31317771_10156356445602445_7811530812515418112_n

Şəhərlilər yaxşıdır, yoxsa kəndlilər?! – HƏKİM RƏŞAD SULTAN YAZIR

Baxış sayı: 7. 282

Əslində, şəhərlilər kəndlilərdən pisdi, amma, ümumiyyətlə, şəhər-kənd ayrımı etmək düzgün deyil. Əslində dinlərin hamısı yaxşıdı, amma ateistlər əbədi cəhənnəmdə yanacaq, insanlar hamısı eynidi, milliyyət önəmli deyil, amma türklər bütün millətlərdən üstündü, filan və s.

Lütfən, bir fəlsəfi söz deməmişdən əvvəl, ümumiyyətlə ağzımızdan bir cümlə çıxaranda, bir özümüzə sual verək – bu sözə mən özüm inanıram, yoxsa başqalarına xoş olsun, pafoslu səslənsin deyə deyirəm. Bir az səmimi olaq. Bir özümüzə sual verək – biz kəndli ilə şəhərlini müqayisə edirik, yoxsa bizcə fərqi yoxdu. Millətçiyik, yoxsa internasionalistik. Öz fikrimizə öncə özümüz hörmət edək. Tolerant olmaq, əlbəttə ki, yaxşı şeydi. Amma ondan da vacib olan doğruçuluq, səmimilik, başqalarını və hamısından da vacib, özünü  aldatmamaqdır.

Nəsimi filmində belə bir epizod var. Hürufi şagirdlərdən biri soruşur – ustad, dünyada ən pis şey nədir, Nəimi cavab verir – nadanlıq. Yəni bilməməzlik.

Əslində, biliyin sərhədi yoxdur. Bilməməzlik bilmədiyi şeyi bildiyini zənn etməkdir. Bilmədiyini bilirmiş kimi qələmə verməkdir. Bilgəlik isə, nəyi bilib nəyi bilmədiyini, yəni biliyinin sərhəddini bilməkdir.

Bu aralar hamı hər şeyi bilir.

“Mobil telefonlar xərçəng törədir.

–           Hardan bilirsən?

–           Şüadı daaa…

–           Axı onlar radioaktiv deyil

–           Yoo, baxma, ziyan olar”

 

–           “Genetikası dəyişmiş orqanizmlər millətimizin genofonduna ziyandı (sanki bu genofondla dağı dağ üstünə qoymuşuq).

–           Hardan bilirsən?

–           Genetikası dəyişib də, elə olar daa…

–           Axı genlər mədədə parçalanıb sonra bədənimizə sovrulur…

–           Yoo, baxma, ziyan olar..”

 

–           “Enerji içkiləri böyrəyə ziyandı

–           hardan bilirsən?

–           qonşumuz içdi, öldü

–           axı onu içəndən sonra maşın vurdu…”

Müasir dünyada istər elmdə, istər mediada mənbəyi göstərilməyən informasiyanın heç bir dəyəri yoxdur. Amma bu gün cəmiyyətimizdə “deyirlər ki” ilə başlayan hər bir cümləni çox qiymətli məlumat kimi harda istəsən yeridə bilirsən. Səhər tezdən şəhərdə bu başlıqla bir şaiyə buraxsan günortaya özünə gəlib çatar. Yetər ki, bu xəbər insanların inanmaq, eşitmək istədikləri bir məsələ olsun. Bir həkim kimi, hər gün pasientlərdə bunu görürəm. Onlar gerçəyi yox, eşitmək istədiklərini deyən həkimləri daha çox sevirlər. Bu deyilənlər onların zərərinə olsa belə.

Necə deyərlər, Şirin yalan.

Baxmayaraq ki, atalarımız güldürənin yox, ağladanın yanına getməyi məsləhət görüblər, dost acı söylər deyiblər.

Həmişə insan toplumlarında yalan və saxtakarlıqların çoxluğundan gileylənirik. Həmişə deyirik ki, hamı yalançıdır. Biz özümüz başqalarına heç yalan danışmırıq –  sualını qoymazdan əvvəl, soruşuram – biz özümüz özümüzlə, başqalarını demirəm, məhz özümüzlə həmişə səmimiyikmi?. Özümüzü aldatmırıq ki heç?

Bahalı mal alarkən, bahalıdırsa, yəqin yaxşı olar deyib özümüzü aldatmırıq ki? Pendir satandan “bu, yaxşı pendirdir?” deyə soruşarkən inanırıq ki, o bizə düz cavab verəcək? Çevrəmizdə ədalətsizliklərlə əlimizdən bir şey gəlmədiyi üçün barışarkən  görməzdən gəlmək özünü aldatmaq ola bilərmi, əcəba?

Mənə balıq vermə, balıq tutmağı öyrət deyiblər.

Öyrədənlərə ehtiyacımız var bu gün. Öyrənməyə ehtiyacımız var. Öyrədən bir sistemə ehtiyacımız var. Balığı verən bu gün var, sabah yoxdu. Öyrənsək, oxusaq, bilsək, həmişə balığımız olar.

Ən pis şey bilməzlikdir, bilmədən danışmaqdır, bilmədiyi halda bildiyini zənn etməkdir, bilmədiyini etiraf etməkdən qorxmaqdır, bilməyib özünü aldatmaqdır, dar düşünməkdir, bilmədiyi halda başqalarını mühakimə etməkdir, qınamaqdır.

Kəndliləri pisləyən birini qınayarkən şəhərliləri pisləmək nə qədər də gülüncdür. İnsanların bərabər doğulduğunu deyib, ateistlərin cəhənnəm odunda yanacağını iddia etmək, internasionalist birinin öz millətinin üstün olduğunu vurğulaması eyni xəstəyə həm qan durulaşdıran, həm də qanı laxtlalandıran dərman vurmaq kimi bir şeydir.

  1. İnformasiynın mənbəyini soruşaq, sorğulayaq, dəqiq bilmədiyimizi danışmayaq. Danışana da inanmayaq.
  2. Səmimi olaq, daha da önəmlisi, özümüzlə səmimi olaq. Özümüzü aldatmayaq.
  3. İnsana səhv etmək xasdır. Həm özümüzü həm də başqalarını bağışlaya bilək. Yetər ki, sözlərimiz və hərəkətlərimiz ziddiyyətli olmasın.
  4. At gözlüklərini çıxaraq, hadisələrə fərdi maraqlardan yox, geniş bucaqdan, sistemli baxaq.

Həmişə geniş görmə sahəsi arzusuyla…

Həkim Rəşad Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir