yeni il

Rayonlar “Yeni il”ə hazır deyil? – Valideynlər şikayətlənir

Baxış sayı: 510

Yeni ilə sayılı günlər qalır. Bu bayramda ən çox sevinən uşaqlar olur. Amma şimal bölgəsinin uşaqları o qədər də sevincli deyillər. Buna səbəb həmin rayonlarda bayramla əlaqədar olaraq uşaqlar üçün tədbirlərin olmamasıdır. Bu barədə Şabran rayon sakini Xumar Məmmədova bizimlə söhbət zamanı öz narazılığını bildirdi. Onun sözlərinə görə, iki övladı var amma uşaqların heç biri bayramın gəlişinə görə çox da sevinə bilmirlər. Səbəb isə rayonlarda bayram şənliklərinin, teatr tamaşalarının olmamasıdır.

“Pandemiya onsuzda uşaqlarımızın psixologiyasına pis təsir etmişdi. Bu il uşaqlarımız ümid edirdilər ki, pandemiyadan sonra yeni ili fərqli qeyd edəcəklər. Rayonumuzda uşaqlar üçün yeni il şənliyi qeyd ediləcək. Təəssüflər olsun ki, onların bu arzusu bu il də ürəklərində qaldı. Həmişəki kimi bütün tədbirləri uşaqlarımız ya televiziyadan ya da youtube kanallarından izləməli olacaqlar”, – dedi Xumar xanım.

yeni il

Daha bir valideyn Quba rayon sakini Rəmayə Eldarova da məsələ ilə bağlı öz narazılğını dilə gətirib. Rəmayə xanım bildirib ki, bayramdan əvvəl məcbur qalıb nəvələrini Bakıya aparmalı olur. Bu da onlar üçün əlavə xərc deməkdir:

“Mənim nəvələrim də digər uşaqlar kimi bayramlara, şənliklərə, teatrlara getmək arzusundadılar. Təəssüflər olsun ki, bizim bölgəmizdə demək olar ki, bayram tamaşaları yox səviyyəsindədir. Buna görə də məcbur qalıb ailəmlə birgə nəvələrimi götürüb paytaxta aparmalı oluruq. Açığını deyim ki, bu bizə çox baha başa gəlir. Çünki avtobuslar, taksilər gediş haqqını qaldırıblar. Uşaqlar azyaşlı olduğundan ailəvi getmək məcburiyyətində qalırıq. Bu da bizə bir ailənin bir aylıq maaşına başa gəlmiş olur. Yeni il şənliklərinin rayonumuzda olmasa da bölgəmizdə olmasına razıyıq. Təki təşkil etsinlər uşaqlarımız da sevinsinlər”.

Siyəzən sakini Zamiq Abdullayev də sözügedən problemdən şikayət edənlər sırasındadır:

“Hər bir rayonda mədəniyyət mərkəzləri, teatrlar, mədəniyyət evləri var. Amma demək olar ki, heç biri tədbir hazırlamır. Biz demirik ki, havayı olsun. Pulumuzu verək qarşılığında uşaqlarımızın da üzü gülsün. Əslində, bayramlarla bağlı tədbirlər adətən 3-5 günlük olur. Bunu da etmirlərsə, nəyə lazımdır bu idarələr? Hamı kimi bizlərdə istəyirik ki, bayramlarda uşaqlarımız sevinsin. Kimsə övladlarını paytaxt Bakıya aparır. Axı hamıda bu imkan yoxdur. Dünən Bakıdan qonaqlarımız gəlmişdi. Onların uşaqları sirkə, kukla teatrına, teatr tamaşalarına getməklərindən danışdıqca bizim uşaqlar ağızlarını açıb qulaq asırdılar. Bu mənzərə mənə bir valideyn kimi çox pis təsir etdi. Mədəniyyət Nazirliyinə, yerli orqanlara üzümüzü tutub xahiş edirik ki, gələn Novruz bayramına qədər bu problemi həll etsinlər”.

yeni il

Məsələ ilə bağlı Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Fərid Musayevlə əlaqə saxladıq.

Musayev bildirdi ki, Xaçmazda dekabr ayının 25-dən 30-dək uşaq tamaşaları göstəriləcək.

“Dekabrın 25-dən ayın sonuna qədər Xaçmaz Rayon Mədəniyyət mərkəzində uşaq tamaşaları göstəriləcək. Ayın 27-də isə tamaşa şəhid və qazi ailələri üçün təmənnasız olacaq. Başqa rayonlar üçün də gələcək bayramlar üçün də tədbirlərin təşkili düşünülür”.

 

Leyla Abdullayeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir