nikah haqqinda sehadetname

Rəsmi nikahdan boyun qaçırmağın səbəbləri və fəsadları

Baxış sayı: 1. 828
Ötən il Azərbaycanda nikahdankənar 30 min uşaq doğulub. Azərbaycanda ötən il 6146 boşanma halı övladı olmayanların payına düşüb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il boşananlardan 3399-nun bir, 3569-nun isə iki və daha çox övladı olub. Boşanma nəticəsində valideynlərindən biri ilə qalan uşaqların sayı 11295 olub. Hər 100 boşanmaya düşən uşaqların sayı 162 nəfərdir. Bu rəqəmlər artıq ciddi narahatlıq doğurur. Bəs görəsən niyə nikahdankənar doğulan uşaqların sayı getdikcə artır? Niyə ailə quran gənclərimiz nikah bağlamağa meylli deyillər? Burada ən çox kimin məsuliyyətsizliyi var? Tərəflərin özününmü, valideynlərininmi, yoxsa aidiyyəti qurumlarınmı? Problemi necə həll etmək olar? Ümumiyyətlə, təkcə maarifləndirmə işi kifayətdirmi, yoxsa başqa tədbirlər də görülməlidirmi?
 
Əsas ağırlıq qadının üzərində qalır
 
Qadın və gənc ailələrin sosial inkişafı ictimai birliyinin sədri, Milli QHT Forumu Gender mərkəzinin rəhbəri Tünzalə Cavadova deyir ki, burada müxtəlif səbəblər rol oynaya bilər: “Son dövrlərdə nikahsız ailələrin sayında artım müşahidə olunur və bu ailələr heç bir normativlərə uyğun gəlmir. Nikahdankənar dünyaya gələn uşaqların valideynləri adətən vətəndaş nikahı ilə kifayətlənirlər. Statistik rəqəmlərə baxsaq, 2014-cü ildə bu rəqəm ən yüksək həddə idi. Amma 2017-ci ildəki statistik rəqəmlər rekord həddir. İlk növbədə bunun əsas səbəbləri araşdırılmalıdır. Səbəblərdən biri kimi çoxlu sayda azərbaycanlının Rusiya qeydiyyatında olması məsələsidir. Bəzən ata orda rəsmi nikahda olduğu üçün azərbaycanlı qadınla ailə qurduqda burda rəsmi nikah bağlaya bilmir. Nəticədə, uşaq dünyaya gəldikdən sonra öz atasının soyadını daşımır. Bəzən qadın nikah yaşına çatmamış, erkən yaşda ailə qurur. Nikah yaşına çatdıqda isə rəsmi nikah qurmaq istəmir. Elə olur ki, ata qeyri-rəsmi nikahdan doğulan uşaqlarına öz soyadını vermək istəmir. Atanın öz uşağına soyadını verməməsi çox vaxt həm də alimentlə bağlı olur. Hətta, məhkəmə vasitəsilə öz uşağından imtina edənlər də olur. Çünki gələcəkdə varislik məsələsi ortaya çıxır. Azərbaycanda vətəndaş nikahı ilə yaşayan çox adam var. Bir çoxları hətta rəsmi nikahı gərək hesab etmirlər. Onlar üçün önəmli olan vətəndaş nikahıdır ki, bu da insanların psixologiyası ilə bağlıdır. Bu istiqamətdə maarifləndirmə işləri aparılsa da, statistik rəqəmlər bu sahədə vəziyyətin yaxşı olmadığından xəbər verir. Yaxud nikah yaşı çatmayan qızlar zorla ərə verilir və onlar rəsmi nikaha girə bilmir. Uşaq dünyaya gəldikdən sonra isə problemlər yaranmağa başlayır. Biz regionlarda maarifləndirmə işi apardıqda görürük ki, 7-8-ci siniflərdə oxuyan uşaqların doğum haqqında şəhadətnamələri yoxdur. Belə olan təqdirdə, əsas ağırlıq qadının üzərində qalır. Ana öz uşağının bütün maddi və mənəvi təminatını təkbaşına görə bilmir, həm uşaq, həm də ana çətin vəziyyətdə qalır. Bu gün biz nə qədər Avropaya inteqrasiya etsək də, cəmiyyətdə belə məsələlərə ciddi həssaslıqla yanaşırlar. Çünki bizdə nikahdankənar uşaq birmənalı qəbul olunmur. Ona görə də bu məsələ üzərində ciddi əsaslarla işləmək lazımdır”.
 
Ən böyük səhv də burdan başlanır
 
Sosioloq Lalə Mehralı deyir ki, bu məsələ çox ciddi ictimai-sosial yükü olan problemdir: “Əslində qadağa və cəza sistemi bu məsələdə bir işə yaramır, çünki Azərbaycan sivil ölkədir və yetkinlik yaşına çatan hər bir vətəndaşının seçiminə hörmətlə yanaşmaq məcburiyyətindədir. Amma bu seçimlə gələcəkdə doğulacaq uşaqların sosial həyatı, statusu ləkələnəcəksə, deməli, müzakirə edilməli və həlli vacib olan böyük bir problem var. Bizim cəmiyyətdə ailə qurmaq, evlənmək deyəndə toy edib nümayişkaranə gəlin getmək, gəlin gətirmək başa düşülür. Əgər 500 nəfərin önündə toy etdinsə, rəsmi nikaha ehtiyac duyulmur, gənclər qanuni ailə sayılır. Ən böyük səhv də burdan başlanır. Gənclər toy edir, bir evdə vətəndaş nikahında yaşamağa başlayır, övladları dünyaya gəlir. Uşaq pulu almaq üçün sənədə ehtiyac olanda, ya da uşaq məktəbə gedəndə rəsmi nikah yada düşür. Bu vaxtadək ailədə doğulan uşaqlar qeyri-rəsmi yolla, vətəndaş nikahından doğulmuş hesab edilir. Araşdırsaq, görərik ki, rəsmi nikahı olmayan ailələrdə ya hər iki tərəf, ya da qadın yetkinlik yaşına çatmamış evləndirilib. Azərbaycan qanunlarına görə 18 yaş nikah yaşı hesab edilir, bəzi bölgələrimizdə 13-15 yaşda belə qızlar evləndirilir. Bu halda rəsmi nikah üçün müraciət edə bilməzlər, qanunla cinayət məsuliyyəti daşıdıqlarını bilirlər. Dini nikahla məsələni bitmiş hesab edirlər”.
 
Sosioloq deyir ki, narahatedici məsələlərdən biri də ailələrin və gənclərin dini nikahı rəsmi nikahdan daha üstün hesab etməsi məsələsidir: “Problem ondadır ki, ailə böyükləri toydan öncə gəncləri dini nikaha girməyə məcbur etsələr də, rəsmi nikah haqda düşünmürlər. Azərbaycan dünyəvi dövlətdir və ailənin dövlət tərəfindən qanuni tanınması üçün rəsmi nikah şərtdir. Əks halda dövlət o ailəni tanımır, orda doğulan uşaqlara görə hər hansı maddi öhdəlik daşımır. Uşaqlar üçün verilən müavinət də bu səbəbdən rəsmi nikahı olan ailələr üçün nəzərdə tutulub. Fikrimcə, ailələrin, xüsusilə gənclərin diqqətini sosial çarxlar, maarifləndirici video-roliklər, habelə sosial şəbəkələrdə təbliğatla rəsmi nikahın vacibliyinə yönəltmək mümkündür. Bundan başqa, ana olmağa hazırlaşan hər bir qadına qeydiyyatda olduğu qadın məsləhətxanasında rəsmi nikahın vacibliyindən danışılmalı, körpə doğulmazdan əvvəl bu işi reallaşdırmağa təşviq edilməli, uşağın doğumundan sonra rəsmi nikahı olmayan ailələri gözləyən çətinliklərdən bəhs edilməlidir. Niyə ata yeni doğulmuş uşağına öz soyadını vermək üçün doğum evində ərizə yazıb körpənin atası olduğunu sübut etməyə ehtiyac duymalıdır? Axı cəmi 5 manat rəsmi dövlət rüsumu və 5 dəqiqəlik bir müddətdə ailəni rəsmi nikahla təmin etmək mümkündür. Rəsmi nikah olmayanda, nikah üçün tələb olunan tibbi müayinədən keçmirlər ki, bu da gələcəkdə ailədə problemli uşaqların doğula biləcəyi ehtimalına yol açır. Əgər rəsmi nikah üçün tibbi arayış aldıqdan sonra müxtəlif cür xəstəlik daşıyıcısı olduğunu bilən cütlüklərin evlənməkdən imtina etdiyi barədə rəqəmləri də nəzərə alsaq, bunun vacibliyini də anlamış olarıq. Axı bəzi xəstəliklər bu yolla daha geniş yayılma imkanı tapır”.
 
 
Ailə dəyərləri təşviq olunmalıdır
 
Psxioloq Elnur Rüstəmov deyir ki, bu problem bizdən qabaq Qərb ölkələrində də olub: “Nikaha gec daxil olmaq, yaxud təkcə vətəndaş nikahı ilə ailə qurmaq Azərbaycana bir gün ərzində gəlməyib. Uzun illər ərzində qərb dəyərlərinin Azərbaycana yeridilməsi sonda bu nəticəyə gətirib çıxardı. Nikahdankənar doğulan uşaqların sayının artması yeni dönəmin gətirdiyi fəsadlardan biridir. Xanımlar fikirləşir ki, əgər mən işləyir və təminatımı ödəyirəmsə, ailə qurmağa dəyməz. İndi bu düşüncədən yola çıxanlar çoxdur. Uşaqların çoxu da atasız, dayə tərbiyəsi altında böyüyür. Bütün bunlar informasiya dövrünün gətirmiş olduğu yeni ailə dəyəri formasıdır. Lakin mən bütün hallarda, bu məsələnin bir müddət sonra tənzimlənəcəyini düşünürəm. Çünki bu məsələ uşaqlarda müəyyən zədələr yaradır. Yeniyetməlik dövründə uşaqlar anasından atanı soruşur. Ana atanın öldüyünü, yaxud onları tərk etdiyini deyə bilər. Amma atanın yoxluğu uşaqlarda natamamlıq kompleksi formalaşdırı. Uşaqlar psixoloji travma alır və psixoloji təzyiq altında böyüyür. Ona görə də bu istiqamətdə çalışmaq lazımdır. Ailə dəyərləri təşviq olunmalıdır ki, belə neqativ hallar daha da geniş yayılmasın”. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir