ramazan

Restoranların bahalı iftar menyusu

Baxış sayı: 530

Ramazan ayı gələndən paytaxtda bir sıra restoranlar menyuların qiymətini bahalaşdırıb. Bakıda restoranlarda bir nəfər üçün 85 manata iftar menyuları təqdim olunur. Ramazan ayının fəlsəfəsi paylaşmaq, kasıb insanları düşünmək, nəfsinə hakim olmaq, eləcə də mənəvi kamilləşmək olsa da, iftar menyularının qiymətindən görünür ki, restoran biznesi ilə məşğul olanların çoxu bu mübarək ayda da öz nəfsinə hakim ola bilməyib. Pul qazanmaq hərisliyi restoranıların bahalı iftar menyularında açıq-aşkar görünür.

 

85 manatlıq iftar menyusu

Dənizin kənarında yerləşən “Günaydın” restoranında 85 manata iftar menyusu təklif olunur. 85 manatlıq menyuya şorba, xurma, zeytun, bal, ət füme, pendir çeşidləri, çiy köftə, çoban salatı, haydarı, badımcan salatı, isti qəlyanaltılar, plovüstü dönər, qarışıq izqara, quzu qabırğası, pirzola, desertlər, içkilər daxildir.

Restorandan menyunun baha olmasının səbəbini isə belə izah etdilər: “Restoranımız hər zaman olduğu kimi, Ramazan ayında da maddi imkanı olmayan ailələrə Ramazan paketləri təşkil edir, rəsmi olaraq fondlar tərəfindən bildirilən ailələri məkanımızda ən gözəl şəkildə qonaq edirik. Menyu qiymətlərimiz həm “Günaydın” restoranlarının məşhur və yüksək keyfiyyətli bir şəbəkə olmasına, həm də istifadə etdiyimiz məhsulların təmiz seçilməsinə istinadən təyin edilir. Bizim hazırladığımız ətlərin hamısı istisnasız xaricdən gəlir və premium keyfiyyət ətlərdir. Biz də, təbii ki, onları pulsuz əldə etmirik. Böyük təcrübəyə sahib personal, hər incə detalı düşünülmüş interyer, şəhərin mərkəzində mükəmməl bir lokasiya da pulsuz başa gəlmir. Bu məsələdə bizi anlayışla qarşılamanızı və istəyinizə görə başqa məkanları tərcih etmənizi xahiş edirik”.

“Manzara” restoranında isə bir nəfər üçün iftar menyusu 45 manatdır. Buraya isti şorbalar, qoyuq qəlyanaltılar və salatlar, isti qəlyanaltılar, quzu kababı, düyü ilə toyu filesi qrili, farel balığı, kabak tatlısı, içkilər daxildir.

“Özsüt” restoranında bir nəfər üçün iftar menyusunun qiyməti 29 manatdır. Müştəri buraya isti yeməklərdən, şorbalardan, salatdan, məzələrdən, meyvə şirələrindən hərəsindən birini seçə bilər.

“Mado” restoranında isə iftar menyusunun qiyməti nisbətən ucuzdur. Bir nəfər üçün iftar menyusunun qiyməti 16 manat 50 qəpikdən 17 manat 50 qəpiyədək dəyişir. Cümə günü iftar menyusunun qiyməti isə 19 manat 80 qəpikdir.

“Teleqüllə” restoranında adambaşına iftar menyusunun qiyməti 25 manatdır. Ancaq bu qiymətə restoranda birinci mərtəbədə iftar etmək olar. Yuxarı mərtəbədə iftar üçün mütləq depozit ödənilməlidir.

Əlaqə saxladığımız restoranlardan bu il iftar menyularının bahalaşmasının səbəbini ərzaq məhsullarının bahalaşması ilə əlaqədar olduğunu söylədilər.

 

Restoran sahibləri Ramazanda da nəfsinə hakim ola bilmir

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, iftar menyusu altında təqdim edilən menyular müştəriləri cəlb etmək məqsədi daşıyır. Onun sözlərinə görə, iftar menyusuna çoxsaylı yemək çeşidi əlavə etməklə restoranlar daha çox qazanc əldə etmək niyyəti güdürlər:

“İftar açan insan təbiidir ki, menyuya daxil olan yeməklərin hamısını yeyə bilməz. Burada restoran sahibinin məqsədi daha çox yemək satmaqla daha çox qazanmaqdır. Onsuz da restoranlarda qiymətlər aşağı deyil. Ən azından Ramazan ayında qiymətləri münasib etməklə savab qazana bilərlər. Müsəlman ölkələrinin əksəriyyəti bu ayda qiymətləri endirir. Azərbaycanda isə həm ərzaq məhsulları bahalaşır, həm də menyular. Restoranlar qiymət müəyyən etməkdə sərbəst olsalar da, Ramazan ayında bu əməllərindən çəkinməlidirlər”.

 

“Bu, həm də günahdır”

Qafqaz Müsəlmanları İdarəsinin qazisi, Əjdərbəy məscidinin axundu Hacı İlham Səlimov deyir ki, iftar süfrələri sadə tərzdə olmalıdır. Onun sözlərinə görə, gün ərzində yeməyən insan axşam mədəsini yükləyə bilməz.

Axund onu da bildirir ki, restoran sahiblərinin iftar menyularının qiymətində süni bahalıq yaratması günahdır:

“Bu ay maddi yox, mənəvi qazanc ayıdır. Bu ay insaf ayıdır, fürsət ayı yox! İnsafı əldən vermək olmaz. Ümumilikdə bu ay qənimət ayıdır. Bu ayın dəqiqələri qiymətlidir. Ramazan ayında insan çalışmalıdır ki, əməlləri ilə savab qazansın”.

İ.Səlimov onu da əlavə edir ki, Ramazan ayında oruc tutanlar maksimum spirtli içki verilən yerlərdə iftar açmaqdan çəkinməlidir:

“İftar açdığınız restoranda yaxşı olar ki, spirtli içki verilməsin. Amma Azərbaycanda restoranların əksəriyyətində spirtli içki verilir. Çalışmaq lazımdır ki, iftar süfrəsində içki olmasın”.

 

İftardan sonra çox yemək sağlamlığa ziyandır!

Azərbaycan Tibb Universitetinin Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, dosent İbrahim Əhmədov bildirir ki, 14 saat ac qalan insan mədəsini çox çeşidli yeməklərlə yükləyərsə, bu onun sağlamlığında ciddi problem yarada bilər:

“Bu zaman həmin şəxsin maddələr mübadiləsi gərginləşə bilər. Saatlarla ac qalan mədə yükə düşür. Pul qazanmaq üçün iftar menyusuna həddindən artıq sayda yemək əlavə etmək həmin restoranın daha çox pul qazanmaq niyyətindən xəbər verir”.

İ.Əhmədov qeyd edir ki, oruc tutan şəxslər həzmə rahat gedən yeməklərlə qidalanmalıdırlar:

“Orucu açarkən iki-üç yemək yemək kifayətdir. İftarda öncə duru yeməklə qidalanmaq məsləhətdir. Daha sonra digər əsas yemək yeyilə bilər. Hər yeməyin arasında müəyyən fasilə olmalıdır. Müəyyən müddətdən sonra meyvələr yeyilməlidir”.

Kafedra müdiri onu da bildirib ki, oruc açarkən mədəni həddindən artıq yükləyən insanlarda yuxu problemi də yarana bilər:

“Oruc tutan insanlar onsuz da az yatırlar. Onlar sübh tezdən durub oruc tuturlar. İftarda çox yemək yeyən insanın orqanizmi yükə düşdüyündən bu narahatlığa səbəb olur. Nəticədə yuxu pozulur. Yaxşı olardı ki, iftar zamanı faydalı yeməklərdən az-az yeyilsin”.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir