Seker

Şəkər xəstələri bunları mütləq bilməlidir

Baxış sayı: 2. 008

Şəkərli diabet bütün dünyada ən çox yayılmış xəstəliklərdən biridir. İldən ilə bu xəstəlikdən əziyyət çəkən insanların sayı artır.

Həkimlər tez-tez deyir ki, şəkərli diabet xəstəlik deyil, həyat tərzidir. Bu nə deməkdir? Məsələ burasındadır ki, şəkərli diabet xəstəsi qanda şəkərin səviyyəsini normada saxladıqda (bu işdə insana müəyyən müalicə, pəhriz, idman məşğələləri və s. kömək edir), adi sağlam insan kimi yaşaya bilər. Yəni şəkərli diabet bu insanın sağlamlığına heç bir ciddi ziyan vurmayacaq.

Əksinə isə insanın qanında şəkərin səviyyəsi daim normadan yüksək olduqda bu bir çox təhlükəli və geriyədönməz pozulmalara səbəb olur. Belə ki, bu qrup xəstələrdə infarkt və insult kimi ağır pozulmaların riski sağlam insanlarla müqayisədə bir neçə dəfə artmış olur. Bundan əlavə belə xəstələrdə korluq (“diabetik retinopatiya”), ayaq barmaqların və ayaqların amputasiyası, böyrək çatışmazlığı və s. kimi çox ciddi ağırlaşmalar mümkündür. Bu ağırlaşmalardan özünü xilas etmək üçün şəkərli diabet xəstəliyi olan insan qanda şəkərin səviyyəsini daim normada saxlamağa çalışmalıdır.

Bəzən bu xəstəliyə təzə tutulmuş və ya müəyyən “stajı” olan xəstələr öz xəstəliyi, onun müalicəsi haqqında yanlış fikirdə olurlar. Bu yanılmalar onlar üçün çox təhlükəli ola bilər.

 

1. Bir çox diabet xəstələri fikirləşir ki, bu xəstəliyi xalq təbabəti üsulları ilə müalicə etmək mümkündür. Bunun üçün onlar müxtəlif otlar, qidalar (məsələn, qarabaşaq sıyığı qatıqla) və s. istifadə edir. Lakin bu çox təhlükəli yoldur. Bəli, bəzi xalq təbabəti üsulları şəkərli diabet zamanı köməkçi vasitə kimi istifadə oluna bilər. Lakin bu vasitələr yalnız əsas müalicə ilə yanaşı olaraq və yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə oluna bilər. Heç bir xalq təbabəti üsulu xəstənin qanında şəkəri daim normada saxlaya bilməz. Bunu əksər hallarda yalnız xüsusi dərmanlar və pəhrizin köməyi ilə etmək mümkündür.

2. “İnsulin və şəkəri normaya salan həblər ziyanlıdır”. Bu da şəkərli diabet xəstələri arasında çox yayılmış və çox təhlükəli yanılmadır ki, xəstələr “ziyanlı” dərmanlardan qorxaraq onların dozasını özbaşına azaldırlar.

İnsulin bizim orqanizmimiz tərəfindən “istehsal olunan” hormondur. Bu səbəbdən xəstəyə lazım olan dozada təyin olunmuş insulin ziyanlı ola bilməz. Bu birmənalıdır. Müasir insulin preparatları ziyansızdır və onların heç bir yanaşı təsirləri yoxdur.

Həblərlə vəziyyət bir qədən çətindir. Həblər orqanizm üçün yad kimyəvi maddələrdir və onların bəzi yanaşı təsirləri mövcuddur. Lakin lazım olan dozada təyin olunmuş həblərin orqanizmə mənfi təsiri yüksək şəkərin təsiri ilə müqayisədə çox-çox cüzidir.

3. “Həkim məni insulinə keçirdib, deməli, mənin vəziyyətim çox ağırdır”. Şəkərli diabet xəstələrində elə vəziyyət yarana bilər, ki xəstə əvvəl həblər qəbul edirdi, daha sonra isə həkim ona insulin təyin edir. Bu narahatçılıq üçün səbəb deyil. Həkimin təyinatına ciddi əməl edin.

4. Bir çox xəstələr arasında belə bir fikir yayınmaqdadır ki, “əgər mən dərman içirəmsə, istədiyim qidalar qəbul edə bilərəm”. Bu çox səhv fikirdir. Diabet xəstəsi mütləq müəyyən pəhriz saxlamalıdır. Bu haqda müalicə həkimi xəstəyə geniş məlumat verir. Bu pəhriz zəruridir. Dəqiqliklə pəhriz saxlayan şəkərli diabet xəstəsinin qanında şəkər “oynamır” və bu onu xəstəliyin mümkün olan ağırlaşmalardan qoruyur. Bundan əlavə belə sözə baxan xəstəyə təyin olunan dərmanların dozaları pəhriz saxlamayan xəstə ilə müqayisədə daha aşağı olur. Yəni pəhriz saxlayan xəstə üçün qanda şəkərin səviyyəsini normada saxlamaq üçün daha az miqdarda dərman lazım olur.

5. İdman diabet xəstəsi üçün ziyanlı deyil, əksinə çox xeyirlidir. Hətta peşəkar idmançılar arasında şəkərli diabet xəstələri var.

Şəkər (qlyükoza) bizim əzələlərimiz üçün “yanacaq” funksiyasını yerinə yetirir. Nəticədə idman məşğələləri zamanı çoxlu miqdarda qlyükoza istifadə olunur. Belə məşğələlər müntəzəm olmalıdır. Təbii ki, belə məşğələlərə yalnız müalicə həkimi ilə məsləhətləşdikdən sonra başlamaq olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir