. Artıq burda cinayət əməli olduğu üçün araşdırma aparılır və qurban nazirliyin sığınacağına yerləşdirilir. Müraciət edənlərin əksəriyyəti potensial qurbanlardır. Yəni qurban olma riskli insanladır. QHT olaraq bizim əsas məqsədimiz risk qrupuna daxil olan insanları qurban olmaqdan qorumaqdır. Bunun üçün də onlara müxtəlif yardımlar və xidmətlər göstərilir. Bura sosial, psixoloji və hüquqi yardımlar daxildir.

– Yəqin əksəriyyət müraciət edərkən tərəddüd edir.

– Qurbanlarla işləyəndə mütləq konfedensialliq qorunmalıdır, şəxsiyyətin alçaldılmaması, onun ətrafdakıların təzyiq və təhqirlərindən qorunması olduqca vacibdir. Bəli, əsasən qadınlar tərəddüd edir, müraciət etmək istəmirlər. Ailələrindən, ərlərindən və ya başqa kimdənsə qorxurlar, yaxud da cəmiyyətin təzyiqindən, qınağından ehtiyat edirlər. Odur ki, bu, olduqca həssas məsələdir və iş prosesimizdə bu həssaslığı maksimal dərəcədə qiymətləndirir, nəzərə alırıq.

– Onları qayğılandıran, narahat edən daha çox nələrdir?

– Qurbanlar əksərən, dediyim kimi, cəmiyyətin, yaxınların onları qəbul etməməsi, gələcəklərinə inamsızlıq, hər şeyin yenidən təkrar oluna biləcəyindən keçirdikləri qorxu hissindən əziyyət çəkirlər. Qurbanları cəmiyyətdə birmənalı qəbul etmirlər. Onları çox vaxt fahişə, əxlaqsız kimi qələmə verirlər. Yaşadıqları dəhşətlər onları daima xəyali olaraq izləyir. Qurbanların reabilitasiya və reinteqrasiyası çox çətin başa gəlir. Çox vacibdir ki, cəmiyyət və doğmalar onları qəbul edə bilsin və onlara dəstək olsunlar.

Potensial qurbanların  problemləri aydınlaşdırılır və təşkilatın komandası bu problemlərin həllinə çalışır. İlk növbədə sosial işçilər problemlərin həlli yollarını axtarırlar. Sonradan qurban öz istəyi ilə psixoloji yardımlar alır. Əgər hüquqi problemlər varsa, hüquşünasa yönəldilir. Ümumiyyətlə, reabilitasiya prosesi kompleks şəkildə aparılmalıdır. Onların işlə təmin olunması, sosial vəziyyətinin yaxşılaşdırılması və s. icra orqanlarının köməyi ilə həll olunur.

– Müraciət edənlərin sayı necə, hansı istiqamətdə dəyişir? Onlara kifayət qədər kömək etmək, tutaq ki, ehtiyacı olanları sığınacaqlarda yerləşdirmək mümkün olurmu?

– İnsan alveri qurbanları üçün sığınacaqların sayı çox azdır. Bir sığınacaq Daxili İşlər Nazirliyinin nəzdindədir, QHT-lərin nəzdində isə iki sığınacaq var. İnsanlar üçün yardım mərkəzləri və sığınacaqlar əlçatan olmalıdır ki, müraciət etmək asan olsun. Xarici dövlətlərdə sığınacaqlar QHT-lərin nəzdində olur və maliyyələşmə dövlət tərəfindən aparılır. Potensial qurbanlara aid olan məişət zorakılıqlarının sayı artdığından təşkilata müraciət edənlərin sayı günü-gündən artmaqdadır. Şəhərimizdə də belə sığınacağa ehtiyac var. Çünki  apelyasiya məhkəməsinin yurisdiksiyasinda olan 12 rayonun sakinləri də bizim təşkilata yardımlar üçün müraciət edirlər. İstərdik ki, müvafiq qurumlar bu işdə bizə yardımçı olsun.

– Apardığınız işlər hansı nəticələr verir? Xilas etdiyiniz potensial qurbanlar olurmu?

– Qurbanlara vaxtında və zamanında bütün yardımlar göstərildikdə normal həyata qayıdırlar. Sənədlərinin bərpasına, işlə təmin olunmasına, müvəqqəti yaşayış yeri və s. ilə təminatına yardımçı oluruq. Beləliklə, onlar normal yaşayış tərzinə qayıdırlar. Ümumilikdə, unutmaq olmaz ki, hər birimiz potensial qurbanlara yardım gostərməklə onların qurban olma ehtimalını azaldırıq. Əks təqdirdə, qurbanların sayı ölkədə dəfələrlə çox olardı.

 

– Anonimliyi qorumaqla konkret misallar verə bilərsinizmi?

– Keçən il 31 yaşlı bir xanım, işləmək adi ilə qonşu ölkəyə bir xanım tərəfindən aldadılaraq, aparılmış və orada tamam başqa insanlara satılmışdı. Sənədləri də əlindən alınmışdı. Bir nəfərin köməkliyi ilə qaçıb gəlmişdi. Bizə hüquqi xidmət üçün  muraciət etmişdi. Lazımi orqanlara bu haqda müraciət etdikdən sonra onun reabilitasiya və reinteqrasiyasi ilə məşğul olduq.

Ümumiyyətlə, insan alverinə məruz qalmış insanları üzə çıxarmaq, normal həyata qaytarmaq çətin və ağrılı bir prosesdir.

 

Söhbətləşdi: Vüsal Məmmədov

_____________________________

Bu yazı ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi tərəfindən icra edilən “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – IV Faza” proqramı çərçivəsində “Xeberle.com” saytı və “168 saat” qəzeti Konsorsiumunun həyata keçirdiyi “Sumqayıt şəhəri və yaxın regionlarda insan alverinə qarşı mübarizə sahəsində ictimai dəstəyin gücləndirilməsinə yönəlmiş tədbirlər” layihəsi çərçivəsində dərc olunur. “Gencaile.az” saytı layihə çərçivəsində hazırlanmış materialların daha geniş auditoriyaya çatdırılmasına dəstək verir. Bu gündən başlayaraq 2 həftə ərzində mövzu ilə bağlı araşadırma yazıları təqdim edəcəyik.

Məqalələrdə ifadə edilmiş fikirlər müəlliflərə məxsusdur və ABŞ Dövlət Departamenti və BMqT-nin mövqeyini əks etdirmir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir