qrip

Rusiyadan ölkəmizə qrip virusunun keçmə təhlükəsi varmı?

Baxış sayı: 2. 036

Rusiyadan Azərbaycana qrip virusunun keçmə təhlükəsi var. Şimal qonşumuzun 3 regionunun hələ də kəskin qrip virusu təhlükəsi ilə üz-üzə qalması bu qənaətə gəlməyə əsas verir. Qeyd edək ki, Rusiyda qrip virusu sürətlə yayıldığından, ölkədə 15 məktəbdə dərslər dayandırılıb.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyevanın  bildirdiyinə görə, Rusiyadan Azərbaycana qrip virusunun keçmə təhlükəsi yoxdur: “Azərbaycanda qeydə alınan hadisələr kəskin respirator virus infeksiyalarıdır. Baxmayaraq ki, hər hansı ağırgedişli respirator virus infeksiyalı xəstələrdə, qripə bənzər xəstələrdə laborator müayinə üçün material götürülüb, hal-hazırda laborator müayinələr zamanı heç bir virus aşkar olunmayıb”,-deyən Əliyeva bildirir ki, mart ayının əvvəlindən bu günə qədər aparılmış müayinələrdə qrip virusları və ya digər viruslar aşkar edilməyib. Direktor müavininin dediyinə görə, vəziyyət tam sabitdir, nəzarətdədir və hətta kəskin respirator infeksiyaların sayı ilin əvvəlinə nisbətən 3 dəfə azalıb. “Bu məlumatlar Səhiyyə Nazirliyinə verilir, ciddi təhlil olunur və bu günə Azərbaycanda qrip qorxusu yoxdur”.

Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev Rusiyanın bəzi bölgələrində qripin yayılmasının Azərbaycana təsirinin mümkünlüyünü izah edərkən bildirib ki, hazırda Azərbaycanda qrip təhlükəsi yoxdur, vəziyyət normaldır. İ.Ağayev əlavə edib ki, Rusiyada qripin yayılmasının Azərbaycan üçün təhlükəsi yoxdur: “Azərbaycanda insanlar arasında qripə yoluxanlar ola bilər, ancaq bu, normal haldır, təhlükə demək deyil. Azərbaycan səhiyyə sistemi tərəfindən bütün qabaqlayıcı tədbirlər aparılır. Əgər ölkədə təhlükəli vəziyyət olsaydı, biz əvvəlcədən əhalini xəbərdar edərdik, qripdən qorumaq üçün lazımi tədbirlər aparardıq. Hazırda ölkədə belə bir təhlükə olmadığı üçün narahat olmağa əsas yoxdur”.

Tibb sahəsi üzrə ekspert, həkim-terapevt Hüseyn Mehdiyev isə hesab edir ki, Rusiyadan Azərbaycana qrip virsununun keçməsi mümkündür: “Bizim Rusiya ilə əlaqlərimiz genişdir. Başqa ölkələrlə müqayisədə Rusiya ilə daha çox gediş-gəliş var. Rusiyada epidemiya şəklində qrip yayılıbsa, sözsüz ki, virusun Azərbaycana keçmə təhlükəsi də həddindən artıq yüksəkdir”, – deyən həkim əməkdaşımıza bildirib.

Onun sözlərinə görə, Azərbaycanda qrip hələ epidemiya şəklini almasa da, geniş yayılıb. “Kimdən soruşsan, qrip olduğunu, hərarətinin qalxdığını deyir. Bunun Rusiya ilə əlaqəli olduğunu, ya başqa ölkələrdən gəldiyini, yoxsa öz ölkəmizdə yarandığını araşdırmalar nəticəsində öyrənmək olar”.

E.Mehdiyev qeyd edib ki, qrip xəstəliyinin profilaktikası çox vacib məsələlərdən biridir: “Adətən qrip xəstəliyi zamanı antibiotiklərdən çox istifadə edirlər, həkimlər də çox təyin edir. Amma antibiotikləri çox və yersiz qəti şəkildə qəbul etmək olmaz. Qrip zamanı antibiotik qəbul etmək bədənin müqavimətini aşağı salır və gələcəkdə xəstələnərkən daha da ağırlaşmalara səbəb olur. Sahə həkimləri buna ciddi nəzarət etməlidir. Eləcə də, xəstələrə başa salmalıdır ki, infeksiyaya yoluxmasına baxmayaraq, otaqların havası mütəmadi təmizlənməlidir”.

Qrip zamanı simptomatik müalicələr getməlidir. Hərarət çox qalxıbsa, hərarət salıcılardan istifadə etməlidir. Vitamin kompleksləri qəbul olunmalıdır. Qida vitaminlərlə zəngin olmalı, düzgün həyat rejiminə əməl olunmalıdır. Bədənin müqavimətini artırmaq üçün müəyyən immunomodulyatorlardan istifadə olunmalıdır. Müqavimət artdıqca xəstəliyin ağırlaşmasından qurtulmuş oluruq.

Həmsöhbətimiz bildirib ki, qrip virusu uşaqlarda bir az fərqli olur: “Çünki körpə uşaqlar qripə yoluxanda onların müalicəsi çətinliklə başa gəlir. Uşaqlarda qrip zamanı yarana biləcək ağırlaşmanın qarşısını almaq üçün (pnevmaniya və s) müəyyən qədər yüngül antibiotiklərdən istifadə etmək olar. Yenə də birinci növbədə profilaktik tədbirlər görülməlidir. Bir neçə nəfər artıq qripə yoluxubsa, uşaq onlardan təcrid olunmalıdır. Uşaq baxçalarında, məktəblərdə qrip yayılırsa, müəyyən müddət ərzində karantin olmalıdır. Xəstələri sağlamları yoluxdurmasınlar deyə müəyyən müddətə təcrid etmək lazımdır ki, xəstəlik geniş yayılmasın”.

Mehdiyev əlavə edib ki, qrip hava-damcı yolu ilə yayılır: “Ona görə də istər iş yerlərində, istər uşaq bağçalarında bir dəfə asqırmaqla və ya öskürməklə ətrafa virus yayılır, ətrafdakı insanlar yoluxur və bu da zəncirvari olaraq yayılır. Sözsüz ki, böyüklər qripə yoluxduqda işə getməsələr, sahə həkimini çağırıb müəyyən məsləhətlər alsalar və ya bülleten götürsələr, xəstəlik az yayılar. Amma çox vaxt insanlar qripə yoluxduqlarına əhəmiyyət vermir, qızdırma, öskürəklə yenə işə gedirlər. Uşaqları da qripə yoluxmuş halda bağçaya və ya məktəbə qəbul edirlər ki, bu da infeksiyanın geniş yayılmasına səbəb olur. İnsanların sıx olduqları yerlərdə yoluxmuş insan varsa, virus sürətlə yayılır. Epidemiya baş verə bilər. Mümkün qədər yoluxucu xəstəlikləri olanları insanların sıx olduqları yerlərdən təcrid etmək lazımdır. Qrip daha çox uşaq bağçaları, məktəblər və iş yerlərində yayılır”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir