qoyun

Qurbanlığı kimlər və necə kəsməlidir?

Baxış sayı: 1. 336

İslam aləmində ən müqəddəs bayramlardan biri Qurban bayramıdır. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir.

Qurbanın bir hissəsi kasıblara paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bayram günündə mərasimlərə dəvət olunurlar.

Qeyd edək ki, dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə onların Allaha imanını yoxlamaq üçün oğlu İsmayılı qurban verməyi əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Quranda yazılıb. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər.
Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur.

İlahiyyatçı Ağa Hacıbəyli bildirir ki, Qurban bayramı ilə bağlı camaat ən çox hər il bu bayram gələn ərəfədə maarifləndirilir: “Bizim vəzifəmiz bir müsəlman kimi kəsdiyimiz qurbanın, etdiyimiz ibadətin doğru-düzgün yerinə yetirilməsinin şərt və qaydalarını öyrənmək və ona riayət etməkdir”,- deyən müsahibimizin sözlərinə görə, Qurban bayramında ən önəmli şərt ondan ibarətdir ki, qurbanlıq heyvanı müsəlman kəsməlidir: “Yəni qurban kəsən insanın şüurunda Allaha yaxın olması hissi olmalıdır və bunun bir ibadət olduğunun fərqinə varmalıdır. Əgər insan qurban kəsəndə onu qəssab kimi kəsirsə, bu sadəcə heyvan kəsməyə bənzəyər. Amma İslamdakı qurban Həzrəti İsmayılı anaraq kəsiləcək qurban bu ibadət şüurunda yerinə yetirilir. Ona görə də ibadət şüurunda yerinə yetirilməsinin mənası odur ki, bu ət satışa getməməlidir. Ət bayram günündə pulsuz, qarşılıqsız paylanılmalıdır”.

Ağa Hacıbəylinin sözlərinə görə, bizdə insanlar qurbanları vaxtları olanda kəsirlər: “Qurbanların kəsilməsi bayram namazından sonraya salınmalıdır. Çünki bayram namazından qabaq kəsilən heyvan olur, bayram namazından sonra kəsilən isə qurban olur. Bu, mühümdür”.

Hacıbəyli qeyd edir ki, qurbanı insan kasıblara paylamaq üçün kəsməli və kəsdiyi qurbanı mütləq 3 əsas parçaya bölməlidir: “Bir hissəsi ev əhlinə saxlanılır, bir hissəsi qonşulara, qohumlara verilir, 3-cü hissəsi də fəqir-füqaralara paylanılır. Hədəf odur ki, əgər bir toplumda ətə ehtiyac çoxdursa, onda xırdabuynuzlu heyvan yox, iribuynuzlu heyvan üstün tutulur. Və insanların ehtiyacının ödənilməsi ilə bağlı ehtiyac olarsa, böyük heyvan kəsilir və paylanılır. Böyük heyvanların kəsilməsinə gəlincə, yeddi müsəlman bir araya gəlir və pullarını toplayaraq iribuynuzlu heyvan alır və onu paylayır”.

İlahiyyatçı qurban kəsimində heyvanın yaşının da rol oynadığını bildirib: “Xırdabuynuzlu heyvana gəlincə, keçi, qoyunun bir yaşı olmalıdır. İribuynuzlu heyvanlarda isə iki yaş nəzərdə tutulub. Heyvan olsa belə, şəriət ona yaşamaq haqqı tanıyır. Kiçik heyvanı bir ev əhli kəsib paylaya bilər. Zəngin insanlar bir qurban yox, ikisini, üçünü, dördünü, beşini kəsə bilər. Yəni, nə qədər imkanı çoxdursa, bu əziz gündə özəlliklə fəqir-füqaranın süfrəsini boş qoymamaqdan dolayı daha çox kəsib paylaya bilər”.

A.Hacıbəylinin dediyinə görə, Qurani Kərimdə buyurulur ki, kəsdiyiniz heyvanların əti, qanı Allaha çatmaz: “Allaha çatan bizim qəlbimizdə olan sevgi, təmiz niyyətimiz, təqvamız, ixlasımızdır”.

İlahiyyatçı onu bildirdi ki, şəriətdə qurbanlıq ətin yeddi nəfərə paylanılması kimi ölçü yoxdur: “Bu, bizim milli adətlərimizdədir ki, qurban kəsiləndə yeddi nəfərə paylanılmalıdır. Bir heyvan yeddi yerə bölünəndə yerdə heç nə qalmır. Hədəf odur ki, bir insan qonşuları ilə təmas qursun. Bayram vaxtında zəngin adamın zəngin adama qurban payı verməsinin mənası yoxdur. Önəmli odur ki, fəqir adam seçilsin və onun qapısı döyülsün, fəqir insanlar şadlansın. “Yeddi nəfərə paylanılsın” deyimi bizim milli adətlərimizdədir, şəriətdə deyil. Ola bilsin ki, qurban kəsənin ətrafında 4-5 fəqir adam var və qurban payını həmin adamlara verə bilər. Ola bilsin ki, kiminsə ətrafında fəqir adam daha çoxdur. Onları nəzərə alıb, onların payını verməlidir. Şəriətdə verilən qurban payının çəkisi də ölçülməyib. Əgər böyük dana kəsmisinizsə, pay da çox olacaq. Kiçik bir heyvan kəsmisinizsə, təbii ki, pay az düşür. 5-6 nəfər arasında bölürsünüzsə, hərəyə iki kiloqram, 10 nəfər arasında bölürsüzsə, hərəyə bir kilo, 20 adam üçün bölürsünüzsə, yarım kilo düşəcək”.

Qeyd edək ki, Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

 

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir